Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-25 16:32:00
Dərsliklərlə bağlı çox ciddi problemlər var – “Komissiyanın tərkibi dəyişməlidir”

Ümumi təhsil sistemində dərslik siyasəti Azərbaycan hökumətinin strateji fəaliyyət dairəsinə daxil olan təhsil sahəsində prioritet istiqamətlərdən biridir. Dərsliklər forma və məzmun cəhətdən bir-birini tamamlamalıdır. Bu, fənnin dərkedilmə səviyyəsinin yüksəldilməsi nöqteyi-nəzərindən xüsusi əhəmiyyət kəsb edir. Lakin hazırda orta məktəblərdə istifadə olunan dərsliklərdə məzmun, dil və yazı üslubu, dizayn, bədii tərtibat, tapşırıqların məzmuna uyğunluğu baxımından qüsurlar çoxdur.


Tarix üzrə fəlsəfə doktoru İradə Ələsgərova mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında dərsliklərin nəşrə hazırlanmasında ciddi nəzarət lazım olduğunu bildirib. O, qeyd edib ki, tədrisin keyfiyyəti materialın mənimsənilmə səviyyəsi ilə ölçülür:

“Kadr hazırlığı sahəsində köklü islahatlar aparıb təhsilin səviyyəsinin yüksəldilməsini əngəlləyən çoxsaylı problemlərin tez bir zamanda həllini tapmasını istəyiriksə, ilk növbədə dərsliklərin nəşrə hazırlanması prosesində yol verilən səhvlər aradan qaldırılmalıdır. Mütləq, dərsliklərin texniki və bədii tərtibat göstəricilərinə qoyulan tələblərə cavab verməsi təmin edilməlidir”.

Azərbaycan dili dərsliklərində yol verilən səhvlər…

İradə Ələsgərova forma və məzmun cəhətdən bir sıra dərsliklərdə səhvlər olduğunu bildirib. O, 3-cü və 2-ci sinif “Azərbaycan dili” dərsliyindən bir sıra yanlış faktlar göstərib:

““Azərbaycan dili” dərsliyinin (III s, Altun ki¬tab, 2014) “Tarixi şəxsiyyətlər” şmustitulunda Üzeyir Hacıbəyov, Natəvan və digər şairlərin təsvirlərin, eləcə də, bölmədə C.Cabbarlı, M.F.Axundzadə, M.Ə.,Sabir, Firidun bəy Köçərli və S.Vurğun, Hacı Zeynalabdin Tağıyev, Xarəzmi, onluq say sistemi və s. haqqında məlumat verilməsi anlaşılmazlıq yaradır. Çünki, əslində “tarixi şəxsiyyət” deyildikdə tarixin gedişatını dəyişən şəxsiyyət başa düşülür. Bu adları çəkilənlərin, millət kimi yetişməyimizə təsirləri olduğunu qəbul etsək də, tarixin gedişatına təsir etdiklərini iddia edə bilmərik. Fikrimcə, bu bölmədə Makedoniyalı İsgəndər haqqında məlumat verilməsi məqsədəuyğun deyil. Yaxşı olar ki, 1-4 sinif şagirdi əvvəl mənsub olduğu xalqın tarixini öyrənib sərkərdələrini tanısın, sonra digərlərini.

II sinif “Azərbaycan dili” (Altun kitab, 2016) dərsliyində isə rəng örtüyü təbiətdə qarşılaşdığımız analoqları ilə üst-üstə düşmür. Texniki və bədii redaktor işinin qüsurlu olması nəşrin dəyərini və fənnin şagirdlər tərəfindən dərkedilmə səviyyəsini aşağı salır.

Texniki səhv odur ki, bu dərsliyin 136-cı səhifəsində “oktyabr” sözü sətirdən-sətrə düz keçirilmir.

Redaktor işindəki qüsur isə, 139-cu səhifədə qaydalar sözünün ağ rəngdə verilməsi daha oxunaqlı olar”.

İ.Ələsgərovanın sözlərinə görə, dərsliklərin bir çoxunda kitabın üzündə yazılanların cildin 4-cü səhifəsində təsvir olunması da düzgün deyil:

“O sahədən şagirdin dünyagörüşünü artırmaq məqsədilə istifadə edilməsi, eləcə də, cildin 2-ci səhifəsində himnin əvvəlcə sözlərini yazanın, sonra musiqisini bəstələyənin ad-soyadının verilməsi də məntiqli olardı. Yığım formatı daxilindəki elementlərin bir-birinə nəzərən yerləşdirilməsində də qüsura yol verilib. Belə ki, başlıq, gerb və bayraq himnin mətninə uyğun gəlmir.

Yenə həmin dərsliyin titul səhifəsində bir-biri ilə uyuşmayan 4 fərqli rəngdən istifadə edilməsi tərtibata xələl gətirir və səhifəni baxımsız edir”.

“Təhsil Nazirliyində tərtibat qiymətləndirməsini həyata keçirən komissiyanın tərkibi dəyişməlidir”

İradə Ələsgərova açıqlamasında tədris materiallarının dərkedilmə səviyyəsihaqqında danışarkən qeyd edib ki, bəzi məsələlər həll olunmazsa, dərsliklərin və təlimin keyfiyyətindən danışmağa dəyməz:

“Nəşrin özəyini onun ideya-mövzu əsası təşkil edir. Tərtibatı dəyişməklə oxucunun diqqətini yayındırıb mətnin onun tərəfindən düzgün dərk edilməsini əngəlləmək mümkündür. Bu baş verməsin deyə, 2008-ci ildən Təhsil Nazirliyində dərsliklərin məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından qiymətləndirilməsini həyata keçirən komissiyanın tərkibi yenilənməli, bu işə zəngin təcrübə məktəbi keçmiş ədəbi, bədii və texniki redaktorlar daxil olmaqla sahə mütəxəssisləri (psixoloq və s.) və orta məktəb müəllimlərindən ibarət işçi qrupu cəlb edilməlidir”.

Qanunvericilik…

Dərslik siyasəti həyata keçirilərkən Azərbaycan Respublikası Konstitusiyası, Təhsil Qanunu, Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları və bu sənəd (“Ümumi təhsil sistemində dərslik siyasəti”) əsas götürülür. “Dərslik siyasəti” sənədi Nazirlər Kabineti tərəfindən təsdiq olunur. Bu sənəd, “Dərslikləri Qiymətləndirmə Şurasının Əsasnaməsi”, “Dərsliklərin qiymətləndirilməsi meyarları”, “Yeni dərsliklərin yaradılması qaydaları”, “Dərsliklərin texniki və gigiyenik standartları” müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən təsdiq olunur. Bu sənədlərdə dərsliklərin məzmunu ilə bağlı əsas tələblər göstərilir. Tələblərə əsasən, dərsliklərdə:

- şagirdlərin Azərbaycan xalqının milli, mənəvi və mədəni dəyərləri ruhunda tərbiyə olunmasına, onların öz ailəsini, xalqını, Vətənini sevməsinə, insan haqlarına və bəşəri dəyərlərə hömrət etməsinə yönələn ideyalar olmalıdır;

- şagirdlərin yaş psixologiyası və fizioloji xüsusiyyətləri nəzərə alınmalıdır;

- dünyəvilik prinsipinə riayət edilməlidir;

- illüstrasiyalar yığcam və mövzulara uyğun olmalıdır;

- milli, dini, irqi, cinsi və siyasi ayrıseçkilik təbliğ edən fikirlər, mübahisə doğuran məlumatlar olmamalıdır;

- elmi mübahisə doğuran məsələlərə yer verilməməlidir və s.