Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-06 16:00:00
Nüfuzlu universitetlərin reytinqi düşür

Yeni tədqiqat növbəti tendensiyaları üzə çıxarıb

AzEdu.az-ın məlumatına görə, Böyük Britaniyanın təhsil sahəsində ixtisaslaşmış  "Quacquarelli Symonds" (QS) konsaltinq şirkətinin universitetlərin növbəti  qlobal reytinqinə həsr olunmuş  tədqiqatı dünya ali təhsil sistemində  bir sıra tendensiyalardan xəbər verir.  

 QS-in  dünyanın 1000-dən artıq  ən yaxşı universitetinin reytinq cədvəlinin yuxarı pilləsində nisbətən az saylı nüfuzlu ali məktəblərin  yer alması diqqətə səbəb olub.  Ənənəvi olaraq  ABŞ-ın Massaçusets Texnologiya İnstitutu (MIT), Stenford  və Harvard universitetləri reytinqin dəyişilməz  “üç”lüyünü təşkil edir. Dördüncü yerdə olan   Oksford Universiteti Böyük Britaniyanın ən yaxşı ali təhsil müəssisəsi  kimi əvvəlki  mövqeyini qorumaqdadır.

 QS-in növbəti reytinqə həsr olunmuş  arayış hissəsində qeyd olunur ki, bütün bunlarla yanaşı həm ABŞ, həm də Böyük Britaniya üçün həyəcan doğura biləcək tendensiyalar var. ABŞ və Böyük Britaniyanın  əksər universitetləri bu il reytinqdə aşağı düşüb.   Çox zaman bu, reytinqin tərtib olunmasında istifadə olunan əsas kriteriyalardan biri - beynəlxalq tələbə  əmsalının aşağı göstəriciləri ilə bağlı olur.

 QS hesab edir ki,  ABŞ və Böyük Britaniyada siyasi çərçivədə hansı qərarların qəbul olunmasından asılı olmayaraq digər ölkələrdən olan ali məktəblər adı çəkilən ölkələrin “ağır çəkili” nüfuzlu  universitetlərini sıxışdırmağa başlayacaq.

 Rusiya ali məktəblərinin lideri olan M.V. Lomonosov adına Moskva Dövlət Universiteti  bu il nəinki 100 ən yaxşı ali məktəb arasında yer ala bilib, həmçinin ötənilki reytinqlə  müqayisədə altı pillə yüksələrək 84-cü yeri tutmağa müvəffəq olub.  Belə bir uğura  MDU   qismən  dünya üzrə ən aşağı müəllim-tələbə nisbətinə görə nail olub.   Bu bölmədə Rusiya ali təhsilinin lideri 100 mümkün baldan  99,7 bal toplayıb.

 Növbəti reytinqdə Azərbaycanı Bakı Dövlət Universiteti (801-1000 aralığında) təmsil edir.  Qeyd edək ki, Quacquarelli Symonds  2014-cü ildən altı meyar   - akademik reputasiya (40%), müəllim-tələbə nisbəti (20%), elmi məqalələrdən sitatgətirilmə əmsalı (20%), işəgötürənlər arasında nüfuzu (10%), xarici tələbələrin payı (5%),  xarici müəllimlərin payı (5%) üzrə ali məktəbləri  qiymətləndirir.

 Yeni reytinqlə daha ətraflı www.topuniversities.com/university-rankings/world-university-rankings/2020 səhifəsindən tanış olmaq olar.(Azərbaycan müəllimi)