Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-01 18:00:00
Almaniyada yaşayan azərbaycanlı alim ölkəmizdə uşaq hüquqlarına münasibətdən danışdı

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Ölkəmizdə uşaq hüquqlarının müdafiəsini dünya ölkələri ilə müqayisə edənlər isə az deyil.

“Qanunların daha sərt və düzgün işlədiyi Almaniyada uşaq hüquqlarının müdafiəsində vəziyyət yetərincə yaxşıdır. Eyni zamanda Azərbaycanın son illərdəki güclü inkişafı, dünya miqyasında qazandığı uğurlar, həyat tərzinin, əhalinin rifahının günü-gündən yaxşılaşdırılması sahəsində görülən işlər hər bir sahədə olduğu kimi uşaqların hüquqlarının müdafiəsində də nəzərə çarpacaq şəkildə inkişafa səbəb olub”.

Bu sözləri AzEdu.az-a Almaniyanın Rostok Universitetində çalışan azərbaycanlı alim Cavid Səfərov oradakı azərbaycanlı azyaşlıların həyat şəraiti, hüquqlarının müdafiəsindən danışarkən deyib.

O bildirib ki, Almaniyada uşaqlar dünyaya göz açandan qanunlar altında böyüyürlər. İlk tərbiyəni isə əlbəttə, valideynlərindən alırlar:

“Valideynlər övladlarını erkən yaşlardan bağçaya qoyurlar. Uşaq bağçası onların tərbiyəsində müstəsna rol oynayır. Azyaşlılar burada gələcək həyatda rastlaşacaqları hər şeyi öyrənirlər. Məsələn, yanğınsöndürən, həkim, polis və s. bağçaya gəlib uşaqlara xüsusi dərslər keçirlər. Artıq məktəbə qədəm qoyanda uşaqlar özlərini necə aparmalı olduqlarını öyrənirlər. Məktəbdə də bu metod davam edir. Uşaqlar praktik həyatla bağlı bütün işlərlə daha dərindən tanış olurlar. Məhz bu sadaladıqlarım onları alman cəmiyyətində tam səliqəli, düzgün, elmli, tərbiyəli bir insan kimi yetişdirir. Bu, alman uşaqlarının uğurlu həyatlarının ən vacib fundamentini təşkil edir”.

 

Uşaqların tərbiyə məslələri barədə də danışan alim iki ölkə arasındakı əsas fərqləri izah edib. Bildirib ki, hər iki ölkədə uşaqların tərbiyəsi ilə bağlı xeyli eyni və fərqli cəhətlər var. Təbii ki, burada milli adətlər, ailənin yaşam tərzi, cəmiyyətin uşaqlara münasibəti, sosial imkanlar və s. mühüm rol oynayır.

“Uşaqlarını Almaniyada böyüdən azərbaycanlılar hansı çətinliklərin öhdəsindən gəlməli olurlar?” sualına isə Cavid müəllim belə cavab verib:

“Bu istiqamətdə Alman cəmiyyəti tərəfindən heç bir çətinlik olmur. Əksinə, alman cəmiyyəti nəinki azərbaycanlı, digər ölkələrin uşaqlarını da heç bir şeydə özlərindən fərqləndirmirlər. Uşaqlar hamısı bir beynəlxalq mühitdə böyüyürlər. Amma azərbaycanlı valideylərin mümkün qədər alman yaşam tərzinə öyrənmələri, alman cəmiyyətinə daha tez inteqrasiyaları məhz onların övladlarının bu cəmiyyətdə gözəl tərbiyə almalarına təsir edir. Odur ki, həmvətənlərimə bu sahədə daha aktiv olmağı, alman dilini, mədəniyyətini, gündəlik yaşam tərzini mümkün qədər tez öyrənməyi məsləhət görərdim. Məhz bu amillər onların övladlarının tərbiyəsində böyük rol oynayır”.

Professordan Almaniya kimi demokratik bir dövlətdən baxdıqda ölkəmizdəki uşaq hüquqularının necə göründüyünü soruşuruq:

“Qanunların daha sərt və düzgün işlədiyi Almaniyada uşaq hüquqlarının müdafiəsində vəziyyət yetərincə yaxşıdır. Eyni zamanda Azərbaycanın son illərdəki güclü inkişafı, dünya miqyasında qazandığı uğurlar, həyat tərzinin, əhalinin rifahının günü-gündən yaxşılaşdırılması sahəsində görülən işlər hər bir sahədə olduğu kimi uşaqların hüquqlarının müdafiəsində də nəzərə çarpacaq şəkildə inkişafa səbəb olmuşdur. Uşaqlarımız, gənclərimiz Vətənə sevgi, cəmiyyətimizə layiqli övlad kimi böyümək istiqamətində tərbiyə olunurlar”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları