Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-26 14:40:57
“Dərsliklərdə Cənubi Azərbaycanın tarixi tamamilə saxtalaşdırılıb” - Araşdırmaçı

Cənubi Azərbaycan İranın şimal-şərqində yerləşən, əsasən Azərbaycan türkləri yaşayan tarixi bölgədir. Azərbaycanlıların yaşamasına baxmayaraq orada hələ də ana dilində təhsil yoxdur. Bununla bağlı illərdir, müəyyən müzakirələr aparılsa da,  bu məsələ həll olunmamış qalır.

Məsələylə bağlı AzEdu.az-a danışan Cənubi Azərbaycan ədəbiyyatı və mətbuatı üzrə tədqiqatçı Pərvanə Məmmədli orada Azərbaycana aid keçirilən dərslərdə heç bir obyektivlikdən söhbət getmədiyini vurğulayıb: 

“Cənubi Azərbaycanın tarix və  coğrafiyası dərsliklərdə tamamilə saxtalaşdırılıb. Mədəniyyəti diqqətdən kənarda qalır. Yalnız saxta materiallara rast gəlmək olar. 

Ana dilinə qadağa aradan götürülməyib, ancaq məişətdə istifadə edilir.  Qəzetlər, kitablar şəxsi hesablar əsasında çap olunur, dövlət hesabına deyil. Ümumiyyətlə, oradakı soydaşlarımız üçün  ana dilli məktəb yoxdur. Xalqını sevən fanatiklər var ki, onlara  hardasa pulsuz, icazəylə dərnək açırlar. Boş vaxtlarında bu işləri görürlər. Amma o dərnəklər də Azərbaycan dilindən  çox uzaqdır, daha çox Türkiyə türkcəsindən istifadə olunur”.

Onun sözlərinə görə, azərbaycanlıların yaşadığı ərazilərdə  ana dilində təhsillə bağlı müzakirələr gedir və onlar bunu arzulayırlar. Orada millət vəkilləri var ki, yeri gələndə bu məsələni ortaya qoyurlar:

“Hələ ki, həlli tapılmayıb. İran konstitusiyasında  müəyyən maddələr var:  orada yaşayan hər bir millət - sayca birinci yerdə azərbaycanlılardır - öz dillərində ibtidai  təhsil ala bilərlər. Amma buna əməl olunmur! Bu məsələni qaldırmaq lazımdır. Düzdür, tez-tez xatırlansa da,  yenə də kağız üzərində qalıb.

Ana dilli tədris üçün, ilk növbədə ana dilində dərsliklər yazılmalıdır. Bizdə A. Çernyayevski ilk ana dili kitabını yazıb,  orada isə Rüşdiyyə, Bağçaban bu işləri görüblər.  Müasirlərdən isə Behdadi,  Daşqın var. Yəni,  ana dilində olan dərsliklər mövcuddur,  amma yenilənməlidir.

Bəzən bir bəhanə kimi deyirlər ki, dərsliklər yazılmalı, vəsait ayrılmalıdır. Təbii ki, maddi tərəfi var. Rəsmi şəxs kimi danışa bilmərəm, izlədiklərimi deyirəm. Amma oxumaq istəyən çoxdur. Öyrənən öyrənir. Öz mütaliəsi ilə,  müəllim tutmaqla. Buna vaxt ayıran ziyalılar var. Ana dilində təhsilə ümid var.  Son prezident Ruhani mütərəqqi fikirlidir. Azərbaycandan olan millət vəkilləri məsələni tez- tez qaldırırlar. İşıqlı bir şey ola bilər. İllərlə arzuladıqlarına çata bilərlər”.