Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-05 15:54:00
Kamal Abdulla: “ADU-nu  700 bal toplayanlardansa, "500 -lük" nəticə göstərənlər  seçsin”

“Ali təhsil müəssisələrinə qəbul imtahanlarında bir-iki nəfərin 700 bal toplaması ilə fəxr etmək olmaz”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Azərbaycan Dillər Universitetinin rektoru,  Xalq yazıçısı, akademik  Kamal Abdulla deyib.

İmtahanın gedişatı haqqında məlumat verən rektor tələbələr üçün hər bir şəraitin yaradıldığını qeyd edib. O, digər illərlə müqayisədə bu il apellyasiya şikayətlərinin azaldığını da vurğulayıb.

Rektor qeyd edib ki, qəbul imtahanlarında yüksək nəticə toplayan abituriyentlər ADU-nu seçməkdə tərəddüd etmirlər:

“Mən arzu edərdim ki, bizi seçən abituriyentlər arasında 700 bal toplayanlardansa, 500 bal toplayanların sayı çox olsun. Təki bizim tələbələrin nəticəsi onların həqiqi savadını və istedadını göstərsin. İmtahanda toplanılan yüksək bal əslində savadın göstəricisi deyil. Bir-iki nəfərin 700 bal toplaması ilə fəxr etmək olmaz. 500-600 bal nəticə göstərənlər daha çox olmalıdır ki, artıq 700 bal adi hala çevrilsin”.

Qeyd edək ki, iyul ayının 5-də Azərbaycan Dillər Universitetinə imtahan prosesini izləmək məqsədi ilə mediatur təşkil olunub. Mediaturda universitetin rektoru Kamal Abdulla, təhsil ekspertləri, universitetin müəllim kollektivi və jurnalistlər iştirak edib.

Şükufə Süleymanlı