Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-05 12:57:00
“700-lük” tələbələrdən etiraz: “700 bal önəmsizdir, çox kiçik görünür, çünki...” - SORĞU  

2019-cu ildə I və IV ixtisas qrupları üzrə qəbul imtahanları başa çatsa da, bu qruplar üzrə 700 bal toplayan olmayıb.

7 iyulda keçiriləcək imtahanda isə sadəcə 3 nəfər bu şansa sahibdir.

Son günlərdə sosial şəbəkələrin və medianın əsas mövzularından biri builki qəbul imtahanlarında maksimum nəticənin olmaması ilə bağlıdır.

Kimiləri bunu təhsilin səviyyəsinin aşağı düşməsi, kimiləri isə qəbul modelində kurikulum standartlarının tətbiqi ilə əlaqləndirirlər.

Bəs, 700 bal toplamağın doğrudan da hər hansı bir önəmi varmı? Niyə cəmiyyətimiz dörd gözlə bu nəticəni gözləyir?

Bu sualları ötən illərdəki qəbul imtahanlarında 700 bal toplayan tələbələr cavablandıracaq.

“ADA”-nın Ümumi iqtisadiyyat fakültəsinin tələbəsi Jalə Rəcəbova AzEdu.az-a açıqlaması zamanı bildirib ki, bu balın hansısa xüsusi önəmi yoxdur:

“Topladığım balın universitetdəki  dərslərimdən aldığım qiymətlərə heç bir təsiri yoxdur. Müəllimlər hər kəsi eyni gözdə görürlər. Onlar bilmir ki, mən ali məktəbə 700 balla daxil olmuşam. Məndən başqa 700 bal toplayanları da tanıyıram. Yüksək nəticə göstərən abituriyentin universitetdə çalışqan olmadığını görməmişəm. Bu şagirdlər daha maksimalist olurlar. Çalışırlar ki, yüksək qiymət alıb başqalarından müəyyən dərəcədə fərqlənsinlər. Adi tələbə olmağı istəmirlər. 700 bal sadəcə motivasiya verir və yeganə faydası budur. Başqa heç yerdə bu balın bir önəmi yoxdur”.

“ADA” Universitetinin Hüquq fakültəsinin tələbəsi Selcan Məmmədli 700 balın önəmsiz olduğunu düşünmür:

“700 balın hər şey olmadığını anladım. "700 bal toplamışam" deyib rahatlaşmağın lazım olmadığını, bunun sadəcə, kiçik bir başlanğıc olduğunu da başa düşdüm. Ümumiyyətlə, uğur anlayışı nisbidir. O vaxt məhz mənim üçün bu, böyük uğur idi. Hazırda daha böyük məqsədlərim var ki, 700 bal onlarla müqayisədə daha kiçik görünür. Amma bu nəticəmin lazımsız olduğunu heç vaxt düşünməyəcəyəm.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi Əzim Əzizli də qəbul imtahanında maksimum bal toplamağın önəmsiz olmadığını vurğulayıb:

“Nəticəmin və maksimum 700 bal toplamağın önəmsiz olduğunu heç vaxt düşünməmişəm. Çünki balıma görə həmişə 1 pillə yuxarıdayam”.

“ADA” Universitetinin Hüquq fakültəsinin tələbəsi Zeynəb Quluzadə məqsədinin o zaman heç 700 bal toplamaq olmadığını bildirib:

“Hər zaman istədiyim ixtisasa daxil olmağı arzulamışam. Yəni qəbul imtahanında bal toplamaq istədiyimiz sənəti seçmək üçün vasitədən başqa bir şey deyil. Universitetə qəbul olunandan sonra gördüm ki, elə düz fikirləşmişəm. Əsas iş ali məktəbə daxil olandan sonra başlayır”.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi Elvin Kərimli deyib ki, bir uğur qazandıqdan sonra onu dərhal unutmaq lazımdır:

“”Unutmaq” dedikdə uzun bir zaman həmin uğurun "eyforiya”sında olmamağı nəzərdə tuturam. Məhz həmin uğuru stimul olaraq qəbul edib gələcək nailiyyətlərə fokuslanmaq lazımdır. Keçən il də 700 bal toplamaq qazana biləcəyim mühüm nailiyyətlərdən biri idi. Hazırda isə 700 bal topladığımı demək olar ki, xatırlamıram və diqqətimi yeni nailiyyətlər istiqamətində yönəltmişəm. Sonda sualın cavabı olaraq bildirmək istəyirəm ki, 700 balı önəmsiz hesab etmirəm, ümumiyyətlə həyatda heç bir uğur  önəmsiz hesab edilməməlidir. Sadəcə, qeyd etdiyim kimi 700 balın “eyforiyası”nda deyiləm”.

Bakı Ali Neft Məktəbində Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan Vasif  Əsədov vurğulayıb ki, 700 bal tələbənin universitetin ilk aylarından daha yaxşı tanınmasına kömək edir:

“Yüksək nəticənin əsas üstünlüyü fikrimcə, Prezident təqaüdüdür. Təqaüdü qazanmaq əlavə və çox ciddi məsuliyyət yaradır. Lakin universitetin növbəti aylarında, xüsusən də sona doğru artıq bal söhbətləri azalır. Tələbənin həm sosial, həm də akademik çərçivədə qazandığı uğurlar daha çox gündəmə gəlir, nəinki imtahanda topladığı bal. Amma yenə də maksimum bal daim özgüvən hissi yaradır”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları