Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-05 11:34:00
“Bağçalara işçi qəbulunu İcra Hakimiyyətindən almaq lazımdır” - Ekspert  

Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 331 saylı uşaq bağçasında müəllimin azyaşlıları təhqir etməsi son vaxtlar məktəbəqədər təhsil müəssisələri ilə bağlı qanunverciliyi gündəmə gətirib. Uşaq bağçalarına işçi qəbulunun xırdalıqları, bu zaman yol verilən boşluqlar müzakirə mövzusu olub.

Bağçalara işçi qəbulu necə həyata keçirilməlidir? Ümumiyyətlə, məktəbəqədər təhsil müəssisələrində çalışanların iş keyfiyyətini artırmaq üçün qanunvericiliyin hansı mexanizmlərinə diqqət yetirilməlidir?

“Bağçalara işçi qəbulu prosesini İcra Hakimiyyətindən almaq lazımdır”

Mövzu ilə bağlı AzEdu.az-a danışan “Bağçam” uşaq bağçaları şəbəkəsinin rəhbəri Rasif Dünyamalıyev bildirib ki, baş verən hadisələrin qanunvericiliklə əlaqəsi yoxdur. Sadəcə görüntüləri yayımlanan müəllim öz öhdəliklərini başa düşmür, azyaşlı ilə davranış qaydalarını bilmir:

“Belələrini, ümumiyyətlə, təhsil sektorundan uzaqlaşdırmaq lazımdır. Təhsilin mahiyyətini başa düşməyib uşaq hüquqlarından xəbərsiz olanlar bu sahədən kənarlaşdırılmalıdırlar.

Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında” qanunu var. Həmin qanun BMT-nin “Uşaq hüquqları haqqında” konvensiyası əsasında hazırlanıb. Burada azyaşlıların şərəf və ləyaqətinin qorunmasının vacibliyi qeyd edilib. Hər uşaq  vətəndaşdır və heç bir halda şərəf və ləyaqətini alçaltmaq olmaz”.

“Müraciətçilər ilkin müsahibə, psixoloji konsultasiya, pedaqoji testlərdən keçməlidirlər”

Neqativ hallarla mübarizə üçün cəza tədbirlərinin tətbiqinə gəlincə isə bildirib ki,  bu, məsələdən çıxış yolu deyil:

“Müraciətçilər işə götürülərkən şəffaflıq prinsipinə riayət edilməlidir. Müraciətçilər ilkin müsahibə, psixoloji konsultasiya, pedaqoji testlərdən keçməlidirlər. Bəzən bağçanın direktoru başqa maraq güdərək müraciətçini işlə təmin edir. Amma bilmir ki, o, məişət üslublu şəxsdir.

Bunun üçün bağçalara işçi qəbulu prosesini İcra Hakimiyyətindən almaq lazımdır. Məktəbəqədər təhsil müəssisəsinin mülkiyyətçisi İcra Hakimiyyəti ola bilər. Bu, problem deyil. İcra başçısı ayrı-ayrı yerlərdə dövlət maraqlarını müdafiə edən şəxsdir. Dövlət öz əmlakına nəzarət hüququnu bu şəxsə verib. Amma təhsil müəssisəsinin işi hansı formda təşkil olunub? Onu icra başçısına həvalə etmək nə dərəcədə düzgündür?

Bu işlə ölkənin təhsili icra edən orqanı - Təhsil Nazirliyi məşğul olmalıdır. Nazirlik bağçanın tədris proqramını tərtib etməli, ona nəzarət etməli, bağçanın pedaqoji heyətini seçməlidir. Müəllimlərin işə qəbulu kimi bu da müsabiqə yolu ilə həyata keçirilməlidir.

Bağça pedaqoqlarının işə qəbulu mərkəzləşdirilməli, imtahanla olmalıdır. Hər yoldan keçən təsadüfi şəxs bağçaya işə düzələ bilməz. Uşaqların gələcəyini məhv edirik. Axşam seriala baxıb səhər gəlib azyaşlıya dərs deyir, üzərilərində işləmirlər. Əksəriyyəti kurikulumdan xəbərsiz, müasir təlim metodlarından imtina edən adamlardırlar.  Təbii ki, bu, hamıya aid deyil. Söhbət bağça pedaqoqlarının 80 %-dən gedir. Dəhşətlisi isə odur ki, öyrənmək də istəmirlər. Onları kütləvi şəkildə işdən azad edib əvəzinə gənc, öyrənməyə meyilli, pedaqoji biliyə sahib şəxsləri işə götürmək lazımdır. Bunun başqa yolu yoxdur”.

“Belə olsa, özəl sektor bir az əl-ayağını yığar, dövlət sektoru isə mənfi hallara yol verməz”

Bağçalarda işin keyfiyyətini artırmaq məqsədilə işçilərin attestasiyası məsələsinə gəlincə isə Rasif bəy bildirib ki, uyğun qanunvericilikdə işçilərin attestasiyası nəzərdə tutulub:

“Qanunvericilikdə qeyd edilənlərin hər biri həyata keçirilsə, çox yaxşı məktəbəqədər təhsil sistemimiz olacaq. Amma qanunu həyata keçirmək üçün öncə Təhsil Nazirliyi nəzarəti öz əlinə götürməlidir. Yoxsa, bu, mümkün olmayacaq.

Prosesi mərkəzləşdirmək lazımdır. Məktəbəqədər təhsilə nəzarət edən bir qurum olmalı, oraya peşəkar kadrlar cəlb olunmalıdırlar. Özəldən tutmuş, dövlətə qədər hər bir müəssisə onun tabeliyinə verilməlidir. Belə olsa, özəl sektor bir az əl-ayağını yığar, dövlət sektoru isə mənfi hallara yol verməz.

Yəni, qanun layihəsi idealdır, çox yaxşı hazırlanıb. Problem onun icraçılarındadır. Qanunu doğru şəkildə icra etsələr, yaxşı nəticə ala bilərlər. Layihədə müəllimlərin attestasitası, akkreditasiya, lisenziyalaşdırma və s. – hər birinə toxunulub”.

Qeyd edək ki, 331 saylı bağçada çəkilmiş videonun rezonans doğurmasına səbəb müəllim tərəfindən çəkilməsi və səhvən valideynlərin "WhatsApp" qrupuna atılması olub. Videoda müəllimin şəkil çəkməsinə mane olan qızcığaz təhqir edilir.

Rəsmi məlumata görə, artıq 3 ildir, sözügedən bağçada çalışan tərbiyəçi Lalə Novruzova işdən azad olunub. Bağçanın müdirinə töhmət verilib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları