Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-18 12:39:00
İŞİD-in 40 gün əsir saxladığı jurnalistin acı xatirələri – Dağılan məktəblər, “ölüm-olum” arasındakı uşaqlar...

“Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, son 10 ildə iki milyona yaxın uşaq müharibələrdə həyatını itirib. 5 milyona qədəri əlsiz-ayaqsız qalıb, 15 milyona yaxını evindən, şəhərindən ayrı düşüb. Hazırda milyonlarla uşaq qaçqın kimi yaşayır”.

AzEdu.az dünyanın müxtəlif ölkələrində baş verən müharibələrin canlı şahidi olan, həyatlarını heçə sayaraq dəhşətli hadisələri dünyaya çatdıran jurnalistlərlə “Tarixə şahidlik edənlər” rubrikasını davam etdirir.

Budəfəki müsahibimiz Türkiyənin “Milliyet” qəzetinin əməkdaşı, fotomüxbir Bünyamin Aygündür. O, uzun müddətdir, müxtəlif savaş bölgələrində xidmət göstərib. 2013-cü ildə Suriyada İŞİD (DEAŞ) tərəfindən qaçırılaraq, 40 gün əsir saxlanılıb.

Qan və barıt qoxuyan müharibə

Büyamin Aygün hər hansı bölgədə gedən savaşın digərlərindən fərqləndirilməsinin əleyhinədir. O,  müharibələrdəki dəhşətlərin eyni olduğunu deyərək, faciələrin bir-birinə bənzədiyini dilə gətirir:

“Bütün müharibələr dəhşətlidir. Heç bir savaş digərindən daha az faciəvi deyil. Qəzzada müdafiəsiz insanların üzərinə ən son “Ağıllı bomba”larla hücum edən İsrail ordusunun mərmiləri bir kilometr yaxınlığıma düşdü. Bu qədər məsafədən belə zəlzələ təsiri yaratdığının şahidi oldum. İndi, bir az düşünərək bombanın düşdüyü yerdə olan insanları  xəyalınıza gətirin. Və ya Hələbdə barrel bombalarının atıldığı yerdə yanan insanların başına gələnləri... Heç bir müharibə daha az dəhşətli deyil!

İnsanlar müharibələrdə kədər və ölümlə üzləşirlər. Bu da ən çox müdafiəsiz qalan uşaqlara təsir edir. Qida çatışmazlığı, oyun ehtiyacı və təhsil heç bir müharibədə düşünülmür”.

Təhsilin atəş səsləriylə  susdurulduğu ölkələr

“İraq, Suriya və Qəzzada təhsilin tamamilə dayandığının şahidiyəm.

Müharibəni görən uşaqlar ömür boyu bunları unutmur. İkinci Dünya Müharibəsində uşaq olanlar bugünün yaşlılarıdır. Onların təcrübələrindən bəlli olur ki, savaşı gözləriylə görənlər bu dəhşəti ölənə qədər unutmaqda acizdirlər.

Bu şəraitdə yaşayan uşaqların ilk arzusu müharibənin bitib məktəblərin yenidən açılmağıdır. Onlar müxtəlif oyuncaqlar, gözəl paltarlar və hər bölgənin özünə xas yeməklərini də arzulayırlar. Ancaq ən birinci istəkləri öyrənməkdir.

Hansı müharibəyə getsəm, fərqli ruha bürünürdüm. Bu bölgələrdə keçirdiyim heç bir an yadımdan çıxmaz. Həyatım cəbhələrdə gördüklərimi ağlımdan silməyə çalışmaqla keçir. Qan və barıt qoxusu bir dəfə burnunuzdan ciyərlərinizə doğru endisə, bu qoxunu ömür boyu unuda bilməzsiniz.

2012-ci ildə saatlarla davam edən atışmanın ortasında qaldığımı xatırlayıram. Əsgər qrupu qarşı tərəfdən sağ qalan şəxsləri əsir aldı. Şəkillər çəkdim. On dəqiqə sonra əsirləri güllələdilər”. – deyə müsahibimiz əlavə edib.

“İŞİD-in əlində 40 gün”

Fotomüxbir əsirlikdə olduğu 40 gün ərzində yaşadıqlarını bu cür xatırlayır:

“26 noyabrda Suriyaya getdim, elə həmin gün də qaçırıldım. Əsgərlər aralarında ərəbcə danışırdılar. Yanlarında tərcüməçi var idi. Bir neçə saat keçdikdən sonra gözlərimi açdılar. Suallar verməyə başladılar: “Niyə buradasan?”,  “Niyə passportunda Yaxın Şərq möhürü var?”,  “Qəzzaya niyə getmisən?” “Bir jurnalist bombardmanın ortasına hansı cəsarətlə gedər?” “Misirdə nə işin var idi?” və s.

Sən nə cavab verirsənsə, başını tərpədib qeyd edirlər. Sonra başqaları gəlir, yenə eyni sualları verir. Kartımın limitinə baxdılar, evimin, maşınımın olub-olmadığını araşdırdılar. İlk 15 gün: “əgər jurnalistsənsə, niyə hələ bu adam itib deyə xəbər yoxdur? Deməli, türk deyilsən. Casussan. Adın da Benyamindir” dedilər.

Məni saxladıqları yer tez-tez dəyişirdi. Həbsxanada yox, bir evin zirzəmisində saxlanılırdım. Zirzəmi həddindən artıq soyuq idi. 5 yorğan da örtsən, isinmək olmurdu.

Məni bəzən kənd kimi yerlərə aparırdılar, amma gözlərim hər zaman bağlı olduğu üçün nələrin baş verdiyini anlaya bilmirdim”.

“Fatihə surəsini bilirsən? Bilirsənsə, oxu!”

“Namaz qılmağa məcbur etmirdilər, amma sən onlara yaxşı görünmək üçün qılmağa məcbur olursan. Sorğuda ilk sualları: “Fatihə surəsini bilirsən? bilirsənsə, oxu!” olur.

Namaz qılmağı bilməyənə də orada öyrədirdilər” – deyə müsahibimiz bildirib.

Əsirlikdə 1 günün xronikası

“Sabah yuxudan duran kimi ayaq yoluna aparıb gözlərini açırlar. Daha sonra dəstəmaz almaq üçün aparırlar, zirzəmiyə gəlib namaz qılırsan. Bəzən yalnız, bəzənsə bir neçə nəfərlə olursan. Əksər vaxtlarda yatırsan. İstədikləri də budur. Ayaqda olanda qaçmağa yer axtardığını düşünürlər. Quran oxumaq istəyirsənsə, gətirirlər. Mənə tövbə etməklə bağlı türk dilində kitablar vermişdilər.

Əsirlikdə olduğum son 3 gün ancaq pomidor-çörəklə qidalandım. Vəziyyət pisləşmişdi. Məni də qorxu bürüməyə başladı. Çünki qaçacaqları təqdirdə ayaq bağı olmayaq deyə əsirləri öldürəcəkdilər. Son günlərdə silah səsləri çox yaxınlaşmışdı. Haqqımda ölüm hökmü çıxmışdı. Qapını açıb məni öldürmək üçün gəlirdilər, hər dəfəsində sanki edilən güclü duanın müxtəlif səbəblə məni ölümdən xilas etdiyinin fərqinə varırdım.

Bazar sabahı qapı açıldı və  içəri 15 saqqallı adam girdi. Öldürməyə gəldiklərini anladım. Sən demə, azad olunurmuşam.

Bir müddət keçdikdən sonra məni əsir tutan adamlar özləri əsir düşdü. Onları qarşıma düzdülər, və hansının mənə əziyyət verdiyini soruşdular. “Heç biri” - dedim. Həqiqətən heç nə etməmişdilər, etsəydilər belə yenə cavabım eyni olardı. 40 gündə 14 kq arıqladım. Haqqında ölüm qərarı veriləndə: “niyə öldürürsünüz, mən də müsəlmanam” dediyimi xatırlayıram. 40 gün mənə 40 il kimi gəldi” – deyə tanınmış fotomüxbir nitqini  belə yekunlaşdırır.

Bünyamin Aygün yaşadıqlarından sonra “İŞİD-in əlində 40 gün”adlı kitab çap etdirib. Onun azad olunması üçün imza kampaniyası başladılıb, jurnalist dostları və ailəsi dayanmadan müxbiri xilas etmək üçün səy göstəriblər. Çabaların nəticəsi olaraq 40 günün sonunda jurnalist əsirlikdən azad edilərək, Türkiyəyə qayıdıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları
Bu bölməyə aid digər xəbərlər
2020-03-04 12:01:00
2020-02-07 09:12:00
2019-06-18 12:39:00
2019-04-09 12:43:00
2019-03-14 15:00:00
2018-08-31 09:56:19
2018-07-24 11:42:51
2018-07-23 14:40:00
2018-07-23 11:45:00
2018-04-05 11:29:57