Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-04 14:50:44
Təhsil Nazirliyində uğurlu strategiya – Qrant müsabiqələrinin motivasiya möcüzəsi

İyulun 3-də Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III qrant müsabiqəsinin nəticəsi açıqlanıb.

III qrant müsabiqəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə 53, fərdi kateqoriya üzrə 115 layihənin dəstəklənməsi məqsədəuyğun hesab edilib. Müsbət qərar alan 168 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Ümumilikdə, qrant müsabiqədə 44 rayon və şəhər ümumitəhsil müəssisəsi və müəllimlər qalib gəlib.

"Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtlərinin təsdiq edilməsi haqqında" Sərəncam Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 258 nömrəli qərarı ilə təsdiq edilib.

Müsabiqənin keçirilməsində başlıca məqsəd, təhsil müəssisələrində sağlam rəqabəti və innovativ fəaliyyəti təmin etməkdi.

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə I qrant müsabiqənin qalibi Elnur Hacıyev müsabiqə ilə bağlı fikirlərini AzEdu.az ilə bölüşüb.

O, sözlərində müsabiqənin təhsil müəssisələrində  rəqabət mühitinin yaradılması və innovasiyaların dəstəklənməsi üçün  təşkil edildiyini vurğulayıb:

“Burada həm təhsil müəssisəsi üzrə, həm də fərdi şəkildə layihələr hazırlanır. Müəyyən işlərə imza atmaq üçün maliyyə  vəsaiti tələb olunur. Qrant müsabiqədən əvvəl bunu həyata keçirmək mümkün deyildi. Müsabiqə müddətində  isə  bizim bu ideyalarımız dəstəklənir.

Müəllimlərin yaxşı ideyaları olsa da, onu format şəklinə salmaqda çətinlik çəkirlər. Yaxşı olar ki, təhsil müəssisələrində müəllimlər arasında layihə təkliflərinin hazırlanması istiqamətində  təlimlər keçirilsin. Bu, daha effektiv olacaq.

Qrant müsabiqə bizim üçün  yeni platformadı. Biz burada ideyalarımızı verə  və  dəstək ala bilərik. Bu da təhsilin əhəmiyyətinin yüksəldilməsində effektiv rol oyanır”.

Elnur Hacıyev qalib seçildiyi I qrant müsabiqə haqqında fikirlərini deyib:

“I qrant müsabiqəsində “Gəzək, görək, öyrənək” adlı layihə ilə çıxış etmişdim. Biz ekskursiyalar həyata keçirirdik. Lakin bu ekskursiyaların formatı fərqli idi. Uşaqlar özləri gəzib, gördükləri yerlər barədə layihələr hazırlayırdılar. Sonra isə təqdimatı həyata keçirirdilər”.

163 nömrəli məktəbin direktoru Sevinc Cavadova I və II qrant müsabiqədə iştirak edib və qalib gəlib:

O, sözlərində bu il məktəblərinin III qrant müsabiqədə qalib ola bilmədiyini deyib.

“Qrant müsabiqələrin keçirilməsi çox müsbət addımdı. Bu müəllimlərə təkan verir ki, özlərini inkişaf etdirsinlər. Məktəbimiz iki il  qrant müsabiqədə qalib gəlib ki, bu da müəllimlərimizdə motivasiya yaradıb. Nəticədə məktəbimizdə inkişaf hiss olunur. Qrant müsabiqələr ictimaiyyət tərəfindən də müsbət qarşılanır. Təəssüratlarımız çox yüksəkdir, hər şey  obyektiv şəkildə təşkil olunmuşdu. Gələn il yeni layihəmizlə qatılmağı düşünürük.

Birinci layihəmiz “Standartlar üzrə meyar əsaslı qiymətləndirmə”, ikinci isə “İnteqrativ dərsliklərin yazılma metodları” idi”.

Əlavə edək ki, müsabiqə təhsilin idarə edilməsi, istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi, keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması, təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması, sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması, informasiya kommunikasiya texnologiyalarının təhsilə tətbiqinin təbliğ edilməsi üzrə həyata keçirilir.

Şükufə Süleymanlı