Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-20 16:42:41
Gələcəkdə bəzi ixtisaslar  sıradan çıxacaq, əvəzində bunlar yaranacaq - Mütəxəssis rəyləri

Əvvəllər hər bir sahədə yalnız insanların əməyi lazım olurdusa, texnologiyanın inkişaf etdiyi bir zamanda  çox işçi qüvvəsinə ehtiyac qalmır. Çünki əksər sahələr elektronlaşdırılır.

Elm və təhsilin belə sürətlə  inkişaf etdiyi bir vaxtda  gələcəkdə Azərbaycanda hansı ixtisasların sıradan çıxacağı  və hansılara ehtiyac yaranacağı çox maraqlıdır

Mövzu ilə bağlı AzEdu.az-a  fikirlərini bildirən təhsil eksperti, professor Şahlar Əsgərov deyib ki,  dövrümüz çox sürətlə dəyişir. Bu dəyişməni xarakterizə edən elmi termin - “texnoloji sinqulyarlıqdır”:

“Min illər əvvəl çox önəmli ixtira arasında yüz illərlə yol gedilirdisə, indi iki böyük kəşf arasında  gedilən yol aylarla, günlərlə ölçülür. Yəni, hazırda aprel ayını yaşayırıq, amma mayda elə güclü ixtira ola bilər ki, o bəşəriyyəti tamamilə dəyişsin. Məsələn, indi telefonlardan fotoaparat kimi istifadə edə bilərik. Amma 150 il foto sənayedə “Kodak”, “Alfa” firmaları hegemon idi; lentli fotoaparatlar istehsal edirdilər. Amma son  10 ildə onların hamısı sıradan çıxdı, çünki rəqəmli fotaparatlar yarandı. Bu baxımdan gələcəkdə Azərbaycanda da hansısa ixtisaslar, sənətlər sıradan çıxacaq və yeniləri yaranacaq. Bu prosesi izləyən biri kimi deyim ki, 50 il bundan qabaq  ali təhsil almaq, yəni 5 il oxumaq  25-35 il ondan istifadə etməyə bəs edirdi. İndi isə öz ixtisasımızı ən azı 4-5 dəfə dəyişməliyik.  Bir ali təhsil kifayət etmir. Məsələn, mən güman edirəm ki, gələcəkdə taksi sürücüləri yoxa çıxacaq. Çünki maşınlar elektronlaşacaq. Əslində, avtomobil olmayacaq,  4 təkər üzərində kompüter olacaq, yəni maşının sükanı olmayacaq. Buna görə şoferə ehtiyac qalmayacaq. Proqram olacaq, qoşacıq maşın özü bizi aparacaq. 

“Asan xidmət” çox şeyi dəyişdi. Onun kimi informasiya kommunikasiya sına dayanan yeni xidmətlər əmələ gələcək. Elektron hökümət olacaq ki, məmura çox da ehtiyac qalmayacaq. Bu problem  televeziyalarda müzakirəyə qoyulmur. Bəs əhali necə dolanacaq? Variantlardan biri budur ki, 2 günlük istirahət həftəsindən 3 günə keçirilsin. 5,6 və bazar günlər insanlar işləməyəcək və yeni iş yerləri yaranacaq.  Təbabət, təhsil sahələrində hələ texnoloji sinqulyarlıq görünmür. Əvvəlki üsulumuzla dərsimizi deyəcəyik. Amma burda yeni bir problem ortaya çıxacaq. Problem də budur ki, nəyi öyrətmək?”

 Onun sözlərinə görə, cəmiyyətdə hər şey dəyişirsə, dəyərlər də dəyişir.  Təhsilin də əsas məqsədi müəyyən dəyərləri gənclərə öyrətməkdir. Dəyərlər necə olacaqsa,hansı biliklərə ehtiyac yaranacaqsa ali məktəblərdə o fənləri tədris edəcəklər:

“İxtisaslar  sıradan çıxmayacaq, biri digərinin içərisində əriyəcək. Fizika və kimya fakültəsi var, gələcəkdə Fizkimya , Biofizika fakültəsi ola bilər. Fənlərarası, sahələrarası oblastlar dirənmir. Onlar inkişaf edir. Fizika dirənə bilər, amma fiziki kimya, fiziki biologiya dirənə bilməz. Hətta  ekonom-fizika adlı yeni sahəyaranıb. Fizika hara ekonomika hara,  amma birləşiblər. Gələcəkdə kənd təsərrüfatında mütərəqqi texnologiyalar olacaq. Orda əhalini qorxudan şey yoxdur.Dediyim kimi  bir insan ömründə 5 dəfə ixtisas dəyişməlidir. Yeni xtisasları zaman özü diktə edəcək.  Fakültələrdə tədris olunacaq fənlər, proqramlar dəyişəcək”.

Məsələylə bağlı professor Əhməd Qəşəmoğlu da öz münasibətini bildirib::

“Dünyada gedən qlobal prosesləri dərindən təhlil etdikdə o qənaətə gəlmək olar ki, bu fikirlər köhnəlib. 50 il bundan qabaq deyilsəydi, aktual görünərdi. Bir ara insanlar elə hesab edirdilər ki, texniki elmlər həlledici rol oynayır, humanitar sahəyə isə diqqət azalıb, arxa plana keçib. Hətta ortaya suallar çıxırdı ki, fəlsəfə elmdirmi, lazımdır, ya yox?  Yeni qloballaşmanın gətirdiyi problemlər onu göstərir ki,  beyni artıq informasiya ilə yükləyən elmlər sıradan çıxacaq. Hansılar ki, bir mövzunu öyrənmək üçün saysız -hesabsız nəzəriyyələri qədimdən indiyə kimi öyrədirlər. Bunlar insanın beynini lazımlı və lazımsız informasiyalarla yükləyir. Tələbələr elə kitab olur oxuyur, əzbərləyir ki, imtahan verib canını qurtarsın.  Məsələn, “Ustad məktəbi”deyilən bir modelim var. Aşıq Ələsgər ustad yanında şagird olub. Heç bir universitet bitirməyib, amma  yüzlərlə universitet qurtarandan savadlıdır. Daha dərindən bildiyi məsələlər var idi. Çünki ustad həmişə şagirdin beynində ən vacib informasiyaları yerləşdirir. Sonra beyin işləyir, özü  qalan şeyləri dartıb gətirir. Çində, Yaponiyada qədimdən bu üsul öndə olub. Bunlar doğru strateji yoldur. Yəni prinsip belədir ki, beyində əsas, vacib baza informasiyalarını yerləşdirmək. Qalan şeyləri beyin özü axtarıb tapacaq. Yeni dövr bunu zəruri hesab edir. Buna görə hansı fənlərin sıradan çıxacağını bir-bir saymıram. O fənlər ki, faydasız informasiyalarla beyni doldurur onlar olmayacaq”.

Sosioloq deyir ki,  kompüter, internet bir vasitədir:

“Tarix öz inkişafında müxtəlif alətlər kəşf edir, ondan bəhrələnir, biraz da irəli gedir. İnternet də onlardan biridir. O, bəşəriyyətin məqsədi deyil, vasitəsidir. Məqsəd tərəqqidir. Mənim təbliğ etdiyim “Ahəngyol” elmində bu, əsaslandırılıb. Şəxsi fikrim olması ilə yanaşı onu Amerika, İtaliya və başqa ölkələrdə çıxan jurnallar da çap edib. Ölkə sosial sistemdə o vaxt tərəqqi edir ki, burda 3 əsas mühüm şərt ödənilsin; Fiziki sağlamlıq, mənəvi zənginlik və əməyə yaradıcı münasibət. Gələcəkdə yer üzündə belə elmlər daha çox populyar olacaq. Baxmayaraq ki, filosofam, “Ahəngyol” la məşğul oluram məni Amerikanın Okeanologiya və Dənizçilik sahəsində bir jurnal redaksiyasına üzv seçiblər. Dediyim yanaşmaları aktual hesab edirlər. Gələcəkdə okeanı, onun dərinliyini, kosmosu, Yer kürəsində insan mühiti, ekoloji məsələləri öyrənəcəyik. Yəni, Yer üzünün xilası və tərəqqisi ilə bağlı elmlər daha öndə olacaq. Ona görə fikir vermək lazımdır ki, NASA hansı problemlərlə məşğul olursa, həmin sahə qabaqdadır. Onların məşğul olduğu istiqamətlər üzrə ölkədə elmi inkişaf etdirmək daha doğru yol olardı. Çünki onlar bu şeyləri hiss edib, qəbul edirlər. Fəlsəfə, sosial elmlərin inkişafı ilə bağlı elmlər çox lazım olacaq”.

Əsmər Qabil