Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-18 11:44:00
“Məktəbimiz boş səhralıqda, dəhşətli ərazidə yerləşir” – Laçın müəllimləri

Bu gün Laçının işğalından 27 il ötür.

1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən Laçını işğal edib.

İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğal altında qalıb.

AzEdu.az-ın əməkdaşı 27 il ərzində onların adaptasiya prosesini, Laçın məktəblərində təhsil alan şagirdlərin təhsil durumunu öyrənmək üçün həmin məktəblərlə əlaqə saxlayıb.

Laçın rayon Mişni kənd tam orta məktəbinin direktoru Qurban Həsənov bildirib ki, Laçın rayonunda 5 illik təyinatla müəllim işləyib:

“Hadisələrin hamısı gözümün qarşısında baş verib. Bizim torpaqlarımızı Rusiya işğal etdi. Əvvəlcə, camaatdan ov silahlarını yığdılar, sonra gecəylə insanları avtobuslara doldurub onları rayondan çıxardılar. Ürəyimizin simləri yavaş-yavaş məhv olur. Bu, insan idrakına sığmayan bir hadisədir. Bu gün məktəbdə şəhid abidəsinin qarşısında tədbir keçirdik. Məktəbimiz Ağcabədi rayonunda “Taxta körpü” deyilən boş səhralıqda, dəhşətli bir ərazidə yerləşir. Xarici təşkilatlar sağ olsun ki, bizim üçün 10 otaqlı məktəb tikiblər. Hazırda mən coğrafiya dərsindəyəm. Uşaqlarla yaxşı məşğul oluruq. Bu il 6 nəfər məzunumuzdan 4 nəfəri ali məktəbə qəbul olunub. Şagirdlərə həmişə deyirəm ki, Laçını geri qaytarmağımızın yolu təhsildən, elmin inkişafından asılıdır. Biz yüksək təhsil sistemi qura bilsək, hər şeyə nail ola biləcəyik. Ermənilərdən yaxşı oxumalıyıq”.

Laçın rayon Alxaslı kənd tam orta məktəbinin direktoru Həmid İbrahimovun sözlərinə görə, o, 1992-ci ilin 17 mayında Laçından çıxıb:

“Həmin gün kəndimizə Taxta bazarı deyilən ərazidən kamazlar gətirdilər. Heç kim inanmırdı ki, Laçın işğal olunub. Bizə dedilər ki, guya, Rəhim Qaziyev bildirib ki, erməni ordusu gəlib Laçına atom bombası atacaq. Onlar buranı tərk etdikdən sonra iki-üç gün müddətində sizi doğma yurdunuza qaytaracaqlar. Bu cür yalanlarla başımızı aldadıb, bizi Laçından çıxardılar. Həmin gün leysan yağış yağırdı. Bəzi kamazlar aşaraq dərəyə yuvarlandı, bəzilərini isə ermənilər topla vurdu. Ölən ölürdü, qaçan qaçırdı. Laçından belə bir vəziyyətdə çıxdıq. Hazırki şəraitimizə də yaxşı demək olmaz. Müəyyən otaqlar var ki, burada dərs keçməyə çalışırıq. Müəllim və şagirdlərimizin hər biri istəyirlər ki, elə bu gün qayıdıb öz topraqlarına getsinlər”.

Laçın rayon Kamallı kənd tam orta məktəbinin direktoru Şahmar Məmmədov hazırda məktəbdə Laçının işğalıyla bağlı tədbirin keçirildiyini qeyd edib:

“Şagirdlərdə və müəllimlərdə xüsusi həyəcan var. Müəllimlərimiz göz yaşlarını saxlaya, şagirdlərimiz isə həyəcandan danışa bilmirlər. Həmin yerlərdə yaşamış bir insan kimi Laçını xatırlayanda böyük həyəcan keçirirəm. Gözəl təbiət, gözəl torpaqlar insanın gözünün qarşısına gəlir. Ürək döyüntülərimin sayı durmadan artır. Laçında tarixi abidələrin sayı kifayət qədər çox idi. Həmin abidələr, ata-baba qəbiristanlıqlarımız insanın gözü qarşısından keçəndə həqiqətən bir anlığa insan özünü həyatda yox hesab edir. İnanırıq ki, yaxın zamanda dinc yolla torpaqlarımız alınacaq və biz o torpaqlarda yaşıyacağıq”.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları