Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-19 09:22:31
Peşə məktəblərində kadr problemi – “Bu müəllimlərə ehtiyacımız var”  

“Bu gün peşə təhsili sahəsində usta-pedaqoji heyətin yetişdirilməsi üçün müvafiq ali təhsil bazasının olmaması əsas problemlərdən biridir”.

AzEdu.az “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” adlı sənədə istinadən, peşə təhsil müəssisələrindəki kadr problemlərini təqdim edir.

Peşə təhsili sisteminin spesifik cəhətlərindən biri bu təhsil müəssisələrində çalışan müəllim-pedaqoji heyətin həm pedaqoji biliyinin, həm də ixtisas üzrə praktiki səriştələrinin olmasının vacibliyidir. Bu tələb həmin sahədə peşəkar müəllimlərlə təminatı çətinləşdirir. Bu gün peşə təhsili sahəsində usta-pedaqoji heyətin yetişdirilməsi üçün müvafiq ali təhsil bazasının olmaması əsas problemlərdən biridir. Peşə təhsili müəllimlərinin əksəriyyətinin yaş həddinin 50-dən yuxarı olması növbəti 5-15 il müddətində bu sistemdəki müəllim-pedaqoji heyətin yeni kadrlarla əvəz olunmasını labüd edir.

Digər tərəfdən, peşə təhsili müəllimlərinin cari əməkhaqqı səviyyəsi tam məşğulluq işi axtaran şəxslər üçün cəlbedici deyil. Belə ki, peşə təhsili məktəblərinin müəllimləri üçün ortaaylıq əməkhaqqı 203 manat təşkil edir ki, bu da Azərbaycanda ortaaylıq əməkhaqqı səviyyəsindən (444 manat) aşağıdır. Qeyd edilən səbəblər peşə təhsili sahəsinə səriştəli kadrların cəlb edilməsini mürəkkəbləşdirir.

Məsələ ilə bağlı peşə təhsil müəssisələri ilə əlaqə saxladıq.

Sənaye  və Texnologiyalar üzrə Gəncə Dövlət peşə təhsil mərkəzinin direktoru Şahin Məhərrəmov kadr çatışmazlığından gileyləndi:

“Bu gün bizim peşə təhsil mərkəzində 16-17 müəllim, 50-ə yaxın usta fəaliyyət göstərir ki, bunların əksəriyyəti cavan kadrlardır.  Hazırda ixtisaslaşmış kadrlara bu gün ciddi ehtiyac var. Artıq 3 ildən çoxdur ki, Dövlət Məşğulluq idarəsinə kadr çatışmazlığı ilə bağlı müraciət etsək də bir nəticə əldə etməmişik.  Göndərilən kadrlar da  qeyri ixtisas sahələrinə aid olduqları üçün elə də yararlı olmur.

Hazırda elektrik sahəsi üzrə mütəxəssis, maşınqayırma, qaynaqçı, ixtisasları üzrə mütəxəssis, istehsalat təlimi ustalarına və bir sıra ümumtəhsil fənləri, xüsusilə də İngilis dili müəlliminə ehtiyac var. Bəzən bir müəllim bir neçə dərsi demək məcburiyyətində qalır.

Bu vəziyyətdən yalnız texniki universitet bitirən, istehsalat təcrübəsini görmüş ixtisaslı kadrların peşə təhsil müəssisələrinə cəlb edilməsi ilə çıxmaq olar.  Özümüz yaxşı mütəxəssisləri tapıb dəvət  edirik, bu zaman da  maddiyyat məsələsi ortaya çıxır. Başqa yerlərdə daha çox maaş verildiyi üçün ixtisaslı kadrları cəlb eləmək çətin olur”.  

7 saylı Bakı Peşə liseyinin  Baş ustası Şamama Süleymanova kadrlarla bağlı lazımı dövlət orqanlarına müraciət etsələr də bir cavab ala bilmədiklərini deyir:

“Kadr təminatı ilə bağlı vəziyyət bizdə də ürəkaçan deyil. Bu gün bizim telekommunukasiya ixtisası mütəxəssisimiz yoxdur.  Daha sonra veb-dizayner, kompüter ustası ixtisasları üzrə kadr təminatımız aşağı səviyyədədir. Xüsusilə də rusdilli ixtisaslarda kadrlara ehtiyac daha çoxdur. Bununla bağlı lazımı dövlət orqanlarına müraciət etsək də hələ ki bir cavab almamışıq”.

Rəna Nəbi