Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-24 09:08:00
"İmtahansız qəbul istedadlı gənclərin ölkədə qalıb, oxumalarına yardımçı olacaq"-Deputat

Baş nazir Novruz Məmmədov ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul şərtlərini təsdiqləyib.

Bununla bağlı məlumat Nazirlər Kabinetinin saytında yerləşdirilib. 

Sənəddə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin, eləcə də, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin  ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul şərtləri açıqlanıb.

Respublika fənn olimpiadalarının qalibləri ölkəmizdəki universitetlərin müxtəlif ixtisaslarını seçə bilərlər.

Qərarın qəbulu universitetlərin bu məsələyə hazırlıq prosesini gündəmə gətirib.

Milli Məclisin deputatı Sona Əliyeva AzEdu.az-a açıqlamasında bu qərarın stimullaşdırıcı xarakter daşıdığını vurğulayıb:

“Beynəlxalq olimpiada qalibləri universitetlərə müvafiq ixtisaslar üzrə müsabiqədənkənar qəbul oluna biləcəklər. Bunun səbəbi odur ki, beynəlxalq yarışmaların qalibləri ölkəmizdə qalsın və cəmiyyətə xeyir versin. Bu qərarın verilməsi şagirdlərdə  ruh yüksəkliyi yaradacaq.

Dünyanın bir çox ölkələrində beynəlxalq olimpiada qalibləri ali məktəblərə  müsabiqəsiz  qəbul olunurlar. Hətta onlara xüsusi təqaüdlər də verilir.

Bu qərar tək beynəlxalq olimpiada qaliblərinə deyil, respublika fənn olimpiadalarının qaliblərinə də. şamil olunur. İstənilən universitetə yox, müvafiq ixtisasa qəbul oluna bilərlər.

Nazirlər Kabineti imtahansız qəbul imkanı verən bütün beynəlxalq və respublika yarışmalarının siyahısını təsdiqləyib. Mən bu qərarı dəstəkləyirəm. İstedadlı uşaqların ölkəmizdə təhsil alması onlara stimul verəcək. Eyni zamanda bu qərar beyin axının qarşısını da ala bilər. Gələcəkdə həmin uşaqlar ölkəmizin inkişafına töhfə verən addımlara imza atacaqlar”.

Şükufə Süleymanlı