Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-15 11:09:00
Kərəm Məmmədova BDU-da vəzifə verildi

Tarixçi, professor Kərəm Məmmədli Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri seçilib.

AzEdu.az xəbər verir ki, bu barədə tarixçi şəxsi sosial şəbəkə hesabı vasitəsilə məlumat verib.

Xatırladaq ki, Kərəm Məmmədov 1965-ci il fevral ayının 22-də Dmanisi rayonunun (1947-ci ilə qədər Başkeçid) Gəyliyən kəndində anadan olub.

1982-ci ildə həmin kənddə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə qəbul olunub.

1983-1985-ci illərdə Əfqanıstan Respublikasında hərbi xidmətdə olub, əsgərlikdən qayıtdıqdan sonra təhsilini Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində davam etdirib. 1987-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təhsilini davam etdirmək üçün Leninqrad Dövlət Universitetinin tarix fakültəsinə (indiki Sankt-Peterburq Universiteti) göndərilib.

1990-cı ildə Leninqrad Dövlət Universitetində tarix fakültəsinin "Antropologiya və Etnoqrafiya" ixtisasını fərqlənmə diplomu ilə bitirib, işlə təmin olunmaq üçün Azərbaycan Respublikasının Xalq Təhsili Nazirliyinin sərəncamına göndərilib. 1991-1993-cü illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsinin "Azərbaycanın qədim dövr və orta əsrlər tarixi" kafedrasında baş laborant vəzifəsində çalışıb, 1993-1996-cı illərdə əyani aspiranturada təhsil alıb.

1995-ci ildən Bakı Dövlət Universitetinin tarix fakültəsində çalışır, Azərbaycan və rus bölmələrində "Antropologiya", "Qafqaz xalqlarının antropologiyası", "Qafqaz xalqlarının etnoqrafiyası", "Etnoqrafiya", "Ermənilərin tarixi", "Gürcüstan tarixi", "Antropometriya" fənlərini tədris edir. "Antropologiyanın əsasları" və "Qafqaz xalqlarının etnoqrafiyası" dərsliklərinin müəllifidir. 1996-cı ildə "İslamaqədərki Azərbaycanda dini inanclar" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Elmi və pedaqoji fəaliyyəti 50-ə qədər elmi əsərdə öz əksini tapıb. 1996-cı ildən Bakı Dövlət Universitetinin tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya" kafedrasının müəllimidir. 1996-cı ildə Yunanıstanın Afina və İonina şəhərlərində elmi məzuniyyətdə olub, 1998-ci ilin fevral ayında Beynəlxalq Altayşünaslıq konfransında "Altay xalqlarında şamançılıq" mövzusunda elmi məruzə ilə çıxış edib.

2004-cü ilin iyul ayında Bakı Dövlət Universitetinin "Arxeologiya ve Etnoqrafiya" kafedrasının dosenti vəzifəsinə seçilib. Türkiyədə Azərbaycanın İstanbul Baş Konsulluğunun təşkil etdiyi elmi konfransda "Cənubi Qafqaz əhalisinin etnik antropologiyası" mövzusunda məruzə ilə çıxış edib. 2009-cu ilin fevralında nümayiş etdirilən "Borçalı" filminin ssenari həmmüəlliflərindən biridir. Hazırda "Borçalı orta əsrlərdə" adlı dissertasiya işi üzərində çalışır.

Azərbaycan, Türkiyə türkcəsi və rus dillərini sərbəst, ərəb, alman və gürcü dillərini isə orta səviyyədə bilir. Evlidir, 3 övladı var.