Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-04 14:35:00
Xalq şairi Musa Yaqubun ailəsindən AÇIQLAMA: "Həkim onu masaj edir"

Bir qədər öncə sosial şəbəkələrdə və bəzi saytlarda Xalq şairi Musa Yaqubun vəfat etməsi barədə xəbər yayılıb. Xəbəri dəqiqləşdirmək üçün şairin ailəsilə əlaqə saxlanılıb.

AzEdu.az xəbər verir ki, M.Yaqubun gəlini Gülər Yaqubova Modern.az-a açıqlamasında faktı təkzib edib:

“Hazırda Musa müəllim rayondakı evindədir. Həkim də bu dəqiqə onu massaj edir. Bu məlumatları dəqiqləşdirmədən niyə yazırlar anlamıram?!”.

G.Yaqubova deyib ki, şairin yanında həkim olduğu üçün danışmaq imkanı yoxdur.

Musa Yaqub 1937-ci ildə İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Göyçay Pedaqoji Məktəbini bitirdikdən sonra 1957-1958-ci illərdə Tircan kənd orta məktəbində müəllim, 1958-1967-ci illərdə Buynuz kənd ibtidai məktəbində müəllim və məktəb direktoru işləyib.

1967-1973-cü illərdə o vaxtkı Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində qiyabi təhsil alıb. Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin direktoru kimi pedaqoji fəaliyyətini davam etdirib. Bakıya köçəndən sonra 1974-1978- ci illərdə Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifələrində çalışıb. 1978-ci ildən İsmayıllı rayonunun "Zəhmətkeş" qəzetinin redaktoru olub.

Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayan Musa Yaqub Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərdə iştirak edib. 1979-cu ildə Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasınm sədri, həmçinin İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilib. Ədəbi fəaliyyətinə görə M.F.Axundov adına mükafata layiq görülüb.

1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şair, 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 2004-cü ildən Söz Azadlığını Müdafiə Fondunun sədridir.

Şairin Azərbaycanda və xaricdə ümumilikdə 17 kitabı işıq üzü görüb.

Musa Yaqub 24 may 2019-cu ildə "Azərbaycan Respublikasının xalq şairi" fəxri adına layiq görülüb.

Şair parkinson xəstəliyindən əziyyət çəkir.