Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-25 11:04:00
Yeni təhsil naziri ilk növbədə hansı problemləri həll etməlidir? - Təhsil ekspertinin siyahısı

“Ceyhun Bayramov təhsil sahəsində nazir müavini kimi fəaliyyətə başlayıb. Düşünürəm ki, o, üzərinə düşən vəzifələrin öhdəsindən gəlməyə çalışırdı”.

Bunları AzEdu.az-a açıqlamasında təhsil eksperti Etibar Əliyev deyib.

Onun sözlərinə görə, vəzifələrə təyinatda gəncləşmə hərəkatına onun da adının daxil edilməsi müsbət qarşılanıb:

“Təhsil sahəsində islahatlar fasiləsiz xarakter almalıdır. Təhsilin inkişafı üzrə Dövlət Strategiyası  sənədinin icrası başa çatmayıb. Bu istiqamətdə xeyli işlər qalıb. Təhsildə  düzgün kadr siyasəti rasional fəaliyyəti gücləndirəcək. Ceyhun müəllim ilk növbədə düzgün kadr siyasəti aparmalıdır. XXI əsrdə təhsilin qarşısında mühüm çağırışlar durur. Dünyada təhsilin bütün sahələrində rəqabət mühiti genişlənir. Biz bu tendensiyadan kənarda qala bilmərik. Ölkədə son dövrlər təhsil sahəsində baş verən canlanma Qeyri-hökumət təşkilatlarının nümayəndələri,  təhsil ekspertləri  ilə nazirlik arasında əməkdaşlıq sayəsində baş verdi. Etiraf edim ki, bu məsələlər  Mikayıl Cabbarov nazir işlədiyi vaxtda nizamlandı. Düşünürəm ki, yeni nazir də əməkdaşlığın davamına maraq göstərəcək”.

Ekspert təhsil sahəsində daha çox diqqət yetirməli məsələlərin, aktual problemləri də sadalayıb və yeni nazirin bu məsələləri qaydasına salacağına ümid etdiyini bildirib:

“Bir sıra beynəlxalq bilik yarışmalarında  müəyyən geriliklər var. Maraqlı bir məsələyə toxunum. Aparılan islahatların təhsilin ilk pilləsinə təsirinin şahidi olduq. Bizim məktəblərin 4-cü sinif şagirdləri PİRLS tədqiqatı üzrə oxu mətnlərinin analizi və qiymətləndirilməsı yarışında yaxşı nəticələr göstərdilər. Olimpiada mərkəzləri yaradıldı, müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi həyata keçirildi, orta məktəb müəllimləri və direktorlarının işə qəbulu imtahanla oldu, məktəb mühitinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görüldü. Olimpiada mərkəzlərinin dirçəlməsi diqqət mərkəzində olmalıdır. Təhsilin keyfiyyətinin mütəmadi monitorinqləri aparılmalıdır. İnsan kapitalının inkişafının özəyini orta təhsil təşkil edir. Orta təhsildə keyfiyyətin daha da yaxşılaşdırılması üçün yeni nəsil və alternativ dərsliklər yazılmalı, müəllimlər daim təkmilləşməlidirlər.

Qəbul və buraxılış imtahanlarının birləşdirilməsi zərurəti ortaya çıxıb. Yeni kurikulumların zamanın tələbinə uyğunlaşdırılması istiqamətində  ciddi işlər görülməlidir. Müəllimlərin peşəkarlığı yüksəldilməlidir. İkincisi  ali təhsildə həll olunmayan çoxlu problemlərimiz var. Ali təhsil müəssisələrimizin dünya reytinq cədvəllərində ya yeri yoxdur, ya da çox aşağı yerlərdə qərarlaşıblar. Dövrün tələbinə uyğun  mütəxəssis hazırlığının həyata keçirilməsi üçün universitetlərdə islahatlar aparılmalıdır.  Kolleclərin taleyi hələ də açıq qalıb. Onların çoxunun ali məktəblərin tabeçiliyinə verilməsinə baxmayaraq, təhsilin keyfiyyətində ciddi dönüş yaranmadı. 

Ölkədə peşə təhsilinin inkişafı üçün bir sıra işlər görülüb. Lakin bu davamlı xarakter daşımalıdır. Peşə təhsili məktəblərin maddi-texniki bazasının  yaxşılaşdırılması, tədris resursları ilə təminatı, peşə təhsilində  çalışan müəllimlərin təkmilləşdirilməsi və onların əməkhaqlarının artırılması istiqamətində  addımlar atılmalıdır.

Bütün bunların fövqündə isə təhsilin fasiləsizliyinin və onun pillələri arasındakı əlaqələrin möhkəmləndirilməsi durur. Bizdə təhsilin pillələri arasında əlaqələr zəifdir. Orta təhsilin səviyyəsi yüksəldikcə tələbə  qəbul prosesinin  təkmilləşməsi, rasionallaşdırılması güclənəcək. Bütün bu işlər idarəetmədə səriştəli kadrlara üstünlük verilməsindən keçir. Düşünürəm ki, bu istiqamətlərdə uğurlar əldə etmək üçün cəmiyyətin bütün təbəqələri əlindən gələni əsirgəməməlidir”.