Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-27 09:00:00
“Bizdə müəllim adı gələndə hamı ağız-burnunu əyir - Elçin Şıxlının təhsil resepti

AzEDU.az-ın “Təhsil resepti” rubrikasında bu dəfə media eksperti, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı danışır.

O, təhsil sistemimizdə gördüyü əsas problemləri bölüşərkən ilk olaraq, rus dilindən xəbərsiz ailələrin belə övladlarının təhsili rus bölmələrinə əmanət etdiklərini bildirib:

“Təhsilimiz başdan-ayağa çatışmazlıqdır. Əsas problem odur ki, azərbaycandilli orta məktəblərdə təhsilin, müəllimlərin səviyyəsi aşağıdır. Bu, təbii ki, hamısına aid deyil. Nədənsə bu gün rus dilində “a” və “b”-ni bilməyən valideynlər övladlarını rus məktəbinə qoyurlar. Azərbaycan  məktəbində rüşvət baş alıb gedir. Hər iki bölmədə rüşvət var: həm Azərbaycan, həm də rus.  Amma Azərbaycan bölməsində “3” alanda, rus bölməsində “1” alırlar.

Təhsil sistemimiz hələ oturuşmayıb. Biz nə Sovet sistemindən aralana, nə də dünya təcrübəsinə yaxınlaşa bilmişik.  Dünyada təhsil sisteminin reytinqini aparan böyük beynəlxalq şirkətlər var. Reytinqlərə əsasən deyə bilərik ki, ilk yerlərdə Skandinaviya ölkələri durur. Mən hələ ki, orta təhsili deyirəm”.

Ölkəmizdə müəllimə lazımi hörmətin qoyulmadığını deyən media eksperti onların şəxsiyyət formalaşdıra bilmədiklərini qeyd edib:

“Mən Finlandiya təhsili haqda kiçik bir yazı yazmışdım. Bizim sistem ilə onlarınkı arasında yerlə göy qədər fərq var. Onlar uşaqları sərbəst böyüdür, şəxsiyyət formalaşdırırlar. Finlandiyada  bir müəllim vakansiyasına 24 000 namizəd olur. Təsəvvür edə bilirsiniz? Müəllim bilir ki, mən pis işləsəm, məni iki gün də işdə saxlamayacaqlar. Bizdə isə müəllim deyəndə hamı ağız-burnunu əyir. Çünki müəllimin hörməti qalmayıb. Onlar özləri də hörmət saxlamayıblar. Bəzən müəllim məktəbdə dərs demir ki, valideyn uşağı onun yanına hazırlığa göndərsin. 

Müəllimin məvacibi çox aşağı səviyyədədir. Mən bir-iki ilə yaxın sovet sistemində  Maarif Nazirliyində çalışmışam. Ancaq orta təhsil sisteminin öhdəsindən gəlmək üçün gərək, hər şeyin altını üstünə çevirəsən. Problemlər həddən artıq çoxdur.

Ümumiyyətlə, müəllim, şagird və tələbələrə münasibət tam dəyişməlidir. Biz şəxsiyyət böyütməliyik. Şəxsiyyət olmayan yerdə nə təhsilə maraq olacaq, nə də müəllimə hörmət! Müəllim şəxsiyyət deyilsə, o, şəxsiyyət böyüdə bilməz; söhbət bundan gedir. Müəllimlər nə tapşırıq, gəlirsə, o da sıravi əsgər kimi “hər şey cəbhə üçün” deyib, ən qanuna zidd şeylərə belə getməyə hazırdırlar. Mən müəllim ailəsində böyümüşəm. Atam, babalarım, hər kəs pedaqoq olub. Bu mühiti yaxşı bilirəm. Müəllim ilk növbədə savadlı olmalı, hörməti qalxmalıdır. Cibinə güdən insandan müəllim olmaz. Amma cibini güdməmək deyəndə də problemmatikdir. Çünki  müəllim elə zəif maaş alır ki, özünə əlavə gəlir mənbəyi axtarmalı olur. Təhsilimizdəki problemləri bir sözlə ifadə etmək çox çətindir”.

O, əsas problem kimi isə rüşvət hallarını nəzərə çatdırıb:

“Birinci problem  korrupsiya və rüşvətdir. Sadə misal göstərim: mənim həyat yoldaşım Sovet dövründə  fizika və riyaziyyatdan dərs deyirdi. Amma iki ildən sonra işindən ayrılmalı oldu. Bilirsiz niyə? Çünki nə rüşvət alırdı, nə də rüşvəti ötürürdü. Beləcə rüşvət-korrupsiya zənciri qırılırdı. Həmişə bu insanın məktəb rəhbərliyi ilə problemləri olurdu. Məktəb rəhbərliyi, maarif nazirliyi deyirdi ki, bizim payımızı niyə az vermisiz? Nə qədər ki, rüşvət olacaq, bizdə heç nə dəyişməyəcək”.

Bizim təhsil sistemimizi Finlandiya ilə maraqlı şəkildə müqayisə edən Elçin Şıxlı  şagirdlərə lazımsız qadağalar qoyduğumuzu vurğulayıb:

“Qeyd etdiyim kimi, Finlandiyada ta uşaqlıqdan şəxsiyyət böyüdürlər. Bizdə isə şəxsiyyəti boğmaqla məşğuldurlar. Bu, Sovetdən qalma prinsipdir. Uşaqlara “düz otur, əlini cibinə salma, yerində qurcalanma” kimi qadağalar qoyurlar. Amma Finlandiyada ümumiyyətlə parta deyilən bir şey yoxdur. Uşaqlara səkkizinci sinfəcən imtahan olmur, altıncı sinfəcən qiymət, ev tapşırığı verilmir. Şagirdlər yarım saat dərs keçəndə qırx dəqiqə təmiz havada olur, kilimlərin üzərində əyləşirlər. Müəllim də onlarla birgə olur. Təhsil oyun formasında gedir.  Bu, metodologiyadır. Metodistlər bunu bilməlidirlər. Biz isə uşaqları onlara lazım olmayan biliklərlə yükləməyə çalışırıq. Məsələn, mən Azərbaycan bölməsini bitirmişəm. Elə ali məktəbə də Azərbaycan bölməsinə qəbul olmuşam. İkinci sinifdən ingilis dilindən mənimlə müəllim məşğul olub. Ona görə də ingiliscə bilik səviyyəm nisbətən birinci kursa daxil olan uşaqlarınkından yaxşı idi. İngilis dili qrammatikasında “to be” feli var. Dekabr ayınacan Azərbaycan bölməsində “to be” öyrədirdilər. Amma sonradan elə oldu ki, mən rus bölməsinə keçməli oldum. Rus bölməsində artıq “to be”-dən  10 qat artıq dərslər keçirilmişdi. Çünki Rus bölməsinə qəbul olanların ilkin ingilis dili səviyyəsi Azərbaycan bölməsindəkindən artıq idi. Amma biz institutu bitirəndə Azərbaycan bölməsindəki uşaqlar bir çox şeyləri, məsələn qrammmatikanı bizdən yaxşı bilirdilər. Biz bildiyimiz şeyin tərifini verə bilmirdik. Çünki onun üstündən ötəri keçmişdik. Amma Azərbaycan bölməsində tələsmədən hər şeyi birbəbir öyrətmişdilər və sonda həmin uşaqlar digərlərindən heç də zəif bilmirdilər. Yəni burada söhbət uşaqları birdən-birə yükləməkdən gedir. Hər şey mərhələli olmalıdır. Uşağın uşaqlığını əlindən almaq olmaz. İndi sistem elədir ki, məktəbəqədər təhsil var. O uşaqların bir çoxu artıq məktəbə əlifbanı, yazıb-oxumağı bilərək gəlir.

Finlandiyada pis və yaxşı oxuyan şagirdləri bir-birindən ayırmır, kimisə tərifləmirlər. Hamı özünü psixoloji cəhətdən bərabər hiss edir. Məktəbdə psixoloqlar çalışır, amma uşağın psixi vəziyyətinə, mənəvi durumuna fikir verən yoxdur. Təhsilimizdə problem o qədərdir ki... Bəlkə də mən deməklə çox diletant şeylər söyləyirəm, amma sistemi başdan ayağa dəyişmək lazımdır”.

O, ali təhsil müəssisələrindəki bir sıra çatışmazlıqları da dilə gətirib:

“Ümumiyyətlə, universitetlər heç bir nazirliyə tabe olmamalı, müstəqil olmalıdırlar. Bir çox xarici ölkələrdə universitetlər həm də bizdə olan AMEA-nı əvəz edir. Çünki AMEA-da hansısa professor əyləşir, amma öz nəzəriyyəsini praktikada həyata keçirmək imkanı az olur. Amma xarici universitetlərdə, xüsusilə də ABŞ-da bütün böyük alimlər universitetlərdə çalışırlar. Orada onların kafedra və laboratoriyaları olur. Beləcə tələbələrdən alim yetişdirirlər. Bunun üçün universitetlərdə maddi texniki baza olmalıdır. Məsələn, Amerikada elə universitetlər var ki, onların büdcəsi az qala bizim büdcəmizdən çox olur. Onlar özləri alim yetişdirib, layihələr hazırlayır, elmi araşdırmalar aparırlar. Amerika sistemində ancaq əlaçı tələbələrə təqaüd verilir. Bizdə isə görürsən ki, uşaq 700 bal yığıb, amma kasıb ailədən olduğuna görə təhsilinə pul ayıra bilmir. Bu, böyük  problemdir. Əcnəbi ölkələrdə universitet tələbənin istedadını görürsə, ona kömək edir, təhsilinin pulunu ödəyir, onun üstündə gözü olur. Ondan gələcək alim  yetişdirir. Bizdə hər şey tərsinədir. Biliyə qiymət verən yoxdur. Kimin imkanı varsa, o da irəli gedir. Amma hər bir halda universitetlər müstəqil olmalıdırlar. Yalnız tədris mərkəzi deyil, həm də elm ocağı olmalıdırlar. Bir çox ölkələrdə akademiya deyə bir şey yoxdur. Universitetlər müstəqil olmalı, orta məktəbdəki təhsil siteminə xüsusilə diqqət yetirilməlidir. Uşaqlardan şəxsiyyət böyütməliyik. Şəxsiyyət olan yerdə elm də olacaq, irfan da. Belə olduqda güclü müəllim, vətəndaş yetişəcək. Ölkənin qeyrətini çəkənlər də çoxalacaq”.

Elçin Şıxlı Azərbaycanda elmi tədqiqat sahəsində olan boşluqları aradan qaldırmaq üçün layihələr təşkil edilməsini  bildirib:

“Bizim gənclərin çoxu xaricə gedir; Qərb ölkələrini nəzərdə tuturam, Şərqə mollalıq etməyə gedənləri demirəm. Avropa universitetlərinə oxumağa gedənlərin çoxu orada elmlə də məşğul olur, ad, hörmət də qazanırlar. Mən təbii ki, normalları nəzərdə tuturam, dədə-babasının pulu hesabına gedib kef edənlərdən danışmıram. Məsələn, təxminən on il bundan əvvəl Qazaxıstanda Nazarbayevin  xüsusi tapşırığı ilə bütün dünya universitetlərində təhsil alan qazax vətəndaşlarının siyahısı tutulub ona təqdim  edilmişdi. O bildirmişdi ki, bu uşaqların təhsil haqqını Qazaxıstan hökuməti ödəyəcək. Amma bir şərtlə: Mütəxəssis olub, Qazaxıstana qayıtmalı və oranın xeyri üçün  çalışmalıdırlar!

Söhbət maddiyyatdan gedir. Bunu layihələrlə təmin etmək olar. Akademiyaya yəqin ki,  heç də az pul ayrılmır. Bunun isə nəticəsi yoxdur.  Ümumi binanın saxlanmasına, digər vasitələrə pul gedir, amma elmlə məşğul olan beş adam varsa, əlli nəfər elə-belə gəzir. Xaricdə isə bu, layihələrlə təşkil olunub. Layihəni hazırlayıb, hansısa fondlara təqdim edir, deyirsən ki, mənə bir il vaxt, yüz min vəsait ayırsanız, ilin sonunda mütəxəssis kimi filan elmi kəşf edəcəm, yaxud sənaye üçün xeyirli olan bir iş görəcəm. Onlar da araşdırır, bəyəndikləri halda bu vəsaiti ayırıırlar. Amma bu bir il ərzində onlar sizin nə işlə məşğul olduğunuza nəzarət edir. Yəni sistem belə qurulmalıdır. Elə-belə heç kim heç kimə pul vermir”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları