Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-19 11:32:00
Ermənistanla sərhəd məktəbdə işləyən gənc müəllim:“Bu gün imtahan verəcək yalnız 1 abituriyentim var”

“Bugünkü ali məktəblərə qəbul imtahanında abituriyentimdən tarix fənnindən ən azı 26 düzgün cavab gözləyirəm. Ümumilikdə isə 400 ballıq sistemden 350 bal toplayacağına ümid edirəm”.

Bu sözlər gənc müəllim Ağasəli Nigar Mahir qızına aiddir. O, Tovuz rayon Naiq Yusifov adına Ağdam kənd tam orta məktəbinin tarix müəllimidir. Nigar müəllim 2018-ci ildə keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqədə 56 bal toplayıb.

Qeyd: Tovuz rayonunun Ağdam kənd tam orta məktəbi Ermənistan sərhədindən 700 metr məsafədə yerləşir.

Gənc müəllim bugünkü ali məktəblərə qəbul imtahanı ilə bağlı fikirlərini bölüşüb. O, qeyd edib ki, əvvəlki illərlə müqayisədə bu il tarix fənnində də nəzərə çarpacaq dəyişiklər çoxdur:

“Dərsliklərdə müsbət istiqamətli dəyişikliklər, sualların həcminin artırılması, maraqlı situasiya tipli tapşırıqların təqdim edilməsini bir gənc müəllim kimi müsbət qarşılayıram. Düşünürəm ki, dərsliklərdə şagirdlərin beynini lazımsız informasiyalarla yükləməkdənsə, şagirdlərin marağına yönələn, onu düşünməyə sövq edən tapşırıqlar tərtib olunsa, daha yüksək nəticələr əldə edə bilərik. Buna görə də ənənəvi ilə müqayisədə müasir təlim metodunu daha çox bəyənirəm”.

“Bu gün III qrup üzrə imtahan verəcək cəmi bir abituriyentim var”

“Bildiyimiz kimi, bu il ali məktəblərə qəbul imtahanları yeni kurikulum proqramına əsasan keçirilir və kurikulum ilk məzunları imtahan verir. Mən də gənc tarix müəllimi kimi şagirdlərimi Dövlət İmtahan Mərkəzi tərəfındən keçirilən qəbul imtahanına hazırlayıram. Hazırda III qrup üzrə cəmi bir abituriyentim var. 5 aylıq hazırlıq mərhələsində şagirdimin bu fənni mükəmməl mənimsəməsi və tətbiq etməsü üçün böyük səylə çalışıram”, - deyə gənc müəllim əlavə edir.

“İmtahanda iştirak edəcək abituriyentimdən öz fənnim üzrə ən azı 26 düzgün cavab gözləyirəm”.

Əldə olunan bilik yalnız tətbiq edildiyi zaman möhkəmlənir və onun praktiki əhəmiyyəti artır. Bunun üçün şagirdlərimə daha çox test işlədirəm. Hesab edirəm ki, elə müasir təlim metodu da məhz buna əsaslanır. Bunu qəbula hazırlaşdırdığım abituriyentim üzərində də sınadım. Sınaq imtahanında yüksək nəticə əldə etməsi də bunun uğurlu metod olmasını sübut etdi. Bugünkü ali məktəblərə qəbul imtahanında abituriyentimdən tarix fənnindən ən azı 26 düzgün ( red: tarixdən ümumi təqdim olunacaq sual sayı – 30 ) cavab gözləyirəm. O, III qrupa hazırlaşır. Ümumilikdə 400 ballıq sistemden 350 bal toplayacağına ümid edirəm. Ali məktəblərə qəbul imtahanında iştirak edəcək bütün abituriyentlərə uğurlar arzu edirəm.

“Müəllimlər şagirdlərin gələcək həyatında onlara lazım olacaq bilik, bacarıq və vərdişləri formalaşdırmalıdır”.

Gənc müəllim söhbətinə əlavə edir:

-Kurikulumun şəxsiyyətyönümlü olmasına əsaslanaraq deyə bilərəm ki, bir şagird üçün müasir dövrümüzdə əsas əldə etdiyi bilginin həcmi olmamalıdır. Şagirdlərin öyrəndiklərini tətbiq etməsi vacibdir. Müəllimlər şagirdlərin beynini lazımsız informasiyalarla yükləməkdənsə, şagirdin gələcək həyatında lazım olacaq bilik, bacarıq və vərdişləri formalaşdırmalıdır. Beləcə biz şagirdləri həm yeni həyata şəxsiyyət kimi hazırlaya bilərik, həm də təhsilin keyfiyyətini daha da yüksəltmiş olarıq.

Qeyd edək ki, bu gün ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək.