Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-06 22:15:00
ATU könüllüləri təltif olundu

Azərbaycan Tibb Universitetinin rəsmiləri ATU-nun müxtəlif fakültə və şöbələrində könüllü əsasda fəaliyyət göstərən tələbələrlə görüşüblər.

AzEdu.az  xəbər verir ki, görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli Azərbaycanda  hər zaman gənclərə diqqət və qayğı nümayiş etdirildiyini bildirib.

Onun sözlərinə görə, ölkəmizdə sonuncu gənclər qurultayından sonra bu sahənin inkişafına dair müxtəlif sərəncamlar verilib. Bunlardan da biri gənclərin könüllü qismində müxtəlif sahələrdə işləməsinə aiddir: “Əslində, bu praktika uzun illərdir inkişaf etmiş ölkələrdə tətbiq olunur. İşə qəbul zamanı universiteti yeni bitirən gənclərin praktikasında könüllü kimi işləməsi böyük müsbət təcrübə sayılır. İndiyədək Azərbaycanda əsasən idman tədbirlərində - Avropa oyunlarında, Formula 1 Qran-Prisində və digər beynəlxalq miqyaslı dövlət tədbirlərində könüllülər iştirak ediblər. Çox sevindirici haldır ki, Tibb Universitetinin tələbələri səhiyyə sistemində fəaliyyət göstərən ilk könüllülər sırasındadırlar. Əminə ki, bu təcrübə sizin gələcək iş həyatınız üçün faydalı olacaq”. Rektor könüllü tələbələri aktiv fəaliyyətlərinə görə təşəkkür edib və onlara daim fəal olmağı arzulayıb.

Səhiyyə Nazirliyinin aparat rəhbəri dosent Nadir Zeynalov çıxış edərək, gənclərin könüllülük fəaliyyətinə cəlb olunmasına dair prezident fərmanının əhəmiyyəti v faydalarından danışdı. Qeyd etdi ki, bu fərmanın icrası gənclərin inkişafı, karyerası, iş təcrübəsi toplamasına kömək edəcək: “Könüllülüyün tətbiqi  cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir. Gənclərin bu sahədə daha aktiv olması təsadüfi deyil. Əvvəllər Tibb Universiteti tələbələri yalnız tibb sahəsində könüllü kimi çalışa bilirdisə, indi fəaliyyət üçün daha geniş imkanlar yaradılır. Bu, sizin gələcəyinizdə uğura aparan yolda tramplin rolunu oynamış olacaq”.

Görüşün sonunda 15 tələbəyə aktiv  könüllülük fəaliyyətinə görə sertifikat təqdim olunub. Bunlar sırasında I müalicə profilaktika fakültəsindən Ehtibar Abbasov, Rauf Vəliyev, Həmid Həsənov, Tamilla Qəhrəmanzadə, Cavid Mustafazadə, Şükriyyə Əliyeva, II müalicə profilaktika fakültəsindən Fidan Bəylərova, Raul Rəsulzadə, Həsən Məmmədov, ictimai səhiyyə fakültəsindən Xətayə Quliyeva, Ella Qocayeva, əczaçılıq fakültəsindən Rəşad Məmmədli, Aytac Əmənova, stomatologiya fakültəsindən Ləman Pirməmmədova, rezidentura fakültəsindən isə Azad Kərimli təltif olunublar.


Görüşdə Səhiyyə Nazirliyinin könüllülərlə iş üzrə koordinatoru Vüsalə Səfərova, ATU-nun I müalicə-profilaktika fakültəsinin dekanı, könüllülərlə fəaliyyət üzrə koordinator Elşad Novruzov, THİK-in sədri Elvin Kərimli iştirak edirdilər.