Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-21 16:06:17
Qəbul imtahanında abituriyentlərin üzünü ağ edən Coğrafiya: “Çox rahat idi, nəticələr əla olacaq”  

Mayın 19-da ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib.

İmtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılıb.

2019-cu ildən qəbul imtahanları kurikulum standartlarına uyğun  təşkil olunduğundan imtahanın formatı və suallarla bağlı fikirlər birmənalı deyil.

Bir neçə fənn üzrə sualların yeni formata tam uyğun olduğu və yeni mövzular əsasında hazırlandığı qeyd edilir.

Ötən dəfə Azərbaycan dili və Ədəbiyyat fənnindən düşən suallarla bağlı müəllimlərin fikirlərini təqdim etmişdik.

AzEdu.az mövzuyla bağlı bu dəfə Coğrafiya müəllimlərinin münasibətlərini öyrənib.

Könül  Mehdiyeva AzEdu.az-a açıqlaması zamanı bildirib ki, suallar proqrama və dərsliklərə tam uyğun düşmüşdü:

“Qəbul imtahanlarında Coğrafiya üzrə demək olar ki, yeni tipli sual yox idi. Məzmun çox rahat və aydın tərzdə tərtib olunmuşdu. Ümumilikdə göstəricilər yaxşı olub. Məncə respublika üzrə Coğrafiyadan nəticələr yüksək olacaq” .

Posu  Mansırlının sözlərinə görə, suallar əvvəlki illərə nisbətən şagirdlərin bilik səviyyəsinə uyğun düşüb:

“Məsələn, əvvəllər Coğrafiyadan əsasən riyazi məsələlər daha çox salınırdı. Ancaq bu il imtahana sadə coğrafi məsələlər əlavə olunmuşdu. Abituriyentlər əsasən Riyaziyyat fənnindən bir qədər çətinlik çəkiblər. Ancaq məsələyə ümumi yanaşsaq, suallar normal idi. Məsuliyyətlə hazırlaşan şagirdlər yüksək nəticə göstərəcəklər”.

Müəllimin sözlərinə görə, imtahanlarda yekun nəticə olaraq 700 bal toplayan şagirdlər olacaq:

“Maksimum nəticə göstərənlərin sayları əvvəlki illərə nisbətən az olacaq. Buraxılış imtahanlarının fərqli olması, ingilis dilindən dinləmə mətnlərinin əlavə olunması və buradakı nəticənin qəbul balı ilə toplanması göstəricilərə təsirsiz ötüşməyəcək. Ancaq 700 bal yığacaq abituriyentlərin olacağına inanıram”.

Qeyd edək ki, II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri yaxın 2 həftə ərzində elan olunacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları