Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-21 17:29:06
Maaş artımı müddətli müqavilə ilə çalışan müəllimlərə də şamil olunacaq  

Dövlət ümumtəhsil məktəblərində müddətli müqavilə ilə çalışan müəllimlərin də maaşı 20% artımla hesablanacaq.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Tv-nin  “Təməl”  verilişində Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov məlumat verib.

Bildirilib ki, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi” Qaydalarına uyğun olaraq müəllimlərin işə qəbulu üzrə müsabiqədə uğur qazanan müəllimlər mərkəzləşdirilmiş müsabiqə yolu ilə işə qəbul edilmiş hesab olunurlar.

Məlumata əsasən, müəllimlərin işə qəbulu müsabiqəsindən uğurla keçib, istər müddətsiz, istərsə də müddətli müqavilə əsasında çalışan müəllimlərin aylıq vəzifə maaşı sərəncama əsasən,  2019-cu ilin sentyabrın 1-dən etibarən 20 faiz artımla hesablanacaq.

Qeyd edək ki, 18 iyunda Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 20 faiz artırılmalıdır.