Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-26 11:20:00
“İKT sahəsində çox geriyik: bazar kiçik, internet zəifdir” - ABŞ-ın məşhur şirkətində çalışan azərbaycanlı

“Proqramlaşdırmanı öyrənmək bir növ avtomobil idarə etməyə bənzəyir. Nəzəriyyəsini nə qədər mükəmməl öyrənsən də, sükan arxasına keçmədən avtomobili idarə etmək qeyri - mümkündür”.

“Bazar kiçikdir və internet sürəti zəifdir. Bu iki səbəb bir-birinə, dediyim kimi, çox bağlıdır. İnternetin zəifliyi bazarı kiçik saxlayır”.

AzEdu.az Türkiyədə yaşayan və dünyanın ən güclü şirkətlərinin birində  proqramçı kimi çalışan həmyerlimiz  İntiqam Sədiyevlə müsahibəni təqdim edir:

DOSYE: İntiqam Sədiyev orta təhsilini 1995-1999-cu illərdə Şəki şəhər 12 saylı orta məktəbdə, sonra isə Şəki Türk liseyində alıb. Liseydən məzun olduqdan sonra isə Türkiyənin Boğaziçi Universitetində Kompüter Mühəndisliyi ixtisasına qəbul olunub və elə həmin universitetdə Mühəndislik və Texnologiya idarəetməsi (Engineering and technology management) ixtisasının magistr dərəcəsi üzrə təhsilini davam etdirib. O, hazırda Optiva şirkətində “Chief Java Architect” vəzifəsini icra edir.

-Sizdə bu ixtisas üzrə təhsil almağa  həvəs necə yarandı?

-Hələ 7-ci sinifdə oxuyanda atam kompüter mühəndisi olmağımı istəyirdi. Bu da mənə maraqlı gəldi, çünki riyaziyyata həvəsim çox idi. Kompüter də müəyyən qədər bununla əlaqəlidir. Riyaziyyatın mühəndislikdə rolu çox böyükdür. Ona görə də bu yaşdan etibarən, qərar verdim və hədəf qoydum ki, kompüter mühəndisi olmalıyam. Bir də bu sahənin ən çox xoşladığım tərəfi odur ki, kompüter mühəndisi olaraq dünyaya müsbət təsir etmək, bəşəri nəyisə bağışlamaq mümkündür. Məsələn, inşaat mühəndisi olarsansa, bina tikmək üçün mütləq sərmayə lazımdır. Amma İKT sahəsində yaxşı bir ideyan varsa, uğurlu komanda ilə dünyanı dəyişdirə biləcək işlər ortaya qoya bilərsən. Bu sahə potensialına görə, sonsuz, intəhasızdır.

-Həm də ona görə ki, burada pul xərcləmədən də nəsə yaratmaq mümkündür...

-Bəli, burada əsas olan beyin gücüdür! Əgər nəyəsə marağın və həmin işi başa çatdırmaq üçün iradən, gücün yetəri qədərdisə, cəmiyyət üçün faydalı layihələr ortaya qoymağın da bir o qədər realdır.

-Cəmi  15 yaşınızda məktəbi bitirmisiniz. Hansı əlavə özəllikləriniz sayəsində bunu bacardınız?

-Ailəmizdə böyük övlad mənəm. Bəlkə, buna görə valideynlərim məhz  mənim dərslərimlə daha çox məşğul olmuşdular. Birinci sinfə gedəndə artıq çox şeyi bilirdim, dərs materialları mənim üçün çox asan idi. Elə bu səbəbdən, ilk sinifdəcə sıxılmağa başladım. Beləcə, birinci sinifdə artıq ikinci sinif materiallarını öyrənirdim. İkinci sinfi oxumağa ehtiyac olmadı, imtahan verərək üçüncü sinifə qəbul olundum. Sonra yenə beşinci sinifə keçid etdim və  nəhayət, 15 yaşımda məktəbi bitirdim. Qısa hekayə budur...(gülür)

-Maraqlıdır, ilk dəfə kompüterlə nə vaxt tanış olmusunuz?

-O vaxtlar kolleclərdə kompüter laboratoriyalar var idi. Kolleclərdə İT mütəxəssislər bizə ilkin səviyyədə bu sahəni öyrədirdilər. Amma o zaman hələ evdə kompüterim yox idi. Kompüterlə əyani tanışlığım elə ilk dəfə 8-ci sinifdə olub.

-Sinifdən sinfə keçəndə özünüzdən böyük sinif yoldaşlarınız bunu necə qarşıladılar?

-Əslində, bununla bağlı problemlərim oldu. Şagirdlərlə ünsiyyətdə çətinlik çəkirdim. Çünki onlardan 3 yaş balaca idim. Ən azından, bəzi məqamlarda düşüncə fərqimiz olurdu. 30 ilə 33 yaş arasındakı 3 yaş fərqi hiss olunmur, ancaq düşünürəm ki, 15-18 yaşlı şəxslər arasında yaş fərqi böyük rol oynayır. Bəzi narahatlıqların yaşanmasına baxmayaraq, ümumən, ciddi problemlərimiz olmayıb. Məni yalnız maraqlandıran bir hədəfim var idi, nəticədə də onun naminə çalışıb ətrafıma uyğunlaşdım.

-İlk dəfə Türkiyəyə gedəndə nə kimi problemlərlə qarşılaşdınız?

-Əslində, Şəki kimi bir əyalətdən birbaşa İstanbul kimi böyük şəhərə düşmək çox çətin idi. Lakin atam mənə uşaqlıqda sərbəst olmağı öyrətdiyi üçün bu, mənə elə də problem yaratmırdı. Həm də biz Türkiyəyə qardaş ölkə deyirik, bunun həqiqətən də şahidi oldum  və özümü orada  yad sanmadım. Digər məsələlərdə isə xarakterimdən asılı olaraq, uyğunlaşmaqda bir problemim olmadı.



-Azərbaycanda orta məktəblərin fəaliyyətini,  tədris keyfiyyətini necə qiymətləndirirsiz? Sizcə, bizdəki orta məktəblər dünyagörüşlü şəxsiyyət yetişdirə bilirmi?

- Bu gün orta məktəb şagirdi olsaydım, öncə istərdim ki, ingilis dilinə yaxşı yiyələnim. Kompüter, İT sahəsində də 1-2-ci sinifdən başlayaraq, mümkün qədər məlumata sahiblənmək və müəyyən bilgi əldə etmək yaxşı olardı. Yaşadığımız dövrdə hər şey texnologiya ilə idarə olunur. Belə olan halda da, xarici dil və texnoloji biliklər əhəmiyyətlidir. Bütün yeniliklər ingiliscə olduğundan, son bilgiləri əldə etmək üçün mütləq bu dili bilmək lazımdır.

İstərdim ki, təhsil sahəmizdə bu iki məsələ ön planda olsun.

-Bu gün orta məktəblərdə  keçirilən İnformatika fənninin tədris keyfiyyətini, bu predmetə olan ümumi yanaşmanı necə qiymətləndirirsiz?

- Sualı təcrübəmə əsaslanaraq cavablaya bilərəm: informatika sahəsində onlarla ölkənin qabaqcıl mütəxəssisləri ilə ünsiyyətdə oluram. Bu ünsiyyət zamanı məndə o ölkələrin İKT sahəsi ilə bağlı təəssüratlar yaranır və görürəm ki, informatika aləmində dünya miqyasında əhəmiyyətli bir yerdə deyilik. Bunun başlıca səbəblərindən biri isə təhsil sistemimizdə informatikaya diqqətsizlikdir.

-Bizim orta və ali  məktəblərdə bu sahəyə aid dərsliklərlə bağlı vəziyyət necədir?

-Bu sahədə qabaqcıl ölkələrdən öyrənəcək çox şeylər var. Məsələn, İngiltərədə informatika haqqında məlumatlar artıq uşaqlara 5 yaşından etibarən öyrədilməyə başlanılır. Həm kiçik yaşlardan bu sahəni öyrənmə istəyi aşılanır, həm də təhsil sisteminin əsas parçası olaraq İKT dərsləri mütəmadi olaraq öyrədilir.

Təhsil sistemimizdəki informatika dərsliklərinin yaxşılaşdırılması ilə bərabər bu sahədə praktikanın önəmi çox böyükdür. Proqramlaşdırmanı öyrənmək bir növ avtomobil idarə etməyə bənzəyir. Nəzəriyyəsini nə qədər mükəmməl öyrənsən də, sükan arxasına keçmədən avtomobili idarə etməyi öyrənmək qeyri-mümkündür. Eyni şəkildə proqramlaşdırmanı öyrənmək üçün praktikaya ehtiyyac var, bunun üçün də tələbələrin kompüter qarşısında səmərəli vaxt keçirmələrinə həvəs yaratmaq lazımdır.

-Azərbaycanın İT sahəsində təhsil alanlar, adətən, qeyd edirlər ki, onlar əsas bilgilərini internetdən əldə edirlər. Bununla bağlı Türkiyədə vəziyyət necədir?

-Boğaziçi Universitetində oxumağımızın yaxşı tərəfi o idi ki, orada dərs deyən müəllimlərin demək olar, hamısı Amerikanın sayılıb-seçilən təhsil ocaqlarının məzunları idilər. Hər biri öz sahələrində seçilən mütəxəssislərdir. Buna baxmayaraq, bir çox praktiki məlumatı özüm internet vasitəsi ilə öyrənmişəm. Universitetdə bizə əsasən elmi bilikləri-bünövrəni öyrətdilər.

Ümumiyyətlə, bu sahədə inkişaf o qədər sürətli gedir ki, 5 il əvvəlki nəşrlərin çox əhəmiyyəti qalmır. Ona görə də İKT sahəsi davamlı öyrənmək və öz üzərində işləməyi tələb edir.

-Azərbaycanın İKT sektorunun qlobal bazarda payı nə qədərdir? Ümumiyyətlə, sizcə, bu sahə müəyyən  paya sahiblənə bilibmi? Elə bir məhsulu varmı ki, qlobal bazarda hansısa məhsulla rəqabətə girə bilsin?

-Finladiyanın  əhalisi təxminən, bizimki qədərdir.  Burada son illərdə genişmiqyaslı İKT şirkətləri yaranıb.

Bunlardan biri Supercell şirkətidir ki, qlobal bazara çıxartdığı 4 oyunu var. Şirkət bu il 10.1 milyard dollar məbləğində bir Çin şirkətinə satılıb. Görülən iş, sadəcə, telefon və planşetlər üçün yazılan oyun idi.

Elə zamanda yaşayırıq ki, işini bilən peşəkar adamları bir araya toplayıb, onlarla doğru şəkildə çalışılsa, Azərbaycandan dünyaya daha qlobal fikir, ideya məhsulları çıxa bilər. Çünki Azərbaycanla Finladiyanın internet imkanları arasında çox da ciddi fərqləri yoxdur. Amma hazırda təəssüf ki, Azərbaycanda belə bir şirkət və məhsul tanımıram.

-Start Up  layihələriniz barəsində danışaq...

-İlk Start Up layihəm tələbələlik illərimə aiddir. Bizim universitetdə xüsusi dərs cədvəli yoxdur, hər semestr oxuyacağımız dərslərə biz qərar verirdik. Oxunacaq dərsləri seçib onları cədvələ yerleşdirmək uzun çəkən proses idi. Yoldaşlarımla bu prosesi avtomatlaşdırılmış bir sistemdə tətbiq edərək 2-3 günə başa gələn bir işi 1-2 saat içərisində həll edə biləcək səviyyəyə gətirmişdik. Qeyd edim ki, biz bu layihəni reklam etmədən universitetdə xeyli yayıldı və demək olar hərkəs istifadə etməyə başladı. Bundan başqa bir neçə layihələrimiz olsa da, istədiyimiz nəticəni əldə edə bilmədik. Amma hər şeyə rəğmən, hamısı bizim üçün təcrübə oldu. Hazırda isə heç bir Start Up layihəsi üzərində işləmirəm.

-Türkiyədə Start Up-lara investisiya yatırımı necədir?

-Türkiyədə müəyyən investisiya qoyan şirkətlər var. Bəyəndikləri və ən əsası inandıqları layihələrə investisiyalar qoyurlar. Bu şirkətlərə dünyanın hər bir yerindən müraciət etmək olar. Düşünürəm, bir insan hansısa layihənin uğurlu ola biləcəyinə inanırsa, gərək, ondan əl çəkməsin. Layihənin qlobal əhəmiyyəti olmasa belə, fokuslanma, hədəf kütləsi mütləq olmalıdır. Amerikanın özündə bir neçə belə nümunələr var ki, investorlardan dəfələrlə “yox” cavabı alsalar da, sonda qazanıblar. İndi də lider şirkətlərdən hesab olunurlar. Start Uplarına investor axtaranlara tövsiyəm odur ki, ümidlərini heç vaxt qırmasınlar. Bir şəkildə mübarizə aparıb bazara çıxmaq lazımdır.

-Dünya  bazarına çıxmaq üçün nə etmək lazımdır?

-Qlobal bazara çıxmaq üçün mütləq şəkildə xarici ölkələrdən də hədəf kütləsi seçilməldir ki, bu layihə əcnəbilərin maraq dairəsində olsun. Həm də investor çox vacibdir. Azərbaycanda xarici ölkələrdən də investorlar cəlb edə bilərlər. Bu özü də qlobal bazarda pay əldə etmək üçün bir şans ola bilər.

-Proqramçı olmaq üçün riyazi bacarıqlar əhəmiyyətlidirmi?

-Bütün sahələrdə olduğu kimi İT sahəsinin də müxtəlif mərtəbələri var. İlkin mərtəbələrdə riyazi bacarığa ehtiyac olmur. Riyazi bacarıq əsasən, qlobal bazara girəcək ciddi layihələrdə işə düşür. Hansı ki, o layihədən eyni zamanda minlərlə adam istifadə edəcək. Belə uğurlu işlərin arxasında mütləq ciddi mühəndislik bacarığı dayanır. Amma, tutaq ki, web-sayt qurmaq üçün heç bir şəkildə riyazi bilgiyə ehtiyac yoxdur. Burada, sadəcə, lazım olan dizayn bacarıqlarıdır.

-Azərbaycanda  İT sektorunun daha da inkişaf etməsi üçün nələr arzuolunandır?

-İnkişaf üçün bir neçə faktor önəmlidir. Bunlardan birincisi, sürətli internetdir. Ölkəmizdə internet sürəti, təəssüf ki, heç yaxşı deyil. İT-ni inkişaf etdirmək üçünsə bu, çox mühümdür. Qeyd etdiyimiz kimi, Azərbaycanda start up-çılar investor tapmaqda çətinlik çəkirlər. Bunun da  başlıca səbəbi odur ki, bizdə bazar elə də böyük deyil. İnvestorlar həmişə, qoyduqları pulun bir neçə qatını çıxarmaqda maraqlı olurlar. Bunun cavabını isə elə internetin zəif olduğu ölkədə tapmaq bir o qədər də asan deyil. Bazar kiçikdir və internet sürəti zəifdir. Bu iki səbəb bir-birinə, dediyim kimi, çox bağlıdır. İnternetin zəifliyi bazarı kiçik saxlayır.

Biz 2011-ci ildə Türkiyədən yaxşı bir dəstək alaraq,  məsafəli təhsil layihəsi həyata keçirmişdik. Proqramın mahiyyəti ondan ibarət idi ki, universitetə hazırlaşan abituriyentlər hansısa bir sualda çətinlik yarandıqda həmin dərsin şəklini çəkib proqrama ötürməklə dərhal müəllimdən kömək ala bilirdi. Bunu həyata keçirməyimə səbəb bacım oldu. Şəkiyə gələndə dərsləri ilə məşğul olurdum, və çox yaxşı oxuyurdu. İstanbula gələndə isə fikrim qalırdı, düşünürdüm, ona necə kömək edə bilərəm? Nəzərə alaq ki, məktəbdə istədiklərini əldə edə bilmirdi. Və bu səbəblə layihəni həyata keçirdik, lakin mən ilk testimdə yaxşı nəticə ala bilmədim. Bacımla onlayn danışmağa başlayanda internet tez-tez kəsilir, bağlantı itir, səs qırılırdı. Beləcə, internet sürəti yaxşı olmadığı üçün uğur qazanmadı.

Və yaxud da keçən il ailəmə baş çəkmək, həm də istirahət etmək üçün Şəkiyə gəldim. Həmin vaxtda bizim şirkətin Asiya direktoru ilə toplantımız var idi, mən təxminən 5 dəfə xəttən düşdüm. Bu mənim üçün utancverici idi.

Azərbaycanda İKT sahəsinin inkişafı üçün əlavə olaraq, tədris planlarına proqramlaşdırma dili əlavə olunmalı və informatika fənni daha ciddi şəkildə öyrədilməlidir. İT təhsilin önəmli parçası olmalıdır. Bu sahədə mütəxəssis olmaq istəyənlər təməl bilgiləri elə kiçik yaşlardan öyrənməlidir. Məncə, proqramlaşdırmanın ən sadə qaydalarını universitetdə öyrənmək artıq gecdir. İnsanlar orta məktəblərdən ali məktəblərə artıq müəyyən biliklərlə gəlməlidirlər. İndi dünyada belə nümunələr var ki, 13-14 yaşında uşaqlar öz mobil tətbiqini yazır və milyonlarla istifadəçi qazanırlar.

-Bir az da gələcək planlarınızdan danışaq:  qarşınıza qoyduğunuz hədəflər və məqsədləriniz nələrdir?

-Bu sahədə özünü inkişaf etdirmək istəyən gənc kadrlara kömək etmək istəyərəm. Çünki mən artıq bu başlanğıc nöqtəni keçmişəm. Hazırda isə texnologiyanın vəziyyəti nədir, haradadır və hara gedir-bu mövzuda fikir sahibiyəm.

Bir otaqda ən ağıllı insan sizsinizsə, səhv yerdəsiniz. İnsan hər zaman tutduğu vəzifədən asılı olmayaraq öyrənəcək çox şeyin olduğunu bilməli və daha peşəkar insanlarla çalışmalıdır ki, özünü inkişaf etdirə bilsin. İndiki işimdə dünyanın bir çox ölkəsindən – Rusiya, Rumıniya, Polşa, Hindistan və bir sıra ölkələrin mütəxəssisləri ilə birgə çalışıram. Hər yerdən müxtəlif şəxslərlə ünsiyyətdə olduqda insan hər kəsdən nələrsə öyrənir. Və hər kəsə beynəlxalq arenaya çıxmaq məsləhətlidir. Bu halda insan öz əksik tərəflərini görür və qabağa gedir.

Öz şəxsi hədəfim isə qlobal miqyasda texnologiyaya yön verən bir şirkətin əsas bir parçası olmaqdır.