Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-21 12:20:20
“Doktorantların 85%-i qızlardır” - Folklor İnstitutunun direktoru

 

“Hazırda folklorşünaslığa qızlar daha çox meyl göstərir. Akademiyada istər fəlsəfə, istərsə də elmlər doktoru üzrə doktorantların ən azı 85%-i qızlardır. Qızlar elmə gəlməyə daha maraqlıdırlar. Bunun çoxlu səbəbləri var”.

 Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov deyib. Onun sözlərinə görə, akademiya rəhbərliyini, hamını narahat edən məsələlərdən biri də elmə gələn oğlan və qızların sayındakı bərabərsizlikdir:

 “Orta ümumtəhsil məktəblərində də müəllimlərin böyük əksəriyyəti qadınlardır. Bir səbəbi maddiyyatla əlaqəlidir. Maaşın dolanmağa kifayət etməməsini görən kişilər başqa iş dalınca gedirlər. Ona görə də bu sahədə müəyyən islahatlar aparılır. Son illərdə akademiyada əməkdaşları maddi baxımdan maraqlandırmaq üçün müəyyən addımlar atılır. Sonra magistratura təhsilinin akademiyada tətbiqi, təhsillə elmin bir-birinə yaxınlaşması, eyni qurumda həm təhsil, həm də elm axtarışlarının vahid məcrada aparılması istiqamətində işlərin görülməsi bu kimi çox yaxşı haldır. Mütəxəssislərimizi özümüz yetişdirsək, onları müəyyən layihələrə cəlb etsək, bu layihələr onları maddi baxımdan da həvəsləndirər. Müəyyən elmi işlərə, axtarışlara daha çox həvəs göstərərlər”.

 Muxtar müəllim bildirib ki, onun rəhbərlik etdiyi institutda ekspedisiyalar üçün pul ayrılır: “Biz ilk növbədə akademiyanın bizə ayırdığı maliyyə vəsaiti hesabına işlərimizi həyata keçiririk. Bir mənbədən maliyyələşirik. Bir də Prezident yanında  Elmin İnkişaf  Fondu xəttiylə də layihələr həyata keçirmişik. Bir layihə bir neçə il əvvəl, digəri isə keçən ilin sonundan başlayıb və hələ də davam edir. Amma əksər hallarda toplama işlərinin maliyyəsi akademiyanın büdcəsindən olur. Bizə pul ayrılanda bir qismi məhz ekspedisiyalar üçün nəzərdə tutulur. Həmin vəsait hesabına ayrı-ayrı bölgələrə, xüsusən toplama işləri zəif aparılan və ya heç aparılmayan ərazilərə ezamiyyələr təşkil edirik. Bununla çox sayda materiallar toplamışıq. Həmin topladıqlarımızın böyük bir qismi kitablarda öz əksini tapıb. 2012-2015-ci illər layihəsi çərçivəsində akademiyanın vəsaiti ilə bizim Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması layihəsi həyata keçirilib. Burada toplanan materiallardan 10 cilddən ibarət kitablar nəşr etmişik. Bu layihə başa çatıb. Ayrı-ayrı bölgələrlə bağlı layihələrimiz var. Məsələn, eyni adda amma müxtəlif rayonlar olmaqla Masallı, Gədəbəy, Şərur, Saatlı, Şəki folklor örnəkləri çap olunub. Bunlardan rayonlar üzrə cildlər nəşr etdirməyi planlaşdırmışdıq. O plan 3-4 ildən artıqdır həyata keçirilir. Şəki folkloru barədə 4, Masallı folkloru haqqında isə 2 kitab çapdan çıxıb, 3-cü nəşrdədi. Saatlı kimi diqqətdən kənarda qalan rayonun folklorundan bəhs edən 2-ci kitab da artıq hazırdır. Bizim əsas toplama istiqamətlərimizdən biri Cənubi Azərbaycan ərazisindən folklor materiallarının toplanmasıdır. O istiqamətdə Güney Azərbaycan folkloru adıyla yeddi kitab çap etmişik. Bir neçə kitabımız hazırdır. Maliyyə sıxıntımız olduğundan ildə bir kitab nəşr etdirə bilirik. O işi də toplama və paralel olaraq tədqiqat işlərinin ən vacib istiqaməti hesab edirəm. Biz Cənubi Azərbaycandan toplama və tədqiqat işlərini mütəmadi, geniş şəkildə, dərinliyinə qədər apara bilsək, Azərbaycan folkloru haqqında təsəvvürü xeyli dərəcədə dolğunlaşdıra bilərik. Toplama zamanı son dərəcə maraqlı materiallar əldə olunur. O işi davam etdirməkdə israrlıyıq”.

 Direktor Şirvan bölgəsiylə yanaşı, başqa bölgələrlə bağlı toplular buraxdığını qeyd edib. İmişli, Biləsuvar, Cəlilabadla bağlı materiallar başqa şəxslər tərəfindən toplanıb çap olunub:

 “Bizim institut xəttiylə Cəlilabad folkloruna aid ayrıca kitab çapına ehtiyac var. Ümumiyyətlə, folkloru öyrənilməyən bölgələrimiz çoxdur. Boşluqları doldurmaq üçün də durmadan çalışmaq lazımdır. Getdikcə, bölgələrimizdəki folklor informatorlarını, sinədəftər insanları tapmaq çətinləşir; əksəriyyəti, yaşlı insanlar olduqları üçün dünyalarını dəyişir və xalqın mənəvi xəzinəsini də özləri ilə bərabər aparırlar. Bu səbəbdən, vaxt itirmədən davamlı, dünya standartlarına uyğun olaraq məşğul olmaq lazımdır”.

 İnstitutda 5-6 il bundan əvvəl azsaylı xalqların folkloru ilə bağlı bölmə yaradılsa da, qrup işin öhdəsindən tam gələ bilməyib. Alim deyir ki, Akademiya Rəyasət Heyəti qarşısında məsələ qaldırdıq ki, belə bir şöbə yaratmaq istəyirik. Heyət bunu təsdiq etdi:

 “Bu istiqamətdə işlərə başladıq. Azsaylı xalqların folkloru silsiləsindən 3 kitabımız çap olundu. Onların müxtəlif rayonlarda təqdimatı keçirilib. Bu yaxınlarda nəzərdə tutmuşuq ki, İsmayıllıda ərazisində yaşayan azsaylı xalqların folkloru seriyasından çap elədiyimiz növbəti kitabın təqdimatını keçirək. Təkcə toplama işləri yox, həm də tədqiqatlar aparılır. Mətanət Abbasova adlı əməkdaşımızın “Azərbaycan folklorunda multikulturalizm və tolerantlıq” kitabı çıxıb. Bu, şimal bölgəsinin materialları əsasında hazırlanıb”.

 Azərbaycanda elmin gələcəyi ilə bağlı danışan direktor deyib ki, bu, ayrı -ayrı fərdlərin fəaliyyətindən asılıdır:

 “Akademiyada və institutumuzda yüksək səviyyəli alimlər çalışır. Burada təkcə yaşlı nəslin nümayəndələri yox, həm də orta nəsil, gənclər var. Həm toplama, həm də tədqiqat işləri aparırlar. İnstitutda akademiyanın müxbir üzvü professor Kamran Əliyev çalışır. Rəhbərlik etdiyi şöbə Folklor və yazılı ədəbiyyatdır. Mifologiya şöbəsinin müdiri Seyfəddin Rzasoy elmlər doktorudur. Ciddi araşdırmaları var. Füzuli Bayat Müasir folklor şöbəsinin müdiridir. Onun tədqiqatları həm Türkiyədə, həm də bizdə çap olunur. Saylarını artıra bilərəm. Cavan tədqiqatçılardan İlkin Rüstəmzadə, Ləman Süleymanova, Hikmət Quliyev, Səfa Qarayev var. Fəlsəfə doktorluğunu müdafiə ediblər. Çox çətin mövzularda araşdırmalar aparırlar. Onlar da bizim institutun gələcək elmlər doktorları sırasına daxil olacaqlar. Onların göstəriciləri indidən çox yüksək səviyyədədir”.

 Muxtar İmanov cəmiyyətdə elmə marağı artırmaq üçün bu sahənin təbliğinə ehtiyacın olduğunu bildirib:

 “Bütün televiziyalarda bu sahələrlə bağlı verilişlərin sayının və sambalının artırılmasına çox böyük ehtiyac var. Yəni, əyləncə verilişlərinin vaxtından kəsib, bu sahəyə aid proqramlara əlavə etmək lazımdır. Təkcə uğurlu tərəfləri yox, həm də harada qüsurlar var, nəyi necə etmək olar ki, təhsil daha keyfiyyətli olsun kimi mövzular olmalıdır. Televiziyalar, radiolar bu sahələrə diqqət artırsalar daha yaxşı olar”.