Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-22 15:37:05
Nobel mükafatçısı Əziz Sancar “Azərbaycan məktəbi” jurnalında – Redaksiya Şurasının üzvü oldu

“Azərbaycan məktəbi” jurnalının beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində son aylar ərzində bir sıra mühüm addımlar atılıb.

AzEdu.az xəbər verir ki, jurnal beynəlxalq nüfuzlu indekslərə üzv olub, istinad bazalarında qeydiyyatdan keçib. Bu isə öz növbəsində jurnalın xarici nüfuzlu alimlər, elmi-tədqiqat müəssisələri tərəfindən də tanınmasına, elmi dairələrlə əlaqələrinin yaranmasına yol açıb. Təsadüfi deyil ki, artıq jurnala elmin, təhsilin inkişaf etdiyi ölkələrin ali təhsil ocaqlarından maraqlı, aktual elmi məqalələr göndərilir. Redaksiya bu məqalələrin Azərbaycan oxucuları üçün əhamiyyətini nəzərə alaraq dərc edir. Jurnalın ingilis dilində saytı da onun beynəlxalq əlaqələrinin genişlənməsi, oxucu auditoriyasının artmasına əsas verir.

“Azərbaycan məktəbi” dünyaya artıq “Azerbaijan Journal of Educational Studies” adı altında çıxır və jurnal beynəlxalq indeksli təhsil tədqiqalarını dərc edən elmi məcmuə olaraq bilinir. 

 Aparılan çoxşaxəli işlərin nəticəsi olaraq “Azərbaycan məktəbi” jurnalının səhifələrində ingilis dilində xarici ölkələrdən – Türkiyədən, Rusiyadan, Ukraynadan, Çindən, Amerikadan, İngiltərədən, Yeni Zelandiyadan və s. müəlliflərin məqalələrinə rast gəlmək mümkündür.

Qısa müddətdə xeyli uğurlar qazanan “Azərbaycan məktəbi” jurnalının redaksiya heyəti sıralarından dünyanın nüfuzlu elm ocaqlarında təhsil almış “Web of Science” elmi-platforma bazasında məqalələri dərc edilən gənc alimlərimimizin adlarını görmək olar. Onlardan SevincMəmmədova (Corc Vaşinqton Universiteti), Leyla İsmayılova (Çikaqo Universiteti), ƏbülfəzSüleymanlı (Üsküdar Universiteti.), Nərmin Osmanlı (Hacettepe Universiteti) Vəfa Kazdal (ADAuniversiteti) və s.lərinin adlarını çəkə bilərik.

“Azərbaycan məktəbi” jurnalının diqqət yetirdiyi önəmli məsələlərdən biri də beynəlxalq redaksiya şurasının nüfuzlu alimlərdən ibarət heyətinin formalaşdırılmasıdır. Bu istiqamətdə də müəyyən işlər görülüb və perspektiv plan müəyyənləşdirilib. Türk dünyasının fəxri, ABŞ-ın Beynəlxalq Elmlər Akademiyasının ilk türk üzvü, biokimya üzrə dünya şöhrətli professor alim, Nobel mükafatçısı Aziz Sancarın “Azərbaycan məktəbi” jurnalının redaksiya şurasının üzvlüyünə qəbul edilməsi də jurnalın beynəlxalq aləmdə tanınması, eləcə də fəaliyyətin daha keyfiyyətli müstəvidə davam etdirilməsi üçün atılan addımlardandır.

Qeyd edək ki, dünyaşöhrətli alim jurnala üzvlük haqqında müraciəti məmnuniyyətlə qəbul edərək, məcmuə ilə əməkdaşlıq edən görkəmli alimlərin sırasına qoşulmuşdur. 95 illik zəngin tarixi, ənənələri olan “Azərbaycan məktəbi” jurnalı yeni tarix və ənənələr yazmaq yolunda inamla addımlayır...