Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-12 11:46:25
Cəbrayılın didərgin məktəbləri: “Parta yox idi, diz üstə oturub, hər şeyi əlimizin içinə yazırdıq”

“Yadımdadır, sonuncu dəfə əfqan döyüşçülər gəlib məktəbdə məskunlamışdılar. Burada müharibəyə hazırlaşırdılar. Biz müəllimlər isə içəri yalnız xüsusi vəsiqə ilə daxil ola bilirdik. Bu süni icazə yalnız məktəblə maraqlanmaq üçün idi.  Onsuz da şagird yox idi ki, dərs də keçək.

Məktəb sonuncu dəfə xatirimdə elə bu cür qalıb: müharibə şəraitində, döyüşçülərin əhatəsində... Bəzən xırdalığı ilə gözümün önündə canlanır”.

Cəbrayıl rayon 18 saylı tam orta məktəbin direktoru Reynaz Dadaşov bir zamanlar müəllimi olduğu keçmiş Cəbrayıl məktəbini belə xatırlayır. O, artıq 26 ildir ki, Cəbrayıl təhsilini müharibənin dəhşətlərindən xilas etməyə çalışır. Buna müəyyən qədər nail olsa da, torpağının, doğma məktəbinin nisgili başından getmir.

AzEdu.az “Didərgin məktəblər” layihəsini davam etdirir. Bəli, bu dəfə söhbət Cəbrayıl məktəblərindən gedir. O məktəblər ki, müharibənin dəhşətlərindən qorunmaq üçün yaşıllıqlar qoynundan çadırlara pənah gətiriblər... Hazırda bu məcburi köçkün məktəbləri Bakı, Sumqayıt, Hacıqabul, Saatlı, Biləsuvar, Sabiradabad, Mingəçevir, Beyləqan kimi ərazilərdə fəaliyyət göstərirlər.

Üst-üstə qoyulmuş çiy kərpiclər... Yaşıllıq... – Cəbrayıl məktəbi

Elə 18 nömrəli Cəbrayıl məktəbi də Mingəçevirdə idarə tipli binada  yerləşir. Reynaz müəllimdən hazırda məktəbin yerləşdiyi binanın durumunu soruşuruq. Cavabına keçmiş Cəbrayıl məktəbinin təsviri ilə başlayır:

“Müasir tələblərə uyğun, “P şəkilli”, ikimərtəbəli, Aşıq Pəri adına məktəb idi. Özüm də elə o məktəbdə oxumuşam. Köhnə, çiy kərpicdən tikilmişdi. İndiki məktəblə aralarında xeyli fərq var.

İndiki məktəbimiz isə idarə şəraitindədir. Müasir tələblərə cavab vermir. Bilirsiz, müharibə təhsilə çox böyük zərbə vurdu. Buna baxmayaraq, yenə də Cəbrayıl təhsilini yaşatmağa çalışırıq. Məktəbimiz idarə tipli olsa da, işimizi qaydasında saxlayırıq. Yəqin, köçürülmə olar, biz də müasir şəraitdə işləyərik”.

“Kənddə olanda eşitdik ki, şagirdlərimizi vəhşicəsinə öldürüblər”

Direktorun sözlərinə görə, məktəb şagird kontingenti baxımından bəzi çətinliklərlə üzləşir. Məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələri tikilir. Ailəsi ora köçən şagird isə məcburən məktəbini dəyişməli olur. Bu, məktəbin şagird sayına təsir göstərir. Məktəbə yeni qəbul olunan müəllimlər də var:

“Keçən il 5 vakant yer verdik. Nəticədə məktəbə 4 müəllim gəldi. Hazırda isə onlardan 3-ü işləyir. Bəzən müəllimlər işləməyə gəlsələr də, sonradan çıxırlar. Şəhər məktəbində təhsil almış  biri gəlib buradakı fərqi görür və qəbul edə bilmir. Amma nə etmək olar? Gəliblərsə, bura uyğunlaşmalıdırlar. Gəncdirlər, biz onları öyrətməyə çalışırıq”.

Onun sözlərinə görə, məktəbin universitetə qəbul göstəricilərini qənaətbəxş hesab etmək olar:

“Məktəbimizdə şagird sayı azdır. Məsələn, keçən il 6 məzunumuz vardı. Onlardan 4-ü ali məktəbə qəbul olundu. Hətta biri 660 bal topladı. Bu il də bir məzunumuz 458 bal toplayıb. Növbəti imtahana hazırlaşır”.

O, Cəbrayıl xatirələrini bölüşərkən qətlə yetirilmiş şagirdlərini də dərin hüznlə xatırlayır:

“Kənddə olanda eşitdik ki, şagirdlərimizi vəhşicəsinə öldürüblər. Onları özümüz dəfn etdik. Çox çətin idi...  Sonrakı illərdə biraz ara sakitləşdi. Yerli əhalidən şəhidlər vardı, amma sırf məktəbdə ölüm halı olmayıb. Müharibədə iştirak edib salamat qayıdan şagirdlərimiz vardı”.

“26 ildir bu məmləkətdə barmağımızın ucunda gəzirik...”

 “Gələcəkdə Cəbrayıl təhsilinə nə arzulayırsız?” sualına isə direktor belə cavab verib:

“Qəsəbədəki digər məktəblərə gedirik. Baxıram, ki, onların normal şəraiti var, hər şey qaydasındadır. Amma bir şey çatmır: torpağımız. İstərdim, gələcəkdə bu məktəb elə Cəbrayılda fəaliyyət göstərsin. Hələ də ümidlərimə tutunub o günü gözləyirim”.

“Prta yox idi. Yerdə oturub az qala hər şeyi əlimizin içinə yazırdıq”

Cəbrayıl rayon 14 saylı tam orta məktəbin direktoru Əli Mirzəyev də Cəbrayılın didərgin məktəblərini ifadə edilə bilməyəcək kədərlə xatırlayır. O, 26 ildir ki, bu məktəbdə çalışır. Dediyinə görə, təhsil ənənələrini qorumaq üçün az əziyyət çəkməyib. Gördüyü çətinlikləri isə saymaqla bitməz...

“Müharibə başlananda yaşayış yerimizi çadırlara dəyişdik. İllər sonra çadırlardan çıxdıq. Hazırda Biləsuvarda bizim üçün salınmış qəsəbədə məskunlaşmışıq. Məktəbin vəziyyəti yaxşıdır. İKT ilə təmin olunub.

Amma vaxtilə az çətinlik çəkmədik. Müharibədən sonra bütün Cəbrayıl məktəbləri müxtəlif yerlərdə bərpa olundu. Bizim məktəb də çadır şəraitində fəaliyyətə başladı. Partalarımız yox idi. Yerdə nazik çadırın arasına süngər yerləşdirmişdilər. Onun üzərində dizimizin üstündə oturub yazı yazır, oxuyurduq. Şagirdlərə izah etmək üçün az qala hər şeyi əlimizin içinə yazırdıq. Məktəbimizi düzəltmək üçün bu cür çətinliklərdən keçdik. İndi vəziyyətimiz düzəlib məktəbimizdən, nəticələrdən razıyıq. Amma nə qədər olmasa da, Cəbrayılın yerini vermir.

Bir müqayisə edim. Adam qardaş evinə gedəndə onun başına fırlanır, arzuolunan qonaq kimi qəbul edirlər. Amma adam evindəki kimi rahatlıq tapmır, barmağının üstündə gəzir. Baxın, biz  26 ildir bu məmləkətdə barmağımızın ucunda gəzirik...

Cəbrayıl təhsilini yaşatmaq üçün dəridən - qabıqdan çıxdıq. Çalışdıq ki, Cəbrayılın təhsil ənənəsi çökməsin, yaşasın”.

O, məktəbin bugünkü durumundan razı olsa da, bəzi məqamları da qeyd edib:

“Bütün məcburi köçkün məktəbləri kompüterləşməlidir. Məktəbimizdə elektron lövhələr, kompüter, linqofon otaqları olmalıdır. İstərdim ki, lisey sisteminə keçid olsun. Buna yetəcək qədər savadlı müəllimlərimiz var”.

“Cəbrayılı ititrəndən məsuliyyətimiz daha da artıb”

O, işğaldan əvvəlki Cəbrayıl məktəbini belə təsvir edib:

“Adam tanımadığı ziyarətgaha gedəndə qədim, köhnə, necə olmasından asılı olmayaraq orada bir nur görür. Cəbrayıl məktəbi də bizim gözümüzdə belə bir nurlu ziyarətgah kimi qalıb. Özünəməxsus gözəlliyi, quruluşu, köhnəliyi – hər şeyi ilə əziz idi. Relyefə uyğun tikilmisdi. 

İndi zəng vurulur, uşaq dar hasarın içinə, ya da dəhlizə çıxır. Orada sinif otaqları birbaşa eyvana açılırdı. Tənəffüsdə uşaqalar məktəbin dörd bir tərəfinə səpələnirdilər. And olsun Allaha, elə canlı həyat idi ki...

İndiki uşaqlar da ovaxtkılarla eyni deyil. Keçmiş Cəbrayıl uşaqlarını nə iləsə təəccübləndirmək olurdu. Yeni məlumat verəndə maraqla qulaq asırdılar. Müəllim nəyisə səhv deyəndə də uşaq bunu sezmirdi. Düşünürdü ki, müəllim deyirsə, deməli, düzdür. İndiki şagirdlərlə danışanda çox ehtiyatlı olmalısan. Onların informasiyası bizdən çoxdur. Onları nə təccübləndirmək, nə də möcüzəyə inandırmaq olmur. Məktəblilərdə nəyəsə maraq, tədqiqatçılıq ruhu yaratmaq lazımdır ki, işləsinlər. Bir sözlə, Cəbrayılı ititrəndən məsuliyyətimiz daha da artıb”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları