Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-04 10:36:00
Qəbul imtahanlarındakı nəticələrindən narazı olanlar DİM-ə müraciət edə bilərlər – Bu tarixlərdə

23 iyunda I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb.

Lakin abituriyentlərin bəziləri sosial şəbəkələrdə situasiya tipli sualların düzgün qiymətləndirilməməsi ilə bağlı narazılıqlarını bildiriblər.

Mövzu ilə əlaqədar Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, hər bir yazı işi əvvəlcə “scan” olunur və 2 marker tərəfindən qiymətləndirilir (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir).

Markerlər müvafiq fənn müəllimləri arasından seçilir, onlar üçün hazırlıq kursu keçirilir və hazırlıq kursunu müvəffəqiyyətlə başa vuran müəllimlər marker kimi bu prosesə cəlb olunur.

Bundan əlavə, imtahanda abituriyentə təqdim olunan hər bir yazılı tapşırıq üçün ayrıca qiymətləndirmə meyarı hazırlanıb və markerlər hər hansı bir tapşırığa aid yazı işini yoxladıqda məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar. Qiymətləndirmə meyarlarında tapşırığın mümkün həll üsulları və ehtimal olunan (gözlənilən) cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı tapşırığın qiymətləndirilməsi üçün dolğun təlimatdır və marker yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmır.

Bütün bunlarla yanaşı, imtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) 6 və 8 iyul tarixlərində saat 10:00-dan 17:00-dək Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 3, 4, 5 iyulda Dövlət İmtahan Mərkəzi və ya onun regional bölmələrində şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər.

Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apelyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Abituriyentlər Komissiyaya müraciət etməmişdən əvvəl öz səhifələrində cavab kartı və cavab vərəqinin ön, arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış olmalıdırlar.

Xatırladaq ki, II və III ixtisas qrupları üzrə yay qəbul imtahanları 7 iyulda keçiriləcək.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları