Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-08 11:24:00
Dünyanın qeyri-adi məktəbləri – Burada siniflər yaşa görə komlektləşdirilmir  

Amerika orta təhsil müəssisələri arasında ən qeyri – adi orta məktəblərdən biri də əsasını məşhur biznesmen, ixtiraçı, investor Elon Muskun qoyduğu Ad Astradır.

Nəhəng kampusun içində, ayrıca binada yerləşən Ad Astra məktəbində foto çəkmək qadağan olduğuna görə, barəsində vizual informasiyalar çox kasaddır.

Divarları şüşədən olan siniflər

Məktəbə daxil olanda tavanın yüksəkliyi xüsusilə diqqət çəkir. Əsas məqam isə tikilinin dünyanın ən yaxşı məktəblərindən biri olmasına baxmayaraq xeyli sadə dizayn edilməsidir.

Məsələn, girişdə ənənəvi klassik dəhlizin əvəzinə, iki kreslonun yerləşdiyi kiçik, uzun gözləmə zalı mövcuddur. Zal onu sonadək izləyənləri geniş bir meydana çıxarır. Burada divarları şüşədən olan müxtəlif siniflər var. Ad Astra məktəbi texnologiya və təbiətin vəhdətini şagirdə ən yaxşı hiss etdirən orta təhsil müəssisəsidir. Məktəb Space X-in (Kosmik Kəşf Texnologiyalar Şirkəti)  içərisdində müstəqil bina kimi fəaliyyət göstərsə də, çox sadə və təbii təsir bağışlayır.Həyətində geniş bir bağça var. Şagirdlər açıq havada mütəmadi vaxt keçirirlər. Onlar istənilən ehtiyacları üçün icazə almadan sinifdən çıxa bilərlər.

Məktəbin direktoru hər gün dərs deyən müəllimdir. Məktəbdə şagirdləri tanımaq üçün bu, vacib şərt hesab edilir. Direktor həm də şagirdlər üçün strateji oyunları dizayn edir, onlara kompüter bilikləri öyrədir və üxtəliflayihələr üzərində çalışır.

Hər sinifdə müəllimlə birgə işləyən şagirdlər var. Dərsdə müəllim nəzərə çarpmır. İtaət xarakterli, mərkəzləşdirilmiş tədris yerinə, müzakirə yönümlü dərs əsas götürülür. Dərs izah edən müəllim olmasa da, şagirdlərin diqqəti yayınmır. Müəllimlər dərsin mövzusu,  sinfin yaş qrupuna uyğun texnikaları bilir və onlardan uğurla istifadə edirlər. Bu məktəbin şagirdləri texnologiyadan uzaq qalmırlar, amma texnologiyanı tədrisin əsas hissəsinə də çevirmirlər. Coğrafi rəngarənliyi ilə diqqət çəkən məktəbdə fərqli ölkələrdən şagirdlər təhsil alırlar.

Qeyri–adi qəbul qaydası

Ad Astra məktəbinə qəbul zamanı akademik göstərici klassik imtahan vasitəsilə ölçülmür. Qəbul prosesində şagirdin verilmiş problemi həll edə bilmə bacarıqları əsas götürülür.

Məktəbdə vaxtaşırıq şagirdlərin əl işləri sərgilənir. Amma bunlar dekordan daha çox öyrədici xarakter daşıyır və sinif otaqlarının dizaynında istifadə olunur.

Siniflər yaş qruplarına görə komlektləşdirilmir

Məktəbin direktoru Joshua Dahn  mediaya açıqlamasında bildirib ki, əsas məqsədləri özü kəşf edən, problem həll edə, ən çətin məqamda belə uğur qazana bilən insanlar yetişdirməkdir.

Onun sözlərinə görə, siniflər komplektləşdirilərkən şagirdlərin yaş qrupları deyil, zehni bacarıqları əsas götürülür:

“Çünki məktəbimizdə 12 yaşı olmasına baxmayaraq, 17 yaşlı şagird kimi düşünə bilən yeniyetmələr var. Məsələn, ən azyaşlı şagirdlərimizdən biri yuxarı siniflərin Kimya dərsində iştirak edir”.

Əcnəbi dil tədris olunmur, yalnız Latın dili keçirilir

Direktorun sözlərinə görə, məktəb birvaxtlar Space X-da işləyənlərin övladlarının ödənişsiz təhsil alması üçün nəzərdə tutulub. Hazırda isə burada təhsil ödənişlidir. Ödənişin miqdarı ailənin qazancından asılı olaraq, fərdi qaydada müəyyənləşir və illik 30 000 dollardan başlanır:

“Məktəbimizə dünyanın hər yerindən şagird qəbul edirik. Əcnəbi şagirdlərdən yolladığımız sualları onlayn cavablamalarını tələb edirik. Sualları şəxsən mən hazırlayıram. Uşaqların sualları nə dərəcədə yaradıcı və fərqli şəkildə cavablamalarına diqqət edirik. Təsəvvür eidn, cavablamaq üçün bəziləri reportaj hazırlayır, bəziləri film çəkirlər. Ardınca isə  çətin qərar verməyi tələb edən böyük layihələr üzərində iş başlayır. Nəticəyə görə şagirdin qəbuluna qərar veririk”.

Kaliforniyadakı özəl təhsil müəssisələri dövləti yazılı şəkildə məlumatlandırmaq şərtilə istədikləri hər şeyi etmək müstəqilliyinə sahibdirlər. Məsələn, Ad Astra məktəbində musiqi tədris olunmur. Bunun musiqinin lazımsız hesab edilməyi ilə əlaqəsi yoxdur. Əsas səbəb imkanların məhdud olmasıdır. Burada əcnəbi dil tədris olunmur, yalnız Latın dili keçirilir. Şagirdlərə ayrıca sənət dərsləri tədris olunur.

Həftədə 2 dəfə 3 saatlıq iclas keçirilir. Direktor iclasların formatını belə izah edir:

“İclasda məktəbin bütün problem və perspektivləri müzakirə olunur. Mən otağımda təkbaşına işləsəydim, burada çox gərgin ortam olardı. Buna görə də işçilərlə bir otaqda əyləşir, hər şeyi birlikdə edirik. Amma günün sonunda iclasdakı təklifləri dəyərləndirməli, qərarları mən verməli oluram”.

Ad Astrada şagirdlərin sərbəstliyinə xüsusi diqqət yetirilir. Burada məktəblilər öz şagird birliklərini yaradıblar. Hətta özlərinin müəyyən büdcəsi də var.  Bu, ildə 3-4 dəfə əl işlərini satmaq üçün təşkil edilən yarmarka vasitəsilə əldə olunur. İldə 3 dəfə məktəblə bağlı anket sorğu keçirilir. Rəhbərlik bu fikirləri dəyərləndirir, bəzilərini hətta tətbiq edir.

Cümə günləri məktəbə müxtəlif peşələrdə uğur qazanmış şəxslər dəvət olunur. Onlar  şagirdlərlə danışıqlar aparırlar:

“Məsələn, sonuncu dəfə Avengers filminin dizayneri məktəbimizə gəldi. O şagirdlərin suallarını cavabladı, onların işləri ilə tanış oldu. Amma heç bir şagirdi bu görüşdə iştirsak etməyə məcbur etmədik. Hər şey daxili istəkdən yaranmalıdır.

Məqsədimiz sadədir: ən güclü şagirdlərimiz Stanford Universitetində təhsil almaqdansa, öz işlərini qurmağa üstünlük verən insanlar olacaq. Onlar fərqli həyat yaşayacaqlar”.

Elon Muskun məktəbi dedikdə çoxlarının ağlına ətrafda robotarın dolaşdığı məktəb gəlsə də, bu təhsil müəssisəsinin əsas hədəfi problemi fəırqli həll edə bilən şagirdlər yetişdirməkdir.

Qeyd edək ki, AzEdu.az dünyanın ən fərqli orta təhsil müəssisələri barədə yazıları davam etdirəcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları