Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-19 15:00:00
Xınalıqda öz davamçısını yetişdirən müəllim: “Uşaqlarla hər gün ünsiyyətdə olmaq məni xoşbəxt edir” - MÜSAHİBƏ

Şübhəsizdir ki, kənd müəllimlərinin işi digərlərindən daha çətindir. Çünki onlar maarif işığı yandırmaqdan ötəri ta uzaq kəndlərimizə gedib, belə demək olarsa, sözün əsl mənasında mübarizə aparırlar.

AzEdu.az davamlı olaraq respublikanın ucqar rayonlarının kəndlərində işləyən gənc müəllimləri elə onların öz dili ilə oxuculara təqdim edir.

Budəfəki müsahibimiz Oğuz rayonu Sincan kənd tam orta məktəbinin fizika müəllimi Rüfanə Rzayevadır.

Gənc müəllimin öz dilindən DOSYE:

-Mən Rzayeva Rüfanə 2011-ci ildə Oğuz rayonunun Xaçmaz kənd məktəbini bitirmişəm. Elə həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinə qəbul olunmuşam. Universiteti 2015-ci ildə bitirdikdən sonra müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edib, nəticəmə uyğun olaraq Quba rayonunun Xınalıq kənd məktəbində fizika müəllimi kimi işə başlamışam. Orada 3 il çalışdım. 2018-ci ildə isə diaqnostik qiymətləndirmədə iştirak edərək, 52 balla Oğuz rayonunun Sincan kənd tam orta məktəbində işə başlamışam. Hazırda fəaliyyətimi elə burada davam etdirirəm.

Rüfanə fizikanı hələ məktəbli vaxtlarından sevib. Xınalıq kənd məktəbində işə başlaması isə onun ixtisasına marağını daha da artırır. Atası əvvəl uzaq kənddə işləməyinə razı olmasa da, Rüfanənin çox istəkli olduğunu görüb, onunla  razılaşır. Ucqar Xınalıqdakı 3 il ona çox şey qazandırır. Öz dili ilə desək, “uşaqların sevgisi bu işə daha çox bağlanmasına səbəb olur”.

Amma işindən həzz alması Xınalıqda işləməyin çətinliyini inkar etmir. Xınalıqda gördüyü çətinlikləri peşəsinə olan sevgiyə qarışdıraraq, orada 3 il yaşayıb:

“Dağlıq ərazi olduğuna görə, harasa getməkdə çətinlik çəkirdim. Hava çox soyuq olurdu. Üstəlik, buradakı insanlar fərqli dildə danışırdılar. Onlarla ünsiyyət qurmağın çətinliyi də bir tərəfdən... Hazırda çalışdığım Sincan kəndində isə belə hallar olmur. Həm Xınalıqda, həm də indi çalışdığım məktəbdə nə olursa-olsun, şagirdlərlə ünsiyyət, onların sevgisi məni ruhlandırır”.

Müsahibimiz sözlərində bir neçə il əvvələ qədər əksər kənd məktəblərində qızların ali təhsil almağa maraqlarının olmadığını deyir. Sonradan isə vəziyyət dəyişib. Hətta 2018-ci ildə ilk dəfə olaraq Xınalıqdan bir qız universitetə daxil olub:

“Xınaqlıqda kənd sakinləri yaylaq üçün Şirvana gedirlər. Həmin vaxt uşaqları internat məktəbinə yerləşdirirlər. Çünki burada ailələrin əsas qazanc yeri yaylaqdır. Xınalıqda heyvan saxlamaq üçün şərait yoxdur.

Sincanda da təhsilə maraq olduqca yaxşıdır. Uşaq sayı az olsa da, hər il ali məktəblərə qəbul olunanlar olur. Buradakı şagirdlərin çoxu dəqiq elmlərə daha çox meyllidirlər”

Rüfanə müəllim məktəbində əlaçı və elmə həvəsli şagirdlərin çox olduğunu deyir. Elə özü də şagirdlərin universitetə hazırlaşmasına bacardığı qədər kömək edir:

“Hətta Xınalıqdan öz “davamçı”mı da yetişdirə bildim: Şərifov Xəyal 2018-ci ildə Sumqayıt Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olundu. Onun ali məktəbə qəbul olunması məni çox sevindirdi. Çünki həmin şagirdin universitetə hazırlaşmasında əlimdən gələni etmişdim. Əslində, repetitor kimi bir çox uşaq hazırlaşdırıram, amma onlar müxtəlif ixtisasları seçirlər.

Elə Xınalığa getdiyim gündən bu fəaliyyətlə məşğulam. Orada bu işi təmənnasız edirdim. Sırf uşaqlar Fizikanı sevsin, fənnə maraq göstərsinlər deyə... Repetitorluq kənddə şəhərdəki kimi deyil. Hesab edirəm ki, uşaqların təhsilə marağı kənddə daha çoxdur. Buna görə də kənd məktəblərindən ali məktəblərə daxil olanların sayı ildən ilə artır”.

Onun sözlərinə görə, çoxları kənd müəllimlərinin yeniliklərdən xəbər tuta bilmədiklərini düşünür. Əslində isə belə deyil:

“Bu, çox yanlış düşüncədir. Kəndlərdə kifayət qədər intellektli və dünyagörüşlü insanlar var. Ümumiyyətlə, peşənin icrası üçün coğrafi fərq qoymaq, hesab edirəm ki, mənasızdır.

Hələki şəhərdə işləməyi də düşünmürəm. Kənd camaatı ilə, uşaqlarla hər gün ünsiyyətdə olmaq məni xoşbəxt edir”.

Rüfanə müəllim işə qəbulu üzrə müsabiqə və diaqnostik qiymətləndirməyə evdə, fizikadan müxtəlif hazırlıq vəsaitlərindən istifadə edərək hazırlaşıb. Sosial şəbəkələrin də burada az rolu olmayıb:

““Facebook”da olan səhifələrdən, qruplardan da çox məlumat əldə etmişəm. Müsabiqələrə ciddi hazırlaşmaq lazımdır. Müəllimlər əmin olsun ki, əziyyət çəkib ciddi hazırlaşanda bunun bəhrəsini görmək olur. Nəticədə yüksək bal toplamaq mümkün olur.

Çalışıram, fənnimi maraqlı tərzdə keçim ki, şagirdlər də fizikanı sevsinlər. Dərs prosesində ən çox məsələ həllindən istifadə edirəm. Çünki məsələ həll etmək uşaqların öyrəndikləri nəzəri bilikləri dərindən mənimsəmələrinə kömək edir. Testlərə üstünlük verirəm. Müşahidə etmişəm ki, krossvord üsulu şagirdlərə daha maraqlı gəlir. Ümumiyyətlə, istənilən fənnin tədrisində müasir üsullarla işləmək daha faydalıdır”.

O qeyd edir ki,  müəllimliyin üçün birinci şərt savadlı olmaqdır. İkinci və ən vacib olan digər məsələ isə uşaqları sevməkdir:

“İşini sevib daim öz üzərində çalışan, yeniliklər etməyə səy göstərən müəllim hər zaman qazanır. Uşaqların qarşısına hər gün hazırlıqlı və yeniliklərlə çıxmaq lazımdır.

Hazırkı təhsil sistemini ona görə çox bəyənirəm ki, savadı olan hər kəs işlə təmin edilir. Yəni müəllimin öz ixtiyarına buraxılır: hazırlaş, yenilikçi ol və imtahan verərək istədiyin məktəbdə çalış”

Rüfanə müəllim özünü olduqca faydalı hiss edir. Ən azından ehtiyac olan yerdədir... Amma daha çox uğur əldə etmək istəyir. Əsas məqsədlərindən biri də Fizikanı şagirdlərə daha dərindən mənimsətməkdir:

 “Gələcək də qismət olarsa, şagirdləri olimpiadalara hazırlamağı düşünürəm. Sözsüz ki, bunun üçün öz üzərimdə daha çox işləməli və bu istiqamətdə bilgilərimi artırmalıyam. Bir şeyi də qeyd edim ki, builki ali məktəblərə qəbul imtahanında 600-dan yüksək bal toplayacağını gözlədiyim şagirdlərim çoxdur”.

Nəzrin Cavid
Şükufə Süleymanlı