Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-21 12:20:00
Bağçalardakı uşaq qrupları necə bölünməlidir? – Yol verilən xətalar

Məktəbəqədər təhsil müəssisələrində tədris ili onların nizamnaməsinə uyğun olaraq sentyabrın 15-də başlanır. Amma həmin tarixə qədər bağçaya uşaq qəbulu və onların komplektləşdirilməsi həyata keçirilir. 

Məktəbəqədər müəssisənin gecə-gündüz qruplarına qəbul edilmiş uşaqların yaş tərkibi müəssisənin ümumi yığıncağında müəyyənləşir. Çox vaxt dövlət məktəbəqədər təhsil müəssisələrinə şagird qəbulu zamanı bağçada uşaq sıxlığı problem yaşanır. 

Bəs, əslində bağçadakı azyaşlılar yaş qruplarına görə, necə komplektləşdirilməlidir? Qanunvericilik neçə qrup və hər qrupda neçə uşağın olmasını nəzərdə tutur? Hazırda ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin say və tutumu buna imkan verirmi? 

AzEdu.az xəbər verir ki, bu normativlər “Məktəbəqədər tərbiyə müəssisələri haqqında” Əsasnamədə əks olunub. Əsasnaməyə görə, məktəbəqədər təhsil müəssisələrində müxtəlif yaş qruplarına aid azyaşlılar təhsil alırlar. Yaşlara görə qruplar belə bölünür: 

Körpələr evlərində və körpələr evi-uşaq bağçalarında:

-Kiçik körpələr qrupu: 2 aylıqdan 1 yaşadək;

-Orta körpələr qrupu: 1 yaşdan 2 yaşadək;

-Böyük körpələr qrupu: 2 yaşdan 3 yaşadək.

Uşaq bağçasında və körpələr evi-uşaq bağçasında

-Kiçik körpələr qrupu: 3 aylıqdan 4 yaşadək;

-Orta körpələr qrupu: 4 yaşdan 5 yaşadək;

-Böyük körpələr qrupu: 5 yaşdan 6 yaşadək;

Qruplarda uşaqların sayı aşağıdakı qaydada müəyyənləşdirilir:

Ümumi təyinatlı məktəbəqədər müəssisədə:

-1 yaşadək olan qruplarda 10 uşaq;

-1 yaşdan 3 yaşadək 15 uşaq;

-3 yaşdan yuxarı 20 uşaq olması nəzərdə tutulub.

Qeyd edək ki, yaş qruplarının komplektləşdirilməsi və azyaşlıların tədricən digər yaş qruplarına keçirilməsi işi hər ilin may ayından başlayaraq avqust – sentyabr aylarınadək həyata keçirilir. Boşalan yerlərə uşaqların qəbulu isə il ərzində aparılır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları