Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-04 12:48:00
BANM-in builki məzunlarının 80 faizi işlə təmin olunub

İyulun 4-də Bakı Ali Neft Məktəbinin (BANM) növbəti “Məzun günü” keçirilib.

AzEdu.az xəbər verir ki, üçüncü dəfə keçirilən “Məzun günü”ndə SOCAR rəhbərliyinin nümayəndələri, BANM-in rektoru Elmar Qasımov, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, ali məktəbin professor-müəllim heyəti, ölkəmizdə fəaliyyət göstərən digər ali məktəblərin rektorları, transmilli şirkətlərin rəhbər və təmsilçiləri, Böyük Britaniyanın Heriot-Vatt Universitetinin nümayəndələri, məzunlar, onların valideynləri qonaqlar və iştirak ediblər.

Tədbiri açan BANM-in rektoru Elmar Qasımov məzunları və onların yaxınlarını bu əlamətdar gün münasibətilə təbrik edərək, məzunlara gələcək karyera və həyatlarında uğurlar arzulayıb. “Azərbaycanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanmış, ölkəmizin intellektual gəncliyinin bu gün məzun olmaları bizim üçün qürurverici və mühüm hadisədir. Bakı Ali Neft Məktəbində təhsil aldıqları müddətdə daim nizam-intizamları ilə seçilmiş, təhsil həyatlarında böyük uğurlar qazanmış məzunlarımız bu gün bakalavriat və magistratura təhsili dövrünü tamamlayır, eyni zamanda həyatda növbəti karyera və təhsil addımlarının təməlini qoyurlar. Bütün məzunlarımıza müvəffəqiyyətlər, gələcək karyera və həyatlarında uğurlar arzulayıram”, – deyə rektor Elmar Qasımov qeyd edib.

Tədbir zamanı, həmçinin vurğulanıb ki, BANM-in builki məzunlarının artıq 80 faizi yerli və transmilli şirkətlərdə işə qəbul olunub, eləcə də beynəlxalq universitetlərdə tam təqaüdlə təhsil əldə ediblər.

Bu gün BANM-in məzunları SOCAR, Star, Petkim, BP, Halliburton, Schumberger, Maire Tecnimont və digər nüfuzlu müəssisələrdə çalışır.