Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-18 09:13:00
Psixoloq abituriyentlərə və valideynlərə xəbərdarlıq etdi    

Hazırda abituriyenlər ali məktəblərə qəbul imtahanının həyəcanını yaşayırlar. Sabah II və III ixtisas qruları üzrə birinci (yaz) qəbul imtahanıdır. 

İmtahan qabağı abituriyentlərin ən böyük düşməni stress, qorxu hissidir. Bəzən imtahan prosesində bu hisslər şagirdin bildiklərini unutması, hətta imtahan prosesini yarımçıq tərk etməsi ilə nəticələnir. Bu isə sonradan həm abituriyent həm də valideynlərdə yaxşı izlər buraxmır.

Bəs bu stresin qarşısını necə almaq olar? Şagird özünü imtahana psixoloji cəhətdən tam olaraq necə hazırlamalıdır?

Bu barədə AzEdu.az-a psixoloq Gülər Məmmədova danışıb.

O bildirib ki, adından göründüyü kimi imtahan həyəcan yaradır, amma bu təcili yardım çağıracaq, böyük problemə çevriləcək qədər ciddi bir proses deyil.

“Bəzi insanların psixologiyasında elə gərginlik olur ki, onların özündən aslı olmayaraq həyəcan diareyiyaya, ürək döyüntüsünün sürətlənməsinə, təzyiqin normadan yüksəyə qalxmasına və ya düşməsinə  səbəb ola bilər. Bunlar da psixoloji baş verir, qan dövranı sürətlənir. Nəticədə stress yaranır və bildiklərini də unutmaqla nəticələnə bilir. İmtahan prosesi həm ailədən gələn təsir, həm də abituriyentin yaşına uyğun olaraq onda həyəcan hissinin yaranmasına səbəb olur. Ailənin yaratdığı ab-hava abituriyentin psixoloji durumuna birbaşa təsir edir. Məsələyə fərqli yöndən yanaşsaq görərik ki, imtahan çox adi bir prosesdir. Şagirdlər stress yaşamasın deyə imtahan bəsitləşdirilməli, mürəkkəb prosesə çevrilməməlidir. Təəssüf olsun ki, bir çox ailələrdə xüsusilə ilk övlad imtahan verdiyi təqdirdə yüksək nəticə gözləyərək abituriyentə stress yaşadırlar. Belə ki, başqa şagirdlə müqayisə və ya ödənişli əsaslarla oxumağı problem edərək abituriyentə psixoloji basqı edirlər. Məktəbli üçün də valideynin bu cür istəkləri  böyük gözləntidir. Tövsiyə olunur ki, valideynlər bu həyəcanı yaratmasınlar,  psixoloji gərginlik hiss edilən zaman psixoloqa və ya mütəxəssisə müraciət etsinlər. Uşağın həyəcan prosesini, təşvişini aradan qaldırsınlar.  

Ümumiyyətlə potensialı yüksək olan birinin özünə inamı da daha güclü olur və başqalarından az həyəcanlanır”. 

Psixoloq qeyd edir ki, bu il həyəcan daha azdır. 

“Bu il imtahan prosesi iki mərhələyə bölündüyü üçün abituriyentlərdə həyəcan azalıb. Birinci mərhələdə aldıqları nəticəyə əsasən daha yaxşı hazırlaşırlar ki, bu da onların məqsədyönlü olmasından irəli gəlir. İmtahan öncəsi abituriyent yuxu rejimini bərpa etməli, qida rejiminə diqqət yetirməli, energetik içkilərdən uzaq olmalı, telefonla çox oynamamalı və təmiz hava qəbul etməlidir. Bütün fikrini əsas məqsədinə yönəltməlidir”.

QEYD: Bu yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Yeni sistemlə imtahan verən abituriyentlərə onlayn psixoloji yardım xidmətinin təşkili” layihə çərçivəsində hazırlanıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları