https://www.zirve.edu.az/
24.04.2018 12:20
Azərbaycanlı məktəblilər beynəlxalq festivalda iştirak ediblər

Türkiyənin Milli Suverenlik və Uşaqlar Günü münasibəti ilə keçirilən bayram mərasimləri çərçivəsində İstanbuldakı “Miniatürk” Mərkəzində 9-cu Gökcan Kolleci Uşaq Xalq beynəlxalq folklor rəqsləri festivalı təşkil olunub.

AzEDU.az xəbər verir ki, 12 ölkənin iştirak etdiyi festivalda ölkəmizi Bakıdakı Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb təmsil edib. Bu təhsil ocağında fəaliyyət göstərən “Milli rəqs” dərnəyi 4 müəllim və 20 şagirddən ibarət qrupla festivalda iştirak edib.

Mərasim Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb. Sonra Türkiyənin dövlət himni səsləndirilib.

Şagirdlərimiz bədii gimnastika, milli rəqs və xalq mahnılarımızın ifası ilə çıxış ediblər.

Tədbirdə ümummilli lider Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” ifadəsinin səsləndirilməsi alqışlarla qarşılanıb. Sonra şagirdlər “Azərbaycanlıyam!” mahnısını ifa ediblər.

Tahir Həsənov adına məktəbin direktoru Yuliya Kərimova şagirdlərin festivalda iştirakının bir çox cəhətdən əhəmiyyətli olduğunu qeyd edib:

“Şagirdlərin istedadları ilə Azərbaycanı təmsil etmələri onlarda Vətənimizi təbliğ etməkdə böyük qürur və həvəs yaradır. Digər mühüm cəhət layihənin şərtlərinə görə, qrupda təmsil olunan şagirdlərin səfər çərçivəsində Türkiyədəki şagirdlərin evlərində qalmalarıdır. Bu, özlüyündə Azərbaycan-Türkiyə qardaşlığını məktəblilər arasında tərənnümdür”.