Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-08 12:47:00
Qrant müsabiqəsinin qalibi  - “2 saat xətdə qalıb söhbət etdik ki, uşaq qorxmasın”  

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələrinin keçirilməsində başlıca məqsəd, təhsil müəssisələrində sağlam rəqabəti və innovativ fəaliyyəti təmin etməkdir.

"Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtlərinin təsdiq edilməsi haqqında" Sərəncam Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 258 nömrəli qərarı ilə təsdiq edilib.

Bu il artıq üçüncü dəfədir ki, təşkil olunan müsabiqədə iştirak edən layihələr fəaliyyəti və icra planına görə qiymətləndirilirlər.

I qrant müsabiqəsinin qalib layihələrindən biri də “Güvən telefonu” layihəsidir.

Bu layihə Xızı rayonu Mikayıl Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbinə məxsusdur.

AzEdu.az məktəbin direktoru Svetlana Rüstəmovanın layihə barədə açıqlamasını təqdim edir:

 “Valideynlərinə deyə bilmədiklərini “Güvən telefonu”na danışırdılar”.

Svetlana Rüstəmova ilk olaraq,  layihənin məqsədindən söz açır. O qeyd edir ki, “Güvən telefonu” layihəsi uşaq və yeniyetmələrin psixoloji suallarına cavab tapmaq məqsədi ilə yazılıb:

“Nəticədə, uşaqlar valideynlərinə deyə bilmədiklərini “Güvən telefonu”na danışırdılar. Bu işdə onlara psixoloqlarımız kömək edir. “Güvən telefonu”-layihəsinin məqsədi uşaq, yeniyetmə və gənclərin problemlərini bilmək, problemli, psixoloji gərginlikli uşaq, yeniyetmə və gəncləri dinləmək, onlara vaxtında istiqamət vermək idi. Hədəfimiz psixoloji dəstəyin hamı üçün hər yerdə əl çatanlığının təmini, uşaqların,  gənclərin, yeniyetmələrin zərərli vərdişlərə meyl etməsinin qarşısını almaq idi. Onları sağlam mühitə yönəltmək, fəallığını artırmaq, nizamlı olaraq təhsilə meyillərini gücləndirmək də bu layihənin əsas məqsələrindəndir. Problemi olub bildirə bilməyən gəncləri dinləmək, onlara məsləhət vermək, verdikləri məlumatı gizli saxlamaq layihənin əsas şərtləri idi”.

“Məxfiliyin qorunması üçün zənglərin mövzusundan başqa məlumat qeyd etmirdik”.

Məktəb rəhbəri layihə haqda danışarkən layihənin icrası müddətində yaşanan maraqlı anları bizimlə bölüşür. Bildirir ki, layihə 2017-ci ilin 22 sentyabr- 22 dekabr tarixlərini əhatə edirdi:

“Açığını desəm, telefon mərkəzinə gələn müraciətlərin əksəriyyəti  yadımdan çıxıb. Məxfiliyin qorunması üçün zənglərin mövzusundan başqa məlumat qeyd etmirdik. Yalnız belə bir xatirə yadımdadır: valideynləri ad gününə getdiyi üçün evdə tək qalıb sıxılan bir uşaq “Güvən telefonu”na zəng vurmuşdu. Xətlərin uzun müddət məşğul edilməsinə icazə olmasa da, uşaq özünü yaxşı hiss edənə kimi 2 saat həmin uşaqla söhbət aparmışdıq.

Uşaq, yeniyetmə və gənclərin rahat müraciət etməsi üçün layihənin bütün ölkəni əhatə etməsini istərdik. Beləcə onların psixoloji vəziyyətlərini öyrənib onlara düzgün istiqamət göstərmək daha asan olar. Həmin uşaqları dinləyən, düzgün yol göstərən şəxslərin olması gələcəkdə yaşanacaq mənfi halların qarşısını alar. Biz layihəni davam etdirmək istəsək də təəssüf ki, müsabiqənin ikinci mərhələsində qəbul edilmədi”.

Rəna NƏBİ