Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-21 10:26:14
Minlərlə abituriyenti həyəcanlandıran yeniliklər, köklü dəyişiklərə səbəb olacaq qərarlar – Təhsil icmalı  

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

Dövlət bağçaları və orta məktəblərə lisenziya verilməsinə görə rüsum ləğv edildi

Bununla bağlı məsələ Milli Məclisin  plenar iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxslərə çevriləcək

Nazirlər Kabineti ötən həftə “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” qərara dəyişiklik etdi.

Baş nazir Novruz Məmmədovun  imzaladığı qərara əsasən “Dövlət və bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiqlənib.

Qərara əsasən orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxslərə çevriləcək. “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 14 yanvar tarixli qərarın 1-ci hissəsi ("Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi" -1 nömrəli əlavə) ləğv olunub.

Azərbaycanın bir neçə ali təhsil müəssisəsinin prorektorları dəyişdirilib.

 Bu barədə Təhsil Nazirliyi müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Bakı Dövlət Universitetinin (BDU) ümumi işlər üzrə prorektoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Vüqar Mehrabov işdən çıxarılıb. O, Azərbaycan Dillər Universitetində həmin sahə üzrə prorektor vəzifəsinə təyin olunub.

Bundan başqa, Bakı Slavyan Universitetinin (BSU) ümumi işlər üzrə prorektoru Cəfər Eyvazov da tutduğu vəzifədən azad edilib. Ona BDU-nun ümumi işlər üzrə prorektoru vəzifəsi həvalə olunub.

BSU-nun ümumi işlər üzrə prorektoru vəzifəsinə isə Əbdül Xaliqov gətirilib. Ə.Xaliqov bundan əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin ümumi işlər üzrə prorektoru vəzifəsinə isə Tural Cəlilov təyin edilib. O, bu təyinata qədər ADU-da işləyib.

“Təhsil haqqında” Qanun dəyişir - Kurikulumların təsdiqi dövlətin vəzifələri sırasından çıxarılır

Azərbaycanda "Təhsil haqqında" Qanuna bəzi dəyişikliklər ediləcək.  Dəyişikliklərdən birində təhsil müəssisələrinin akkreditasiyadan keçməsi nəzərdə tutulub.

Adıçəkilən qanuna əsasən, təhsil müəssisələrinin akkreditasiyası təhsil müəssisələrinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır.

Eyni zamanda, qanunun 29.0.28-ci maddəsinə əsasən, təhsil müəssisələrinin akkreditasiyası dövlət rüsumu tutulmaqla həyata keçirilməlidir.

Digər bir dəyişiklik "Təhsil haqqında" Qanuna uyğunlasdırma məqsədi daşıyır. Belə ki, həmin qanuna əsasən, dövlət məktəbəqədər və ümumi təhsil müəssisələri təhsil fəaliyyətini lisenziya almadan həyata keçirirlər.

İndiyədək qanuna əsasən, doktorantura ali təhsilin yüksək səviyyəsi olmaqla, elmi və elmi- pedaqoji kadrların hazırlanmasını, ixtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edirdisə, təklif olunan dəyişikliyə görə,  doktoranturada yalnız elmi kadrların hazırlanması nəzərdə tutulacaq (Elmi- pedaqoji kadrların hazırlanması isə maddədən çıxarılır). Bu isə "Elm haqqında" qanuna uyğundur (maddə 17.3).

Dövlətin vəzifələri sırasından təhsil proqramlarının (kurikulumların) təsdiq olunması çıxarılır. Mühüm dəyişikliklərdən biri də dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində olduğu kimi, peşə təhsili müəssisələrində təhsilalanların da pulsuz dərsliklərlə təmin olunmasıdır. Bu isə peşə təhsili sistemi üzrə tədris vəsaitlərinin hazırlanmasına diqqəti artıracaq, son nəticədə peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək

Qanuna təklif olunan dəyişikliklər Milli  Məclisin mayın 17-də keçirilməsi nəzərdə tutulan iclasında müzakirəyə çıxarılıb.

Bəzi abituriyentlər kolleclərə imtahansız qəbul oluna biləcəklər

Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydalarına dəyişiklərin edilməsi təklif edilir.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna dəyişiklərdə əksini tapıb.

Qanunun hazırkı variantına əsasən, bu qanunun 26.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, müsabiqə yolu ilə həyata keçirilir.

İstisnanın nəzərdə tutulduğu həmin maddəyə (26.5-ci) görə, beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Təklif edilən yeni dəyişiklikdə isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin də orta ixtisas təhsili müəssisələrinə müsabiqədənkənar qəbul olunması təklif edilir. Hazırda bu kateqoriyadan olan abituriyentlər ali məktəblərə müsabiqədənkənar qəbul olunurlar.

Yeni dəyişikliklərə əsasən, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə ali təhsil müəssisələri ilə yanaşı, orta ixtisas müəssisələrinə də müsabiqədənkənar qəbul olunacaqlar.

Qanuna dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.

II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 19-da 2019/2020-ci tədris ili üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib.

Qəbulda hər hansı fəndən “sıfır”ı olanlar da  ali məktəbdə ödənişsiz oxuya biləcəklər

"Qəbul imtahanlarının birinci mərhələsində hər hansı fənn üzrə “sıfır” ballıq nəticə göstərənlər ümumi tələbləri ödədikləri halda ali təhsil müəssisələrinin ödənişsiz ixtisaslarını seçə bilərlər"

Bunu Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə abituriyentlər üçün təşkil edilən canlı yayım zamanı deyib.

100-dən az bal toplayanlar da yay imtahanında iştirak edə bilər

Dövlət İmtahan Mərkəzi (DİM) yaz imtahanından topladığı bal 100-dən az olan abituriyentlərin yay imtahanında iştirak məsələsinə aydınlıq gətirib.

Yaz imtahanından topladığı baldan asılı olmayaraq, abituriyentlər mayın 30-dan iyunun 10-dək qeydiyyatdan keçib yay imtahanında da iştirak edə bilərlər

Təhsil müəssisələri üçün yeni dövlət rüsumu təsdiqləndi

Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi üçün dövlət rüsumunun məbləği müəyyən edilib.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna dəyişikliklərdə əksini tapıb.

Bu dəyişikliklərə əsasən, təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi üçün dövlət rüsumu tutulacaq. Dövlət rüsumunun məbləğləri təhsil müəssisələrinin statusundan və səviyyələrindən asılı olaraq fərqləndirilib.

Ali təhsilin magistratura və doktorantura səviyyələrində ixtisas adı dəyişdirilib.

Nazirlər Kabineti bununla bağlı “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifat" və “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı"nda müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən, magistratura səviyyəsində "Klinik psixologiya", doktorantura səviyyəsində "Tibbi psixologiya" adlandırılan ixtisaslar "Klinik (tibbi) psixologiya" ixtisası olub.

Azərbyacan Texniki Universitetin  yeni prorektoru təyin olundu

“Milli Məclisin sabiq deputatı Elton Məmmədov Azərbaycan Texniki Universitetin strateji inkişaf məsələləri üzrə prorektoru təyin olunub”.

Bunu ATU-nun  İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev deyib.

XI sinfi bitirənlərin sayı müəyyən olunub

Bu il ölkənin ümumi təhsil müəssisələrinin XI sinfini 82 782 şagird bitirəcək.

Təhsil naziri AYİB-nin Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri ilə görüşüb

Mayın 15-də Təhsil naziri Ceyhun Bayramov  Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri xanım İvana Fernandes Duartes və bankın baş iqtisadçısı cənab Sergey Guriyevlə görüşüb.

Görüş zamanı Ceyhun Bayramov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar barədə qonaqlara məlumat verib.

AMEA-da  istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi qaydası təsdiqləndi

Nazirlər Kabineti “Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi Qaydası”nı təsdiq edib.

Bununla bağlı Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Nazirlər Kabinetinin 2019-cu il 10 may tarixli, 219 nömrəli qərarını imzalayıb.

Nazir müavini məktəb rəhbərlərini və psixoloqları bir araya topladı

Təhsil Nazirliyi və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun təhsil işçiləri ilə görüş keçirilib.

Görüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov,  rayon təhsil müəssisələrinin rəhbərləri, müavinləri və psixoloqlar iştirak edib.

Həftənin təhsil informasiyaları

Təhsilə ayrılan 50 milyon manat vəsait xərclənməyib

Keçən il təhsil xərcləri üçün proqnozlaşdırılan vəsait 2 milyard 12 milyon 959,5 min manat olsa da, bu sahəyə 1 milyard 966 milyon 604,2 min manat xərclənib.

Bu, "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası barədə" qanun layihəsində əksini tapıb.

Tələbələrarası İntellekt Olimpiadasının I turuna yekun vuruldu

LEAD Education Təhsil və İnnovasiya Mərkəzi, YAP Gənclər Birliyinin, Azərbaycan Tələbələr Gənclər Təşkilatı İttifaqının təşkilati dəstəyi və “Bank of Baku”nun baş sponsorluğu ilə "TƏLƏBƏLƏRARASI İNTELLEKT OLİMPİADASI" layihəsinin I turuna yekun vurulub.

V Respublika fənn müsabiqələri keçiriləcək 

Mayın 19-da ümumi təhsil məktəblərinin  VI-VII sinif şagirdləri arasında V Respublika  fənn müsabiqələrinin  rayon (şəhər) mərhələsi keçiriləcək.

Qeyd edək ki, məktəblilərarası fənn müsabiqəsi ilk dəfə 2015-ci ildə 972 şagirdin iştirakı ilə keçirilib.

Bakı məktəblərində işə qəbul üzrə elan olunan imtahanlar başa çatdı

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin test imtahanı mərhələsi başa çatıb.

Günel Yaşarqızı
Müəllifin digər yazıları