Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-10 10:48:00
Dilə, dil quruculuğuna qarşı diplomatiya...   

Dilin möcüzəsini, ideoloji istiqamətdə gördüyü uğurlu işləri Avropa diplomatiyası yaxşı bilir. Ona gö­rə də hansısa bir dilin beynəlxalq  dil statusunu al­ma­sı əhəmiyyətli bir iş kimi Avropa diplomatiyasının maraq dairəsindədir. Bu statusun imkanlarından hə­mi­şə istifadə olunub, gələcəkdə də belə olacaqdır. Yeri gəlmişkən türk dilinin beynəlxalq dil statusunu almasına Avropa diplomatiyası imkan vermir və yaxın gələcəkdə də bu imkanı yaratmayacaqdır. Av­ro­pa diplomatiyası çalışır ki, elm, təhsil, siyasət, ma­liy­yə və s. dili kimi üzdə olan Avropa dövlətlərinin və onların dillərinin nüfuzunu qoruyub saxlasın. On­la­rın marağında olmayan dillərin elm, təhsil, siyasət, maliyyə dili kimi formalaşmasına hər cür əngəllər törədirlər. Axı elm, təhsil, siyasət, maliyyə və s. dili olmaq təkcə dilin nüfuzu deyil, həm də həmin dilin gəlir, qazanc gətirdiyi bir məsələdir. Bu elə bir ciddi siyasətdir ki, onun arxasında olan maddi maraq elmə, təhsilə, siyasətə, maliyyəyə və s.-yə qoyulan xərci bir yerə toplayır, bir ünvana aparır, nəticədə həmin ün­van, həmin yer maddi cəhətdən, iqtisadi cəhətdən güclü olur. Maddi və iqtisadi güc isə bir çox prob­lemləri həll edir. 


Bugünkü dünyanın mənzərəsində bunu görməmək mümkün deyildir. Kürələşən dün­ya­da beynəlxalq dillərdən təhsil, elm, siyasət, maliyyə və s. dili kimi istifadə edən Avropa diplomatiyası nə etdiyini çox yaxşı bilir. Dünyanın gücünün hansı tərəfdə olmasını həm də bu yolla tənzimləyir. Təbii ki, belə bir proses beynəlxalq dillərin öz aralarında olan rəqabəti də gücləndirir. Daha çox əziyyəti isə beynəlxalq statusu olmayan dillər çəkir. Beynəlxalq statusu olmayan dillər konkret ərazilərdə, konkret sərhədlər çərçivəsində elm, təhsil, siyasət, səhiyyə, maliyyə və s. dili kimi fəaliyyət göstərirlər. Azər­bay­can dili də bu qəbildən olan dildir. O, elm, təhsil, siyasət, səhiyyə, maliyyə və s. dili kimi Azərbaycan Respublikasında işlənir. Ancaq beynəlxalq dillər rə­qa­bət prosesində çalışırlar ki, dillərin bu imkanına da nüfuz etsinlər. Və bəzən bu nüfuzu da edirlər. Dün­ya­nın müxtəlif ölkələrində beynəlxalq dillərdə olan məktəbəqədər müəssisələrin, orta məktəblərin, ali məktəblərin olması bir faktdır. Belə məktəblər vasi­tə­silə beynəlxalq dillər də, Avropa diplomatiyası da öz işini görür. Odur ki, kürələşən dünyanın belə bir mən­zərəsində Azərbaycan dilinin də elm, təhsil, siya­sət, səhiyyə, maliyyə və s. dili kimi qorunub sax­la­nıl­ması və inkişaf etdirilməsi olduqca aktualdır. Bu mənada hər bir dilə xidmət etmək müqəddəs missiya kimi diqqəti cəlb edir. Burada beynəlxalq dilin də, beynəlxalq olmayan dilin də xidmətə ehtiyacı var. Ancaq beynəlxalq olmayan dillərin xidmətə ehtiyacı daha böyükdür. Onlar beynəlxalq dillər tərəfindən hədəf kimi görünür, hədəfə götürülür. Ona görə də beynəlxalq dillər də, Avropa diplomatiyası da bey­nəl­xalq olmayan dillərin nüfuzunu aşağılamaq üçün bütün imkanlarından istifadə edir. Hətta onlardakı dil quruculuğu prosesinə də maneçilik göstərir. Beynəl­xalq dillər və Avropa diplomatiyası apardıqları siya­sət­lə yanaşı, kütləvi informasiya vasitələrinin də im­kan­larından lazımi səviyyədə istifadə edir. Çalışırlar beynəlxalq olmayan dilləri nüfuzdan salsınlar. Bunun üçün isə, bir daha qeyd edək ki, beynəlxalq olmayan dillərin dil quruculuğu prosesinə birbaşa və dolayısı yolla müdaxilə edirlər. Belə bir müdaxilənin qarşısını almaq yolunda ilkin tədbirlər sırasında dili doğma balalarımıza sevgi dolu hisslərlə öyrətmək ən böyük xidmətlərdən biri sayılmalıdır. Azərbaycan Respub­li­ka­sının hər bir uşağına (millətindən asılı olmayaraq) millətimizin yaratdığı və yaşatdığı Azərbaycan dilini, onun bütün gözəlliklərini, incəliklərini öyrətmək qiy­mətli bir xidmət kimi qəbul olunmalıdır. Bu qiymətli xidməti həyata keçirənlərdən birincisi dil müəllim­lə­ridir. 


Dil müəllimləri, yəni dili öyrədən müəllimlər dili duya-duya, anlaya-anlaya, dilin taleyini düşünə-düşünə öz müqəddəs işlərini görməlidirlər. Bu proses onlar tərəfindən nə qədər düzgün həyata keçirilərsə, bir o qədər də qarşı tərəf, yəni dili öyrənən tərəf öy­rən­diyi dilə duyumlu, anlayışlı və düşündürücü ya­na­şa bilər. Öyrədən və öyrənən tərəfin məsuliyyəti dilin sehrini, möcüzəsini açmaq üzərində qurulmalıdır. Dilin sehrini, möcüzəsini açmaq üçün dili sevməkdən başlamaq lazımdır. Dili öyrədən də, dili öyrənən də dili sevməlidir. Dili öyrədən təkcə dil və ədəbiyyat müəllimləri olmamalıdır. Düzdür, dili öyrətmək dil və ədəbiyyat müəllimlərinin birbaşa vəzifəsidir. An­caq dili hansı fənni tədris etməsindən asılı olmayaraq hər bir müəllim öyrətməlidir. Fizika, riyaziyyat, tarix, coğrafiya, kimya, biologiya və s. fənləri tədris edən müəl­limlər öz fənlərinə aid bilgiləri dilin imkan­ların­dan istifadə edərək öyrədirlər. Odur ki, onlar öyrətmə prosesində dilin bütün məna incəliklərinə riayət et­mək­lə fənlərinə aid bilgiləri daha asan öyrədə bilər­lər. Bu baxımdan hər bir fənn müəllimi doğma ana di­lini mükəmməl bilməli, ana dilinin bütün zəngin­lik­lərini, imkanlarını ifadə etməyi bacarmalıdır. Bun­dan başqa, doğma ana dilini öyrətməkdə ailədəki ba­banın, nənənin, atanın, ananın, böyük qardaşın, ba­cı­nın da görəcəyi işlər az deyil. Onlar da bu işə mü­qəd­dəs bir iş kimi yanaşmalı, sevgi və məhəbbətlə bağ­lanmalıdırlar. Uşaqlara layla çalmaqdan başlamış nağıl söyləməyə qədər olan bütün işlər ailədə dilin incəliklərini, gözəlliklərini mənimsətməkdə zövqlü və müqəddəs amal olmalıdır. Dili öyrətmək dil və ədəbiyyat müəllimləri ilə yanaşı, digər fənn müəllim­lə­rinin, eləcə də ailənin müqəddəs işi olarsa, onda təməlin, bünövrənin möhkəmliyini heç nə sarsıda bilməz. Belə olan təqdirdə, beynəlxalq dillərin və Avropa diplomatiyasının dil sahəsində apardığı məq­sə­dli siyasətin beynəlxalq statusu olmayan dillərə tə­siri narahatlıq yaratmaz. Həm də beynəlxalq dillərin və Avropa diplomatiyasının beynəlxalq statusu ol­ma­yan dillərin dil quruculuğu prosesinə təsiri fayda verməz. Dil quruculuğu prosesi dil daşıyıcılarının özü bilmədən beynəlxalq dillərin və Avropa diplo­ma­ti­yasının rəqabəti ilə qarşılaşır. Bu proses tarixən ol­muş, indi də hər gün, hər ay, hər il davam etmək­də­dir. Bu, yerüzündə, kürələşən dünyada təhlükəli bir proses kimi davam etməkdədir. 


Dillərin təhlükəyə sürüklənmə prosesinin tarixi siyasətin tarixi ilə yaşıd­dır. Təsadüfi deyil ki, bu prosesi anlayanlar, təhlil edənlər həmişə olub və olacaqdır. Bu mənada 1933-cü ildə Türkiyədə “dil inqilabı” başlayan zaman bir türk diplomatı digər bir ingilis diplomatı ilə Avro­pa­da qarşılaşır. İngilis diplomatı türk diplomatına Türkiyədəki “dil inqilabı” ilə bağlı deyir: “Aman, diq­qətli olun, Moskva bu işə əl atacaqdır!..” [2, 13-14] İngilis diplomatı onu da deyir ki, millətlər bir-birinin iç aləmlərində gizli işlər törədirlər. Bir-birini içəridən, daxildən vurmaq üçün müxtəlif fürsətlərdən istifadə edirlər. Və fürsətdən istifadənin yollarını da yaxşı bilirlər. Elə bununla bağlıdır ki, ingilis ədibi Corc Oruell “1984” adlı romanını yazdı. [1, 34-319] Bu romanda millətlərin dillərini yıxmaq, nəticədə millətləri kütlə halına salmaq istəyində olanların hə­dəf­lərindən bəhs olunur. Totalitar rejimin maraq və mənafeyinə uyğun olan bir çox məsələlərlə yanaşı, yeni dil yaratmaq məsələsi də bədii təhlilini tapır. İnsanın bir şəxsiyyət kimi yetişməsində keçmişin, o cümlədən dilin rolunu inkar etmək olmur. Odur ki, bu romanda keçmişi insanın əlindən almaq, onu də­yiş­dirməklə hərəkətə gətirmək, ona aid faktları dəyiş­dir­mək və yeniləri ilə əvəz etmək totalitar rejimin mühüm vəzifələrindən biri kimi verilir. Bu vəzifəni yerinə yetirmək üçün totalitar rejim dilin özünü də­yiş­mək və yeni dil yaratmaq məsələsinə önəm ver­mişdir. Məhz dili dəyişmək, yeni dil yaratmaq məsə­ləsi totalitar rejim üçün ona görə maraq kəsb etmişdir ki, dil vasitəsilə insanlar həm də keçmişlə təmasa girirlər. Keçmişlə təmasa, əlaqəyə girmənin qarşısını almaq üçün, təbii ki, dili dəyişmək, yeni dil yaratmaq totalitar rejimin marağına və mənafeyinə uyğun ol­muş­dur. Bu mənada C.Oruell məsələni “1984” adlı ro­manında elə-belə qoymamışdı. O, Sovetlər Birli­yin­də həyata keçirilən dil siyasətinə və bunun nəticə­sin­də yaranan dəyişikliklərə əsaslanaraq romanda totalitar rejimin iç üzünü açırdı. C.Oruell çalışmışdır ki, sovet totalitar rejimində həyata keçirilən dil siya­sə­tini üzə çıxarsın. Bu siyasətin həyata keçiril­mə­sin­də əsas məqsədlərdən birinin cəmiyyəti idarəetmək baxımından yarandığını aça bilsin. Odur ki, C.Oruell totalitarizmin dil siyasəti sahəsində yaratdığı dəyi­şik­liklərin nə demək olduğunu anlatmağa cəhd edir. [4, 286-293] O istəyir ki, anlatsın: totalitar rejim dilin insanlar arasında ünsiyyət vasitəsi olmasını istəmir, dilin cəmiyyət üzvlərini bir-birindən təcrid etməsinə çalışır. Totalitar rejim keçmişi, bu günü təhlil etmək, gələcək barədə proqnoz vermək idrakını insanların əlindən almaq istəyir. Ona görə də bunu insanların əlin­dən almaq üçün dilin əsas funksiyasını dəyiş­dir­mək istəyirlər. Axı dil olmasa, insanlar keçmişlə, bu günlə müqayisəni yarada bilməz, gələcək barədə fikir yürütmək çətin olar. Dil vasitəsilə idrak prosesi hə­ya­ta keçirilir. Bu mənada totalitar rejim üçün idrakın, düşüncənin qeyri-mümkünlüyünü həyata keçirmək üçün dili dəyişmək, dili dağıtmaq ən mühüm məq­səd­lərdən, vəzifələrdən biri hesab edilir. Totalitar rejim yaddaşsızlıq yaratmağa nail olmaq üçün dili dağıtmağı dil siyasətinin əsas komponenti sayır.

C.Oruellinin dil siyasəti ilə bağlı fikirləri Sovet­lər Birliyində həyata keçirilən dil siyasətinə əsas­la­nırdı. Stalinin və Hitlerin siyasətinin maraq dairəsi göstərilirdi. Stalinin siyasətini sosializmin, Hitlerin siyasətini faşizmin təntənəsi kimi qeyd edirdi. [4, 288] Bunların totalitar cəmiyyətlərdə dil siyasəti ilə əlaqəli olduğunu demək istəyirdi. Totalitar rejimlər yaddaşsızlığı yaratmaq üçün, insanlar arasında olan əlaqəni qırmaq üçün kütləvi şəkildə məhv etməyə, sürgün etməyə üstünlük verirdi. Bunu Stalin və Hitler rejimində görməmək mümkün deyildir.

C.Oruell 1930-1940-cı illərdə ingilis dilinin özün­də də deqradasiya prosesinin getdiyini qeyd edir. 1934-cü ildə Britaniya Ortologiya İnstitutunun çap etdirdiyi “System of Basic English” lüğətində 850 sözün özünə yer almasını dil siyasəti sahəsindəki böh­ran kimi xarakterizə edir. [4, 288] Ona görə ki, ingilis dilinin əsas lüğət tərkibinin 850 sözdən ibarət olması qeyri-obyektiv yanaşmadan başqa bir şey deyildir.

“1984” adlı romanda müəllifin hansı ideyadan çıxış etməsi də maraqlıdır. İdeya ondan ibarətdir ki, dil siyasəti prosesində yeni yaranmış dillərin əsas məq­sədi totalitar rejimin mövqeyini, fəaliyyətini tə­min etməkdən ibarət olmuşdur. Digər ideyaların si­li­nib atılması, totalitar rejimin qəbul etdiyi ideyanın vacib sayılması və buna nail olmaq üçün dildəki söz­lə­rin mənalarının cəmiyyəti idarə edən təbəqə üçün nəzərdə tutulması əsas hədəf kimi götürülmüşdür. Hamı birmənalı düşünməlidir, hər sözün bir mənası olmalıdır və bunların hamısı da cəmiyyəti idarə edən­lə­rə uyğunlaşmalıdır. Son dərəcə bəsit olan bu düşün­cə fərdi fikrin və dilin zənginliklərini məhv etmək, fərdi fikrin və dilin imkanlarını məhdudlaşdırmaqdır.

 Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor