Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-22 11:43:00
“Qurduğum dərslər   oyun əsaslı olduğu üçün uşaqlara daha cəlbedici gəlir”-MÜSAHİBƏ  

İKT üzrə ixtisasartırma xidmətləri ölkədə müasir müəllim modelinin formalaşmasına müsbət təsir göstərir

İKT savadlılığın artırılması üzrə təşkil olunan təlimlərdə iştirak edən müəllim AzEdu.az  saytına müsahibəsi  zamanı  öz təəssüratlarını bölüşüb.

“Müəllimlik  həmişə yenilik tələb edən sənətdir. Müasir təhsil sistemində biz - müəllimlər biliklərin əldə edilməsi yolunda bələdçi rolunu oynayırıq. Bu rolda hazırda qarşımızda duran vacib məsələlərdən biri şagirdlərimizdə XXI əsr bacarıqlarının formalaşdırılmasıdır. Bu məqsədlə, tədris prosesini dövrün tələblərinə uyğun qurmaq və uğurlu nəticələr əldə etmək istəyiriksə, yeni təlim üsullarından istifadə etməyi bacarmalıyıq.” – bu barədə Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Manaflı Şəfəq deyib.

O qeyd edir ki,  İKT savadlılığın artırılması üzrə təşkil olunan ixtisasartırma xidmətləri onların bu istiqamətdə peşəkar inkişafı üçün geniş imkanlar təqdim edir.

Şəfəq xanım bildirir ki, təlimlərdə müasir təhsil strategiyaları, qiymətləndirmə üsul və alətləri ilə tanış olub, bu mexanizmlərdən dərsdə səmərəli istifadə üzrə praktiki bacarıqlara yiyələnib. Onun sözlərinə əsasən, əvvəllər dərslərdə yalnız “Microsoft Office”proqramlarından istifadə edirdisə, indi yenilikçi tədris və təlim üçün müxtəlif vasitələr, qaynaqlar və tətbiqlər istifadə etməyi öyrənib.

“Təlimin müsbət cəhətlərindən biri də ondan ibarətdir ki, bizə mövcud resurslardan istifadə etməklə yanaşı, öz resurslarımızı yaratmağı və bu prosesə yaradıcı yanaşmağı öyrədirlər.”

“Artıq dərslərimdə istifadə etmək üçün onlayn şəraitdə resurslar - testlər, təqdimatlar, oyunlar hazırlaya bilirəm. Bu vasitələrdən istifadə etməklə qurduğum dərslər layihə və oyun əsaslı olduğu üçünuşaqlara daha maraqlı və cəlbedici gəlir.

Şagirdlərimi təlimlərdə öyrəndiyim təhsilyönümlü resurslarla tanış etdikdən sonra, onların dərsdən əlavə saatlarda da bu resurslardan faydalandığını gördüm. Və sözsüz ki, həyatımızın bir hissəsinə çevrilən texnologiyalardan şagirdlərin öyrənmək və inkişaf etmək məqsədi ilə istifadəsi məni bir müəllim kimi çox sevindirdi.”

Şəfəq xanım qeyd edib ki, hazırda şagirdləri ilə birgə beynəlxalq “PolyChallenge” müsabiqəsində iştirak etməyə hazırlaşır. Virtual olaraq genişləndirilmiş reallıqda obyektləri dəyişərək riyaziyyat və kompüter elminin həyatımıza təsirini anlamağa şərait yaradan bu oyun tipli platformanın geniş imkanlarından danışan Şəfəq xanım, yarışda qalib olacaqlarına ümid etdiyini bildirib.

O, sonda qeyd edib ki, iştirak etdiyi təlim proqramı müəllimlik fəaliyyətində inkişaf üçün uğurlu başlanğıc rolu oynayıb. “İnanıram ki, ixtisasartırma üzrə təqdim olunan bu imkanlar birbaşa müəllimlərə, dolayı olaraq məktəblilərə ünvanlanaraq onlarda texnologiyasavadlılığınınartırılmasına, real informasiyadan effektiv istifadəyə, komandada işləmək, ünsiyyət və əməkdaşlıq bacarıqlarının inkişaf etdirilməsinə, analitik və yaradıcı düşüncənin formalaşdırılmasına böyük təkan verəcək.”

Səbinə NASİF