https://www.zirve.edu.az/
26.04.2018 10:13
Rusiyada tibb, biologiya və pedaqogika sahələrində məktəb yaradan nüfuzlu  Azərbaycan alimləri – II Yazı

Müxtəlif illərdə Azərbaycandan dünyanın bir çox yerlərinə beyin axını olub. Bunun də həm obyektiv, həm də subyektiv səbəbləri var. Kimi oxuduğu universitetin elmi potensialını məqbul görərək, orada qalıb, kimisi isə sonradan gələn sərfəli təklifi geri çevirməyərək, xarici ölkələrin elmi və təhsil müəssisələrinə işləməyə gedib.

Səbəbindən asılı olmayaraq, itirən isə Azərbaycan elmi və təhsili olub. Bu gün təkcə Rusiyada elmin müxtəlif sahələrində ad-san qazanan xeyli alimlərimiz var.

AzEDU.az bu gün onlardan, daha doğrusu, onların yalnız bir qismindən bəhs edəcək. Təbii ki, adlarını sadaladığımız alimlər siyahının heç bir faizi də deyil və biz yeri gəldikcə, digərlərini də təqdim edəcəyik.

Hələlik isə aşağıdakı alimləri diqqətə çatdıraq:

Yusif Əmiraslanov - 18 aprel 1949-cu ildə Kəlbəcər rayonunda dünyaya göz açıb. Orta məktəbi doğma kəndində başa vurduqdan sonra Bakıya gəlib, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olunub. Həkimlik peşəsinə yiyələnən gənc ali məktəbdən sonra paytaxt klinikalarından birində əmək fəaliyyətinə başlayıb, az sonra Rusiyanın Tula vilayətindəki xəstəxanalardan birində, 1974-cü ildə isə A.V.Vişnevski adına Moskva Cərrahiyyə İnstitutunda işləməyə başlayıb.  Praktiki fəaliyyətlə yanaşı, elmi biliklərini də daim artıraraq, tezliklə namizədlik dissertasiyası müdafiə edən soydaşımız, daha sonra tibb elmləri doktoru elmi dərəcəsini qazanıb. Fəxrlə qeyd edilməlidir ki, Rusiya Federasiyasında klinik cərrahiyyə üzrə işıq üzü görən üç dərslikdən birinin müəllifi həmyerlimiz, tibb elmlər doktoru, professor Yusif Əbülfət oğlu Əmiraslanovdur.

Ümumiyyətlə, 250-dən artıq elmi işin müəllifi olan Yusif Əmiraslanov travmatologiya və ortopediya üzrə orijinal əməliyyatlar metodikasını işləyib hazırlayan ixtiraçı və səmərələşdirici kimi tanınır. Onun elmi əsərləri dünyanın əksər təbabət mütəxəssisləri tərəfindən məmnuniyyətlə qəbul edilir. Məhz bu uğurlarına görə, Yusif Əmiraslanov həm Nyu-York Akademiyasının, həm də Rusiya Təbiət Elmləri Akademiyasının üzvüdür.

Professor Əmiraslanov cərrahi infeksiyalar, plastik cərrahiyyə və travmatologiya problemləri üzrə öz məktəbini yaradıb. Onun Moskvada işləyib hazırladığı cərrahiyyə üsulları həm də Azərbaycanın müxtəlif klinikalarında uğurla tətbiq edilir. Professor doğma Azərbaycanda tibb elminin inkişafına böyük maraq göstərir, elmi kadrların hazırlanmasına hərtərəfli kömək edir.

Yusif Əmiraslanov dəfələrlə beynəlxalq miqyaslı mükafatlarla, o cümlədən Rusiya Federasiyası hökumətinin təsis etdiyi dövlət mükafatları ilə təltif edilib.

Cərrah-alim əsl ziyalı olaraq, ictimai fəaliyyətdən də kənarda qalmır. Yaşadığı Rusiya Federasiyasının ictimai həyatında iştirak etməklə yanaşı, həm də Rusiyadakı Azərbaycan diasporunun aktiv üzvlərindəndir;

Sabir Hüseynzadə  - 1950-ci ildə Moskva şəhərində dünyaya göz açıb. 

Hələ Moskvadakı orta məktəblərdən birinin şagirdi olduğu müddətdə Hüseynzadə Beynəlxalq Riyaziyyat olimpiadasının qalibi olduğu üçün 1966-cı ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə imtahansız qəbul edilib. 1971-ci ildə həmin universitetin aspiranturasına qəbul olunan gənc 1974-cü ildə “İkidəyişənli funksiyaların kəsişmə xüsusiyyətlərinin matrisi” mövzusunda dissertasiya müdafiə edərək, elmlər namizədi alimlik dərəcəsini qazanıb. 1991-ci ildə isə doktorluq dissertasiyasını uğurla müdafiə edib.

Sabir Hüseynzadə 1996-cı ildən MDU-nin professorudur. Yüksək potensiallı müəllim-alim həm də MDU-nin Bakı filialında mühazirələr oxuyur. Eyni zamanda Müstəqil Moskva Universitetinin müəllimidir. Moskva Riyaziyyat Cəmiyyətinin İdarə heyətinin üzvüdür. 2012-ci ildə MDU-nin Əməkdar professoru tituluna layiq görülüb.

1998-ci ildə Hüseynzadə 61-ci Moskva Riyaziyyat olimpiadasının təşkilat komitəsinin sədri olmuşdu. “Riyazi maarifləndirmə”, “Funksional analiz və onun əlavəsi” “Azərbaycan Journal of Mathematics”, “Turkic World Mathematical Society Journal of Pure and Applied Mathematics” jurnallarının redaksiya heyətinin üzvüdür. Moskva Müstəqil Universitetinin nəşr etdirdiyi “Moscov Matematical Journal” beynəlxalq dərgisinin  baş redaktorudur.

Hüseynzadə 4 monoqrafiyanın və 120-dən çox digər elmi əsərlərin müəllifidir. Yeri gəlmişkən, Hüseynzadə ilk elmi məqaləsini hələ məktəbdə oxuyarkən, cəmi 15 yaşı olanda yazıb.

 Zülfiyyə Abbasova - Abbasova Zülfiyə Bağır qızı 1950-ci ildə Qərbi Azərbaycanda anadan olub.

1972- ci ildə M.F. Axundov adına Pedoqoji İnstitutunu (indiki Bakı Slavyan Universiteti)  bitirdikdən sonra Gəncə məktəblərindən birində rus dili və ədəbiyyatı müəllimi kimi fəaliyyətə başlayan Zülfiyə Bağırova 1975-ci ildən Leninqradda (indi Sankt-Peterburq) yaşayır. Bu şəhərə ilk gəlişində müəllimlik fəaliyyətini davam etdirən Zülfiyyə xanım, 1984-cü ildə Leninqrad Dövlət Universitetində baş lobarant kimi fəaliyyətə başlayır. Fəlsəfə fakültəsində ixtisasca fililoq olmayan xarici dilli tələbələr üçün rus dili kafedrasının dosenti vəzifəinə qədər yüksəlir. 1991-ci ildə həmin universitetdə rus dilinin xarici dil kimi tədrisinin metodikası üzrə namizədlik dissertasiyası müdafiə edərək, pedoqoji elmlər namizədi alimlik dərəcəsini qazanır.

1994-cü ildə Zülfiyə xanım Sankt-Peterburq Kimyəvi-farmoseptika institutuna dəvət olunur və bu institutda rus dili kafedrasının yaradılması ona həvalə edilir. İşin öhdəsindən layiqincə gələn xanım-pedaqoq bu günəcən həm də kafedranın müdiri vəzifəsində çalışır. Zülfiyyə Abbasova 26 dərs vəsaitinin müəllifi və ya həmmüəllifidir. Dərsliklərdən beşi RF Təhsil və Səhiyyə nazirliklərinin qrifini alıb. Alimin beynəlxalq konfranslarda çıxışlarından 50-si müxtəlif elmi jurnallarda və konfrans materialları toplularında dərc edilib.

Zülfiyyə Abbasova həyat yoldaşı, RF-nın Əməkdar həkimi Rahib Abbasovla birlikdə Sankt-Peterburqda ilk dəfə olaraq, azərbaycanlı uşaqlar üçün istirahət günü məktəbi açıb. Bu məktəbdə Sankt-Peterburqda yaşayan azərbaycanlı ailələrin övladları Azərbaycanın milli-mədəni dəyərləri barədə əhatəli bilgilər almaq imkanı qazanırlar. Məktəb həm də digər xalqların nümayəndələrinin Azərbaycan barədə aydın təsəvvür yaranması üçün əhəmiyyətli tədris və təlim müəssisəsidir.

Zülfiyyə xanım Dünya Azərbaycanlılarının I qurultayının nümayəndəsidir. Sankt-Peterburq azərbaycanlılarının Milli-mədəni Şurasının üzvüdür. Mədəniyyət və təhsilin inkişafındakı xidmətlərinə görə Zülfiyə Bağır qızı Abbasova  2003-cü ildə “Sankt-Peterburqun 300 illiyi şərəfinə” medalı ilə, 2008-ci ildə isə Heydər Əliyev fondunun təsis etdiyi xüsusi diplomla mükafatlandırılıb.

Qaraxan Mirzəyev - 1951-ci ildə Masallı rayonunun Tüklə kəndində anadan olub. 1966-ci ildə Tüklədə səkkizillik məktəbi tamamladıqdan sonra Sumqayıt şəhərində 35 saylı peşə məktəbində, paralel olaraq 11 saylı axşam məktəbində təhsilini davam etdirib.

Riyaziyyata olan marağı onu Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə gətirib çıxarır. 1974-cü ildə həmin ixtisas üzrə ali təhsil diplomunu qazanan gənc bir neçə il Masallı rayonunun Böyük Kolatan və Tüklə kənd orta məktəblərində riyaziyyat müəllimi işləyib. Onun fitri istedadını görən və qiymətləndirən insanlar ona təhsilini davam etdirməyi məsləhət görmüş və dəstək olmuşlar. Bu insanlar arasında fizika-riyaziyyat elmləri doktorları Fərəməz Maqsudov, Mirabbas Qasımov, Sabir Mirzəyev kimi riyaziyyatçıları xüsusi qeyd etmək lazımdır. Qaraxan Mirzəyev 1979-cu ildə M.V.Lomonosov adına MDU-nun mexanika-riyaziyyat fakültəsinin “Funksional analiz və funksiyalar nəzəriyyəsi” kafedrasının aspiranturasına qəbul olunur, 1981-ci ildə  “Kvazirequlyar differinsial operatorlar” mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi dərəcəsini qazanır.

Alim 1995-ci ildə “Sadə simmetrik differinsial tənliklərin həllinin zp xassəsi” (“zp”–adi simmetrik differensial tənliklərin həll xüsusiyyəti) mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini qazanıb.  1980-2000-ci illərdə Moskvanın nüfuzlu ali məktəblərində işləyib.

Qaraxan Mirzəyevin elmi nailiyyətlərini diqqətlə izləyən böyük alim, MDU-nun rektoru V.A.Sadovniçi 2000-ci ildə onu Moskva Dövlət Universitetinin “Riyazi analiz” kafedrasına dəvət etdi. Həmin dövrdən Qaraxan müəllim bu elm ocağında riyazi analiz kafedrasının professoru vəzifəsində çalışır.

Hazırda Qaraxan Mirzəyev həm də doğma vətəni Azərbaycanda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının müəllimi kimi də fəaliyyət göstərir.

Süleyman Allahverdiyev - 1952-cü ildə Qərbi Azərbaycanda dünyaya göz açıb. Orta təhsilini tamamladıqdan sonra Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində təhsil alıb. 1977-ci ildə SSRİ EA-nın Biologiyanın fundamental problemləri İnstitutu Fotosintez İnstitutunun aspiranturasına daxil olmuş, 1984-ci ildə SSRİ EA Fizika institutunda "Biofizika" ixtisası üzrə namizədlik dissertasiyası  müdafiə etmişdir. 2015-ci ildən etibarən isə biologiya elmləri doktorudur.

Süleyman Allahverdiyev bir sıra xarici ölkə universitetlərində dəvətli professor kimi çalışıb: 1992-1994-cü illərdə Kanadanın Trois-Rivieres və Kvebek, 1994-1995-ci illərdə İspaniyanın Estacion Experimental de Aula Dei və CSIC Zaragosa, 1995-2007-ci illərdə Yaponiyanın National Institute for Basic Biology və  Research Center for Molecular-scale Nanoscience universitetlərində çalışıb. Hazırda Moskvadakı Bitki Fiziologiyası institutunda İdarəedilən Fotobiosintez Laboratoriyasının müdiri və biologiyanın fundamental problemləri İnstitutunun baş elmi işçisidir.

2016-cı ilin dekabrında elm aləmində Azərbaycan üçün çox maraqlı və qürurverici bir məlumat yayıldı. Belə ki, həmin tarixdə Web of Science bazasının yaradıcısı Clarivate Analytics şirkətinin mükafatına təqdim edilmiş Rusiya alimləri və Tədqiqat təşkilatlarının siyahısı elan edildi. Həmin siyahıya əsasən həmyerlimiz Süleyman İfxan oğlu Rusiya Federasiyasında ən çox istinad olunan alim kimi təqdim olunurdu. Statistik bilgilər təkcə 2016-cı ildə alimin əsərlərinə Web of Science üzrə 2819, Scopus üzrə 1971 dəfə istinad edildiyindən xəbər verirdi.

Ümumiyyətlə, Süleyman Allahverdiyev 300-dən artıq əsərin və 6 ixtiranın müəllifidir, əsərlərində istinad indeksi 4000-dən çox, Хирша indeksi – 33-dür.