Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-23 14:47:14
Azərbaycan məktəbliləri tez-tez eşq məsələlərinə görə psixoloqa müraciət edirlər – MÜSAHİBƏ

 Uşaqları, məktəbliləri  psixoloji gərginlikdən  çıxarmaq  və mənəvi dayaq olmaq üçün məktəblərdə çalışan psixoloqlar onlara dəstək ola bilirlərmi?  Yoxsa əksinə onların vəziyyətini daha da gərginləşdirirlər? Yəni bir sözlə psixoloqlar keyfiyyət, yoxsa kəmiyyət rolunu oynayırlar?

Psixoloq-psixoterapevt  Xanım Niftəliyeva sözügedən məslə ilə bağlı  AzEDU-nun suallarını cavablandırıb.

- Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycan məktəblərində də psixoloqlar fəaliyyət göstərir. Onların funksiyası nədən ibarətdir?

- Texnologiya, tibb, təhsil sahəsi inkişaf edir, psixologiya elmi də inkişaf etməkdədir. Bütün tədris müəssilərində olduğu kimi məktəblərdə, məktəbəqədər təhsil ocaqlarında da psixoloqlar fəaliyyət göstərməlidir.  Hətta orta məktəbdə bir yox, bir neçə psixoloqun fəaliyyət göstərməsi daha məqsəduyğundur. Hər yaş kateqoriyasına görə psixoloqlar qruplara bölünməlidir. İbtidai siniflər üçün ayrı, yetkinlik yaşında (10-12 yaş, ilkin yetkinlik dövründən 16-17 yaşına qədər) olan uşaqlar üçün ayrı, abituriyentlər üçün ayrı psixoloq olmalıdır.

Ona görə ki, abituriyentlərdə özgüvən sarsıntısı,  digər yaşda olan uşaqlarda başqa problem var. Psixoloqların ayrıca öz otaqları olmalıdır. Onlar həftədə bir dəfə psixologiya barədə məlumat verməli, dərslər keçirməli, məktəblilər maarifləndirilməlidir.  Məktəblilər bilməlidir ki, onların məxfiliyi, güvəni qorunur və rahat şəkildə problemlərini danışa bilərlər. Məktəblilər problemlərini həll etmək, çıxış yolu tapmaq üçün psixoloqla sirdaş olmalıdırlar. Hətta ailədən qaynaqlanan problem olanda onlar rahat şəkildə məktəb psixoloquna müraciət edib, dəstək almalıdır. Psixoloqlar uşaqlarda özgüvəni bərpa etməli, inamı gücləndirməlidir. Yetkin yaşda uşaqlar olduqca  duyğusal olurlar, həmin dövr onlarda duyğular yaranır. Biz tez-tez sevgi mövuzusunda olan problemlərlə rastlaşırıq. Həmin dövrdə hansısa bir qızın, yaxud oğlanın onların sevgisinə qarşılıq verməməsi məktəblilərin özgüvəninin sarsıntısına gətirib çıxarır. Depressiv hal yaranır və bu ziddiyyət pozuntusu, bipolyar pozuntusu ilə də müşahidə olunur.

- Bir uşağın məktəbdə problemi olubsa, psixoloq təkcə uşaqla məsələni həll etməlidir, yoxsa valideynləri və məktəb yoldaşları da çağrılmalıdır?

- İlk növbədə psixoloq uşaqla fərdi olaraq görüşməli, onun probleminin nə olduğunu, haradan qaynaqlandığını, bu problemin onun hiss və düşüncələrinə hansı dərəcədə təsir etdiyini öyrənməlidir. Əgər problem evdən, valideyndən qaynaqlanırsa, o zaman təbii ki, ilk növbədə valideynlərlə görüşüb, sistematik şəkildə  onları ora cəlb etməklə problemin aradan qalxmasına yardım etmək olar. Əgər problem sinif yoldaşı, yaxud məktəbdəki digər uşaqla yaşanıbsa, bu zaman  həmin uşaqları da cəlb etməliyik. Onun həmin an nə yaşadığını, nə düşündüyünü, duyduğunu öyrənməliyik. Əgər problem bizə müraciət edən uşaqda deyil, digər uşaqların yaratdığı problemdirsə, bu zaman həmin uşaqların valideynlərini də cəlb etməklə problemi sistematik şəkildə həll etməliyik. İlk növbədə isə uşağı dinləməliyik. Ola bilsin ki, bu uşaq yetkinlik yaşındadır, özünə qapanıb, depressiv haldadır. Məktəb psixoloqu onu müşahidə edir, otağına dəvət edir, məxfiliyinin qorunacağını xatırlatmaqla güvən yaradır və söhbətə başlayır. Uşaq hər şeyi ona danışdıqdan sonra psixoloq ata-ananı ora cəlb edə bilməz. Artıq bu, uşağın şəxsi, daxili dünyası ilə bağlı problemdir. Valideynləri cəlb etdikdə uşaqda güvənsizlik əmələ gələcək, psixoloji sarsıntı yaşayacaq. Bundan sonra isə psixoloqa güvənə bilməyəcək. Biz yetkinlik yaşında olan uşaqların problemini onun özü ilə həll edirik. Uşaq azyaşlıdırsa, özünə xəbərdarlıq edirik ki, bu məsələləri sənin valideynlərinlə paylaşmağa məcburam. Yetkinlik yaşında isə hər hansı xoşagəlməz hadisə baş veribsə,  uşağa məlumat verməklə valideynlərini dəvət edirik. Əgər bu şəxsi problem - sevgi macərasıdırsa, bunu uşağın özü ilə həll edib aradan qaldırırıq. Bu məktəb psixoloqlarının üzərinə düşən ən böyük məsuliyyətdir. Məktəb psixoloqu öz otağında oturub kiminsə onun yanına gəlməsini gözləməli deyil, daim tənəffüsdə və bəzi dərslərdə uşaqları kənardan müşahidə etməlidır. Onlarla bağlı öz fikirlərini süzgəcdən keçirməli, davranışlarına fikir verməlidir. Çünki davranışlar bizə hər şeyi deyir. Bundan sonra uşağın ona müraciət etməsini gözləmədən, onu yanına dəvət edib, söhbət edərək, problemin həllinə çalışmalıdır.

 - Tutaq ki, uşaqlar pis  bir iş görüblər. Onlar qorxudulmalıdırlar  ki, çəkinsinlər və bir də belə hərəkət etməsinlər, yoxsa onlarla  daha mülayim davranılmalıdır?

 - Ən çox yuxarı siniflər  bizə müraciət edir. Onların özgüvəni aşağı düşür, sarsılır, həyəcana, hissə qapılırlar və imtahanla bağlı fobiyalar əmələ gəlir. Bu normal bir hadisədir. Çünki hər uşaq özgüvənli olmur. Mükəmməl dərəcədə biliyə malik ola bilər, amma evdən, məktəbdən, cəmiyyətdən travma ala bilər. Yetkinlik yaşında olan 2 oğlan və bir qız olmaqla, 3 pasientim olub. Çox təssüflər ki, onlardan birinin problemi məktəblə, müəllim, direktor və direktor müavininin məktəbliyə etdiyi tənqid və təhqirlərdən qaynaqlanmışdı. Və bizim onunla işləməyimiz uzun zaman aldı. Həmin müddətdə mən valideynlə birlikdə məktəbdə oldum. Məktəb psixoloqu, müəllim və şagirdlərlə görüşdük. Terapiyaya başladıqdan sonra biz onun məktəb fəaliyyətini bir neçə ay dayandırmalı olduq. Çünki o məktəbdə həmin insanlarla qarşılaşdıqda bu onun şüuraltına təsir edirdi və hadisələr film kimi yaddaşında canlanırdı. Həmin abituriyent özünü narahat hiss edirdi, özünə qapanmışdı, dərs səviyyəsi sıfıra düşmüşdü. Məktəbdə görüşümüz zamanı onlara problemin ordan qaynaqlandığını dedik. 3 ay müddətində pasientimiz məktəbdən kənarda qaldı və biz onun problemini aradan qaldırdıq. Hazırda işlədiyim pasient var, onda obsessiv-kompunsiv pozuntu var və bu da ailədən qaynaqlanır, çünki valideyn ona şiddət göstərir. Biz bəzən düşünmürük ki, bir insanın duyğularına, hisslərinə,  mənliyinə sözlərimiz, baxışlarımızla şiddət tətbiq edə bilərik. Bu kimi normalar məktəblilərdə kəskin problemə səbəb olar.

- Siz xarici ölkələrdə tez-tez olursunuz və beynəlxalq konfranslarda iştirak edirsiniz. Xarici məktəblərdəki psixoloqlarla Azərbaycandakı psixoloqlar arasında nə kimi fərq var? Biz orta məktəblərdə çalışan psixoloqlarımızı onlar kimi peşəkar hesab edə bilərik?

- Bütün ölkələrdə “psixoloqlar”  olur. Hətta mənim də çox dəyər verdiyim bir həmkarım da bunu vurğuladı ki, Amerikada belə bu cür “psixoloq”lara, fırıldaqçı, maddiyyata görə özünə “psixoloq” deyənlərə rast gəlinir. Bir məqam var ki, Azərbaycanda da  bu üstünlük təşkil edir. Mən düşünürəm ki, bu maarifləndirmənin yeni başlamasından irəli gəlir. Seminarlar, təlimlər, tədbirlər yeni-yeni təşkil olunmağa başlayır, xarici ölkələrdən ölkəmizə mütəxəssislər dəvət olunur.  Bundan sonra onlar öz üzərlərində çalışıb, mütəxəssis kimi yetişə bilərlər. Çünki əvvəl universiteti bitirirdilər, sadəcə nəzəriyyə ilə, heç bir təlimə, kursa qatılmadan diplomla gəlib işləyirdilər. Praktika isə şərtdir.  Hər hansı psixoloq superviziyadan keçməyibsə, özünün psixoloq olub-olmamasını sorğulamalıdır.  İşə götürülən zaman hər bir psixoloqdan onun superviziyadan keçməsi mütləq soruşulmalıdır. Yoxsa mən depressiyanın nə olduğunu bilirəmsə, bu o demək deyil ki, onu müalicə etməyi bacarıram. Çünki hər pasient bir fərddir, hər fərdə də individual yanaşmaq lazımdır. Hərənin bir xarakteri, problemi var. Hər depressiyaya düşən insan eyni problemə görə bunu yaşamır. Hərəsinin fərqli problemi var. Boşluqları zamanla doldursaq 10 il sonra Azərbaycanda da frırldaqçı “psixoloqlar” istisnalara çevriləcək. Təəssüf ki, bu gün kələkbazlar çoxluq təşkil edir.

 -  Xatırlayırsınızsa  yaxın vaxtlarda Bakıda yerləşən 132-134 saylı Təhsil Kompleksində cinsi əlaqədə olan  11-ci sinif şagirdi 7-ci sinif şagirdinin videosu yayılmışdı. O uşaqlar qınaq obyektinə çevrilmişdi. Hətta bəzi psixoloqlar da kor-koranə fikirlər irəli sürürdülər.

-Bu kimi hadisələri ictimailəşdirib, qabarıq şəkildə cəmiyyətə çatdırmaq, hətta efirlərdə, sosial şəbəkələrdə bunun reklamını etmək düzgün deyil. O zaman mən psixoloqların bu məsələ ilə açıqlamlarını oxudum. Orada qınaq gördüm. Biz psixoloquq. Bizim qarşımızdakı insan hansı vəziyyətdə olursa-olsun, hansı problemlə müraciət edirsə-etsin ilk növbədə emosiyalarımızı nümayiş etdirməməliyik, onları qınamamalıyıq, heç vaxt məsləhət verməməliyik. Bəzən elə düşünürlər ki, psixoloqa getdik, mənə məsləhət verdi, qurtardı. Belə olmaz. Baxır problemə. Ailədaxili münaqişədirsə, pasientə nümunə göstərib məsləhət kimi verə bilərsən. Amma yetkinlik yaşında olanları qınamaq, yaxud özünü ondan ağıllı göstərmək, “mən psixoloqam hər şeyin düzünü bilirəm” kimi yanaşma düz deyil. Həmin vaxt mən özüm də efirdə oldum. Qeyd etdim ki, yetkinlik yaşında olan uşaqdan ağıl, məntiq gözləmək ağılısızlıqdır. Çünki həmin yaş dövründə olan uşaqlar, emosiyaları, hissləri, duyğuları ilə hərəkət edir. Düzdür, bir az konkret cavab vermək çətindir. Çünki həmin vaxt onlarla görüşmədik, ünsiyyətdə olmadıq. Bəzi şaiyələr gəzdi ki, qızda ruhi xəstəlik var, oğlan həbs olunub. Mən onlarla görüşmədiyim üçün konkret bir fikir deyə bilmərəm. Bəzən əksəriyyəti psixoloq olduğunu unudub qınağa başlayıb. Onlar da bizim övladımızdır. Həyatda səhvsiz insan yoxdur, əsas odur ki, onlarla psixoloji baxımdan düzgün məşğul olub, onları incitmədən, yaralamadan psixoloji söhbətlər aparıb bu halların aradan qaldırılmasına kömək edək. Məktəbəqədər hazırlıq kursları, mərkəzlər, bağçalar var. Amma orada da psixoloq, mütəxəssis çatışmazlığından bu cür xoşagəlməz hallar yaşanır. Biz ana bətnindən övladlarımızı tərbiyə etməyə başlamalıyıq. Necə ki, peyvəndini, vitaminini vurdurur, vaxtlı-vaxtında altını dəyişir, yeməyini verir, yuxusuna nəzarət edirik, eyni zamanda da psixoloji baxımdan biz onları düzgün yetişdirməliyik ki, böyüyəndə bu cür səhv hərəkətlərə yol verməsinlər. Biz bir şeyi də unuduruq ki, onlar yetkinlik dövründə olan uşaqlardır. Ancaq öz emosiyalarına qapılıb, hissləri, duyğuları ilə davranırlar. Amma bir müddət sonra peşmançılıq hissi yaşayacaqlar. Ona görə də deyirəm ki, bizim onları qınamağa haqqımız yoxdur, onlar gələcəyin ata-anasıdır. Cəmiyyətimizin bir üzvü, bizim övladlarımızdır. Ən doğrusu onlara bir mütəxəssisin köməyi, məsləhəti lazımdır. Onları qınayıb, gündəmə gətirib və onlar üzərindən reklam edərək hansısa KİV-in məsələni şişirtməsi düzgün deyil. Onlara qucaq açmaq, sevgi göstərmək, yanlışlarını bu yolla göstərmək lazımdır. Xüsusi olaraq qeyd edim ki, əsasən valideynlər, atalar qızları ilə dost olsun. Onlara elə böyük sevgi, məhəbbət göstərsin ki, az yaşlarından kənardakı əks cinsə meyl yaranmasın.   

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları