Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-25 16:00:00
Məktəbəhazırlıq qruplarının uğur sirri – Təhsili inkişaf etdirəcək “azyaşlı metod” - TƏHLİL  

Azərbaycan Respublikası Prezidentinin hələ 2009-cu il 5 sentyabrda verdiyi 156 nömrəli Fərmanda  məktəbəqədər yaşlı uşaqların ümumi təhsil prosesinə hazırlığının təmin olunması məqsədi ilə orta ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarının yaradılması nəzərdə tutulub.

Fərmanda bu qrupların dövlət büdcəsinin vəsaiti hesabına fəaliyyəti nəzərdə tutulub. O da qeyd olunub ki, 2016-2017-ci dərs ilindən başlayaraq 2020-ci ilədək uşaqların məktəbəhazırlıqla əhatə olunması səviyyəsi 90 %-ə çatdırılmalıdır.

Məktəbəhazırlıq təhsilinin əhatəsi 2016-2017-ci tədris ilində ölkə üzrə 55 %-ə çatıb. Bu qruplar ölkə üzrə 2.795 dövlət məktəbində təşkil edilib. Məktəbəhazırlıq təhsili üçün 4.410 məktəbə 86.970 uşaq və iş təcrübəsinə malik müəllim cəlb edilib.

Hazırda 5 yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi 2013-cü ildəki 24 %-dən 75%-ə çatdırılıb. Bu, Təhsil Nazirliyinin prioritet istiqamətlərindən biri olduğuna görə, həyata keçirilən tədbirlər nəticəsində tarixən məktəbəqədər təhsil müəssisələri olmayan yaşayış məntəqələrində, ucqar kəndlərdə də uşaqların məktəbəhazırlığı təmin edilib.

Ölkəmizdə UNİCEF və Avropa Birliyinin maliyyə dəstəyi ilə 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsinə başlanması da bu istiqamətdə atılmış uğurlu addımlardandır. Beynəlxalq təcrübəyə əsaslanan bu layihə Bakı şəhərində və 10 rayonda 100 icmanı 2 mindən çox uşağı əhatə etməklə həyata keçirilir.

“Azərbaycanda məktəbəhazırlıq səviyyəsinin qısa müddətdə artması region ölkələri ilə müqayisədə fenomenal uğur sayılır”.

Bu sözləri UNİCEF-in Avropa və Mərkəzi Asiya üzrə regional təhsil məsləhətçisi Parmosivea Soobrayan ADA Universitetində keçirilən “İnklüziv, bərabər və keyfiyyətli təhsilə doğru: imkanlar, məqsədlər və hədəflər” şüarı altında 4-cü Beynəlxalq Təhsil Konfransında deyib. O, çıxışında bildirib ki, son 2 ildə 3-4 yaşlı uşaqları hədəfə götürmüş erkən yaş təhsili üzrə yeni təşəbbüs sayəsində ölkənin 100 icma əsaslı mərkəzində ümumilikdə 3 minə yaxın uşaq məktəbəqədər təhsilə cəlb edilib. Parmosivea Soobrayan diqqətə çatdırıb ki, UNİSEF-in dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində məktəb yaşına çatmamış uşaqlar üçün yeni kurikulum və tədris materialları işlənib hazırlanıb, yeni metodologiyalar üzrə təlimlər keçirilib. O, məktəbəhazırlıq qruplarını gələcək şagirdlər üçün uğurunun başlanğıcı hesab edərək, onu fundomental uğur adlandırıb.

Məktəbəhazırlıq qruplarının önəmi, onun şagirdə qazandırdığı üstünlüklər isə çoxlarına məlumdur. Son illər daha da aktuallaşan bu qruplar dünya ölkələrində daha öncədən tətbiq olunur.

Məktəbəhazırlıq qrupları haqqında hər şey

Bu qruplar özündə xeyli perspektivlər daşısa da qanunvericiliyə uyğun olaraq əsas məqsədləri belədir:

-5 yaşlı uşaqların məktəb təliminə hazırlığına psixoloji dayanıqlığını artırmaq;

-Onları əhatə olunduqları aləm və təhsil mühitinə uyğunlaşdırmaq;

-Ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək.

Bundan əlavə, məktəbəhazırlıq ibtidai təhsilə keçidi asanlaşdırır və uşağın adaptasiyasına müsbət təsir edir.

Dövlət ümumtəhsil müəssisələrində yaradılmış hazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Bu qruplarda təhsil ödənişsizdir.

Məktəbəhazırlıq mərhələsində məşğələlər həftədə 4 gün olmaqla ayda 12 dəfə keçirilir. Gün ərzində 3 məşğələ nəzərdə tutulub. Hər məşğələnin müddəti 30, məşğələlərarası fasilə isə 10 dəqiqədir. Zehni gərginlik tələb edən məşğələlərdə, 3 idman dəqiqəsi də keçirilir.

Məktəbəhazırlıq qruplarının I sinfə qəbulda qazandırdığı üstünlüklər:

Məktəbəhazırlıq qruplarına getməyən uşaqların I sinfə qəbuluna heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Amma məktəbəhazırlıq keçən uşaqlara I sinfə qəbul zamanı müəyyən üstünlüklər verilir: Onlar hazırlıq oxuduqları məktəb və müəllim üzrə sistemdə avtomatik qeydiyyatdan keçirilirlər. Valideyn övladının oxuduğu məktəb və ya müəllimi dəyişmək istəsə, sistemə daxil olaraq sorğunu ləğv etməli və istədiyi məktəb, müəllim üzrə sorğu yerləşdirməlidir. Qeyd edək ki, I sinfə qəbulda məktəbəhazırlıq keçən azyaşlılara üstünlüklərin verilməsi, digər azyaşlılar üçün heç məhdudiyyət yaratmır. Burada hər hansı uşağın təhsildən kənar qalmasından söhbət gedə bilməz.

Məktəbəhazırlıq qruplarına qəbul:

Rayonlar üzrə ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu hər il avqustun 15-dən sentyabrın sonunadək aparılır. Paytaxtda məktəbəhazırlıq qruplarına sənəd qəbulu isə mektebeqebul.edu.az saytı vasitəsilə həyata keçirilir.

Hazırlıq qruplarına qəbul üçün bu sənədlər tələb olunur:

-Uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (olmadığı halda doğum haqqında şəhadətnamə; Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi; Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi; Xarici doğum haqqında şəhadətnamə)

-Uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U);

-2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;

-Məktəb direktorunun adına ərizə; Yalnız Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində valideynin “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”.

Məktəbəhazırlıq qrupları ilə bağlı AzEdu.az-a danışan Təhsil İnstitutunun Məktəbəqədər təhsilin kurikulum şöbəsinin müdiri Laləzar Cəfərova bildirib ki, dövlət bağçaları nəzərə alınsa, ölkəmizdə uşaqların məktəbəqədər təhsillə təmin olunma dərəcəsi təxmini 15%-dir. Bura özəl müəssisələri də əlavə etsək, bu göstərici ən çoxu 25 % olar.

O, məktəbəhazırlığın icbari olduğunu vurğulayıb və əlavə edib:

“Hazırlıq keçən uşaqlar məktəbə müəyyən baza, əsasla gəlirlər. Məktəb proqramı da bu, nəzərə alınaraq tərtib edilib. Buna görə də məktəbəhazırlıq keçən və keçməyən şagirdlər arasında ciddi fərq yaranır. Bu, müəllimlərin işini hədsiz çətinləşdirir.

Hazırda 90 məktəbdə ibtidai siniflər üçün alternativ dərsliklər hazırlanır. Bu dərsliklərlərin məzmunu nəzərə alınaraq orta məktəbdə əlifbanın öyrədilməsi 2 ay ərzində tamamlanır. Deməli, bunun əsası məktəbəhazırlıq mərhələsində qoyulmalıdır. Məktəbəhazırlıqda əl yazısı, hüsnxətt öyrədilmir. Çünki hər məktəb müəlliminin öz metodikası var. Amma məktəbəhazırlıqda şagirdlər bütün hərflərin çap formasını tanıyır, sözləri oxuya bilirlər”.

O, məktəbəhazırlıq qruplarının önəmini belə izah edib:

“Məktəbəhazırlıq qrupları 30 dəqiqə ərzində uşaqlara diqqəti bir yerə cəmlənməyi öyrədir, onları təlim yükünü daşımağa, gələcək 4 dərsli rejimə hazırlaşdırır. Bundan əlavə, azyaşlılar yeni sosial qrupa adaptasiya olunurlar. Əməkdaşlıq, fikirlərini ifadə etmək, müstəqillik və s... Məktəbəhazırlıq azyaşlıya çox şey qazandırır”.

Laləzar xanım məktəbəhazırlıq təhsilinin kurikulumundan da söz açıb:

“Kurikulum hazırlanan zaman kənardan mütəxəssislər də gətirilmişdi. O işçi qrupuna bilavasitə özüm rəhbərlik etdim.

Hazırda qüvvədə olan məktəbəhazırlıq kurikulumu 2012-ci ildən tətbiq olunur. Amma 2010-cu ildə də Nazirlər Kabinetinin 10 iyul tarixli “Məktəbəqədər təhsilin dövlət standartı və proqramı” hazırlanmışdı. Sadəcə bir qədər redaktə xarakterli idi və təkmilləşməsinə ehtiyac vardı. Ona görə də məktəbəqədər təhsilin dövlət standartları daha təkmil formada hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Hazırda son mərhələdədir və təsdiq gözləyir.

Keçmiş kurikulum 3-6 yaş aralığında olan uşaqları əhatə edirdi. 3 yaşına qədər olan azyaşlılar kənarda qalmışdı. Halbuki məktəbəqədər təhsil 2 hissədən ibarətdir: erkən və məktəbəqədər təhsil dövrü. Buna görə də sonuncu qanun layihəsində 1- 6 yaşlı uşaqların bütün yaş mərhələləri nəzərə alındı”.

O, məktəbəhazırlıq qruplarının  dərs proqramlarından söhbət açıb. Uşaqları təhsildən soyutmadan özlərinin  də xəbəri olmadan öyrətməyin yollarını sadalayıb:

“Məktəbəhazırlıq qruplarında tədris fənnyönümlü deyil. Məktəbdəki məzmun xətləri məktəbəqədər təhsildə inkişaf sahələri adlanır. Məsələn, fiziki inkişaf -  sağlamlıq və təhlükəsizlik; idrakın inkişafı, sosial - emosional inkişaf, estetik yaradıcı inkişaf. Bağçalarda  bunun əsasında 7 məşğələ növü müəyyən edilir.

Məktəbəhazırlıq bağçanın ən son qrupudur və 5 - 6 yaşı əhatə edir. Məktəbəqədər təhsilin önəmi bundan ibarətdir ki, azyaşlı I sinfə gələndə artıq kollektivə, yeni sosial mühitə uyğunlaşmaqda çətinlik çəkmir. Buna görə də bütün uşaqlar bu mərhələni keçməlidirlər”.

Laləzar xanım məktəbəhazırlıq qruplarında tədris aparan müəllimlər barədə məlumat verib. Bildirib ki, bunun üçün diaqnostik qiymətləndirmədə yüksək bal toplamış, səriştəli, əsasən IV sinifdə tədris aparan müəllimlər seçilirlər. Bu da növbəti tədris ilində birinci sinfə gedəcək şagirdlərin adaptasiyası üçün körpü rolunu oynayır. Məktəbəhazırlıq qruplarında işləyən müəllimlər öyrədici təlimlərə cəlb olunurlar:

“Çünki məktəblə məktəbəqədər dövrün arasında xeyli fərq var. Hazırlıq keçən müəllim məktəbəqədər dövrün xüsusiyyətlərini bilməlidir. Bəziləri tədrisə məktəbdəki kimi ciddi rejimlə başlayırlar. Halbuki məşğələlər oyun tipində təşkil edilməlidir. Belə olanda uşaq da məşğələyə maraq göstərir, tez adaptasiya olur və yaxşı mənimsəyir.

Hazırlıq keçəcək müəllimləri məktəb seçir. Onlar sonradan Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda təlim keçirlər. Obyektiv olsaq, bəzən özləri saatı olmayan müəllimə üstünlük verirlər. Qanunvericiliyə əsasən, IV sinfi bu il bitirən müəllim I sinfə dərs deyəcəksə, həmin hazırlıq qrupunu da elə özü götürməlidir. Həmin müəllim I növbə təhsil alan şagirdlərini salandan sonra günün ikinci yarısında 2 saat olmaqla həftənin 4 gününü o uşaqlarla məşğul olmalıdır.

Laləzar xanımın sözlərinə görə, məktəbəhazırlıq qrupları ilə bağlı işçi qrupu təşkil edilərkən burada psixoloq, müəllim, ziyalı valideyn - bağça rəhbərindən tutmuş tərbiyəçiyə qədər hər kəs nəzərə alınmışdı. Sənəd 2 ilə hazırlanıb. Bu müddət ərzində uşağın sağlamlığına mənfi təsir göstərəcək cəhətlər buradan çıxarılıb:

“Məktəbəhazırlıq qruplarında tədris aparan, nəzərdə tutulan məzmunu əhatə edib, yeni texnologiyalardan yararlanaraq yaxşı nəticələr əldə edən müəllimlər var.

Məktəbəhazırlığın sonuncu kurikulumu Bakı bağçalarının heç birində rəsmi tətbiq edilmir. Düzdür, özəl bağçalar təlimlərdən keçiblər. Bəzi dövlət bağçaları da bunun üçün təşəbbüs göstəriblər.Paytaxtda bunun kütləviliyi təmin olunmalıdır”.

O, məktəbəhazırlıq qruplarının orta təhsil müəssisələrində fəaliyyət göstərməsini vurğulayaraq bunun səbəblərini izah edib:

“Bağçalarda yer sayı çox azdır. Məktəbəhazırlıq qrupları bağçalarda fəaliyyət göstərsə, bütün uşaqları əhatə etmək qeyri - mümkün olar. Alternativ çıxış yolu məktəblərdir. Biz bu qruplarla bağlı rayonlarda da olmuşuq. O vaxt təzə bu qruplar yeni tətbiq olunurdu. Açığı, rayonlarda bəzən kadr keyfiyyəti aşağı olur”.

Xaricdə təhsil məsələləri üzrə ekspert Ayan Əliyeva isə dünya ölkələrində məktəbəhazırlıq təhsilinin durumu barədə məlumat verib. O bildirib ki, Amerikada təhsil 9 aylıqdan başlayır. Buna “childcare” adlanır:

“Uşaqlar 3 yaşlarına qədər bağçada təhsil alırlar. Burada onlara konstruktorla işləməyi öyrədirlər. Bu, azyaşlıların zehni qabiliyyətlərini inkişaf etdirir. Tədrisdə xırda motorikaya üstünlük verilir. Uşaqların gündə 3 dəfə açıq havada oynaması mütləqdir. Valideynlərə övladlarının tədrisi ilə bağlı gündəlik raport gəlir.

3 yaşdan isə artıq məktəbəhazırlıq başlayır və 5 yaşadək davam edir. Bu, məktəbəhazırlıq olsa da, bağça deyil, məktəb adlanır. Amerikada məktəblər iyunda bitsə də, azyaşlılar üçün yay məktəbləri təşkil olunur. Onlar düşünmürlər ki, uşaq yayda dincəlməlidir. İstəyən dincəlir, istəyən isə yay məktəbinə gedir. Yay məktəbləri oyun formasında keçirilsə də, qavrama baxımından çox əhəmiyyətlidir.

Hazırlıq qruplarında heç nə məcburi deyil. Uşaqlar dərs oxumur, məktəbə həvəslə, oyun fikri ilə gəlirlər. Proqram elə qurulub ki, azyaşlılar özləri də dərk etmədən oxuyur, qavrayırlar. 3-5 yaşda “preschool” başlayır. 6 yaşı olanlar isə sırf məktəbə hazırlaşırlar. Amerikada şərt deyil ki, uşaq məktəbə gələndə yazı və oxunu bilsin. Əsas onun məntiqi qavrama və dünyagörüşünün geniş olmasıdır”.

O qeyd edib ki, İngiltərədə məktəb 4 yaşından başlanır və 13 illikdir. I sinif 6 yaşa təsadüf edir. Amma artıq 4 yaşından hamı məktəbə getməlidir. Hazırlıq da məktəb sisteminə daxildir”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları