Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-27 14:19:00
“Orta məktəblərdə tədris olunan tarix kitablarında AXC açıq şəkildə ortaya qoyulmayıb” - İRAD

Şagirdlərin şəxsiyyət kimi formalaşması üçün onların tariximizi, ədəbiyyatımızı və ən əsası keçmişimizi bilməsi çox əhəmiyyətlidir. Azərbaycan Cümhuriyyəti isə, tariximizin ən şanlı dövrü hesab olunur.

Bu şanlı tarix - AXC dövrü orta məktəb tarix dərsliklərində tam əhatə olunubmu?

Təhsil üzrə ekspert Kamran Əsədov mövzu ilə bağlı AzEdu-az-a açıqlamasında deyib ki, Şərqdə ilk demokratik Cümhuriyyətin qurulması kimi mühüm əhəmiyyət kəsb edən tarixi hadisəni biz ancaq xronoloji ardıcıllıqla dərsliklərdə yazırıq. O, qeyd edib ki, orta məktəblərdə tədris olunan tarix dərslikləri qəbul imtahanlarına xidmət edir:

“Təəssüf ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” qanununda orta məktəb dərsliklərinin şəxsiyyət yetişdirməsi əsas məqsəd kimi qoyulsa da, bu istifadə olunan əsas resurslar ilə tam şəkildə təmin olunmayıb. Azərbaycan dünyanın ən qədim tarixə malik dövlətlərindən biridir. Bizim ərazimiz e.ə III minillikdən dövlətçilik ənənələrinə sahib olub. Amma biz tariximizlə qürur duymağa qorxuruq. Bu kimi hallar kifayət qədər var. Belə ki, Şərqdə ilk demokratik cümhuriyyətin qurulması kimi mühüm əhəmiyyət kəsb edən tarixi hadisəni biz ancaq xronoloji ardıcıllıqla dərsliklərdə yazırıq”.

Ekspert hesab edir ki, AXC dövrü orta məktəb dərsliklərində çox çətin, qarışıq, faktların yüklənməsi ilə yazılıb.

K.Əsədovun sözlərinə görə, bir paraqrafda 10 xronoloji hadisə, 15 şəxs adı, 5 dövlət adı və sair informasiya yükü ilə yüklənən dərslik şagirdlər tərəfindən müsbət qəbul edilmir:

“11 - ci sinif Azərbaycan Tarixi kitabında Azərbaycan Xalq Cümhuriyyətinə 7 paraqraf həsr olunsa da, bütün paraqraflar informasiya yükü ilə, faktla doludur. O dövrün gərgin şərtləri ilə belə bir dövləti quranlar haqqında, onların hansı çətinliklər hesabına bu Cümhuriyyəti yaratmaları barədə məlumat yoxdur. Bəli, 23 ay ərzində mövcud olan dövlətin əsas gördüyü işləri qeyd etmək lazımdır, amma bu qədər faktın olması vacib deyil”.

K.Əsədov qeyd edir ki, AXC-nin tarixi daha sadə dildə, daha oxunaqlı və şəxsiyyət yönümlü yazılsa, effektivliyi daha çox olardı. Ekspert əlavə edir ki, dərsliklərdə Cümhuriyyəti quranların taleyi, AXC dağıldıqdan sonra onların başına gələn hadisələr barədə məlumat vermək lazımdır:

“Paraqrafları oxuduqdan bir neçə gün sonra şagirdlərdən həmən mövzunu soruşsan, cavab verə bilməyəcəklər. Və ya verdikləri cavablarda qarışdıracaqlar. Düşünürəm ki, orta məktəblərdə tədris olunan tarix kitablarında AXC açıq şəkildə ortaya qoyulmayıb. Dərslik yazılanda nəzərə almaq lazımdır ki, bunun oxucu auditoriyası azyaşlı şəxslərdir. Biz əgər onlara tariximizi sevdirmək və öyrətmək istəyiriksə, bu zaman daha sadə, mühüm əhəmiyyət kəsb edən məsələlərin, faktların olduğu paraqraflar yazmalıyıq. İndiki dərsliklərdə AXC - nin mövcud olduğu 23 ayın hər birində baş verən hadisələr əks olunub. Əlbəttə ki, bu faktların hamısı əsasdır. Amma orta məktəb şagirdlərinin hamısı tarixçi alim olmayacaq. Əsasən ümumi ifadələrlə baş verən hadisələrə şərh vermək lazımdır”.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti mövzusuna, ənənəvi proqramla hazırlanan  5-ci sinif Ata yurdu kitabında 1 paraqraf və 11-ci sinifdə 4 paraqraf yer ayrılıb. Kurikulum əsasında hazırlanan dərsliklərdə isə 9-cu sinif Azərbaycan tarixi kitabında 5 paraqraf, 11-ci sinifdə isə 4 paraqraf ayrılıb.