Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-05 15:32:00
Bakı Dövlət Universitetində məzunlara ikili diplom təqdim olunub

İyulun 5-də Bakı Dövlət Universitetində (BDU) Almaniyanın Vürçburq Universiteti ilə imzalanmış memoranduma əsasən Avropa hüququ magistr proqramının növbəti məzunlarına ikili diplom təqdim olunub.

AzEdu.az xəbər verir ki, tədbiri açan BDU-nun rektoru Elçin Babayev rəhbərlik etdiyi ali təhsil müəssisəsi ilə Almaniyanın Vürçburq Universiteti arasında Avropa hüququ magistr proqramının hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə danışıb. O bildirib ki, 2011-ci ilin sentyabrından etibarən Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Avropa hüququ ixtisası üzrə magistratura proqramı fəaliyyət göstərir. Burada tədris ingilis və alman dillərində aparılır. Alman tərəfi bu proqramda iştirak edən tələbələr üçün intensiv dil kursları və Almaniyada təcrübə təşkil edir, həmin ölkənin professorları BDU-da mühazirə oxuyurlar.

Rektor Almaniyanın Vürçburq Universiteti ilə əməkdaşlığın uğurla davam etdirildiyini, bu günə qədər Avropa hüququ sahəsində 50 məzuna ikili diplom təqdim olunduğunu qeyd edib.

Elçin Babayev vurğulayıb ki, son dövrlərdə ölkədə təhsilin inkişafına, bu sahədə beynəlxalq əməkdaşlığa xüsusi önəm verilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilib. Proqram ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislər yetişdirilməsini, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsini əsas hədəf kimi götürüb. Bakı Dövlət Universiteti də təhsil sahəsində aparılan islahatlardan geri qalmır, ikili diplom proqramları ilə kifayətlənmir. Elmi tədqiqatların aparılması, müştərək konfransların, seminarların keçirilməsi istiqamətində uğurlu beynəlxalq əməkdaşlıqlar qurub.

Rektor Vürçburq Universitetinin digər fakültələri ilə də əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Almaniyanın Vürçburq Universitetinin prorektoru, professor Exard Paxen proqramın həyata keçirilməsindəki dəstəyinə görə universitet rəhbərliyinə, Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyevə, proqramın koordinatoru, Hüquq fakültəsinin müəllimi Məhəmməd Quluzadəyə təşəkkür edib. O, müəllim-tələbə mübadiləsinə xidmət edən proqramın önəmindən danışıb.

Sonra proqramın növbəti məzunlarına ikili diplomlar təqdim edilib.  (azərtac)