Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-20 16:02:00
Şərqşünaslıq bu gün çoxmu vacibdir? - “Onların oxumalı olduğu minlərlə qədim əlyazmalar var” 

 AMEA-nın Şərqşünaslıq İnstitutu 1958-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Elmlər Akademiyasının digər institutlarında fəaliyyət göstərən müvafiq şöbə və qrupların əsasında yaradılıb. İnstitut bugünədək Yaxın və Orta Şərq ölkələrinin tarixi, bu region xalqlarının ictimai-mədəni inkişafı və Azərbaycanla çoxəsrlik mədəni-tarixi əlaqələrini tədqiq edib.

Xüsusilə də Sovet dövründə Şərqşünaslıq ən nüfuzlu  peşələrdən biri hesab olunur, diplomatik kadrlar onlardan hazırlanırdı. Bəs şərqşünaslığın bugünki durumu nə yerdədir? Hazırda bu fakültəni bitirənlər harada çalışmaq imkanı əldə edir  və nə kimi tədqiqat işləri aparırlar?

Mövzu ilə bağlı AzEDU.az saytına danışan AMEA-nın Ziya Bünyadov adına  Şərqşünaslıq İnstitunun direktoru, akademik Gövhər Baxşəliyeva bu peşə sahiblərinin hazırki fəaliyyət sahələri haqda məlumat verib:

“Şərqşünaslıq fakültəsi Şərq dilləri və ədəbiyyatı üzrə mütəxəssislər hazırlayır. Onlar həm filoloq, həm də tərcüməçi olurlar. Burada Şərq ölkələrinin dili, tarixi, ictimai- siyasi fikri, fəlsəfəsini bilən və  inkişaf  yollarını yaxından izləyən kadrlar hazırlanır. Şərq aləmi çox böyükdür. Orada altmışa qədər müsəlman ölkəsi var. Hələ, digər dinlərə sitayiş edən dövlətləri demirəm. Azərbaycan tarixən Şərqin ayrılmaz hissəsi olub. Əsrlər boyu ölkəmizin mədəniyyəti, elmi, ədəbiyyatı  Şərq  konteksində inkişaf  edib. Bu, o deməkdir ki, Azərbaycan xüsusilə yaxın və orta Şərq ölkələrinin mədəniyyəti, ədəbiyyatı, ictimai şüuru ilə çox sıx əlaqədə inkişaf edib. Odur ki, bizə Şərqi yaxından bilən mütəxəssislər çox lazımdır. Bu, həm tarix, həm də mədəniyyətimizi öyrənərək, sabahkı inkişaf yollarımızı müəyyənləşdirməmizə şərait yaradar”.

Akademik peşəkar şərqşünasların  ölkənin  beynəlxalq əlaqələri üçün də gərəkli olduqlarını vurğulayıb:

“Azərbaycan Sovet İttifaqının tərkibində olarkən ölkədə diplomatik kadrlar hazırlanmırdı. Biz müstəqilliyə qədəm qoyanda isə diplomatiya sahəsinə demək olar ki, şərqşünaslar qəbul olunurdu. Onlar çox gərəkli kadrlar idilər. Səfirliklərdə, nazirlikdə Şərq dillərini bilən işçilər çalışırlar. İndi isə Azərbaycan Diplomatik Akademiyası fəaliyyət göstərir, diplomatik kadrlar hazırlayır. Eyni zamanda, Şərqşünaslıq fakültəsi də Şərqi dərindən, elmi səviyyədə bilən mütəxəssislər yetişdirir. Bunlar bizə lazımdır. Çünki Azərbaycan inkişaf edir, əlaqələrimiz genişlənir. Bu gün neçə Şərq ölkəsi ilə diplomatik əlaqələrimiz var. Əməkdaşlıq müqavilələri bağlanıb. Hazırda ölkəyə turist axını güclənib. Onların əksəriyyəti Ərəb ölkələrindən, İrandan gələnlərdir. Fars, ərəb  dilini bilən mütəxəssislərə ehtiyac var”.

G.Baxşəliyeva ölkənin tarixi ilə bağlı əsərlərin, orta əsrlər ədəbiyyatımızın tədqiqi üçün şərqşünaslara ehtiyac olduğunu qeyd edib:

“Yeni lüğətlər hazırlanmalıdır. Biz onların bir qismini hazırlamışıq, digər qisminin üzərində isə iş gedir. Yəni, bütün bu işlərlə məşğul olan kadrlar lazımdır. Fars, ərəb dillərini bilmədən bizim qədim, orta əsrlər ədəbiyyatımızı öyrənmək çox çətindir. İzahlar olmadan  Füzulinin yaradıcılığını anlamaq çətindir. Çünki, o, əsərlərini XVI əsr dili ilə yazıb. Ərəb və fars dillərini bilmədən  Füzulini tam oxuyub qavramaq mümkün deyil. Eləcə də digər şairlərimizi. Eyni zamanda, Azərbaycan ədəbiyyatının fars, ərəb dilində yazılan çoxsaylı nümunələri var. Elə müasirimiz Məhəmmədhüseyn Şəhriyarın poeziyasının böyük hissəsi fars dilindədir. Mədəniyyətimizi araşdırmaq üçün bunları bilmək, öyrənmək lazımdır. Mütəxəssislərin oxumalı olduğu minlərlə qədim əlyazmalar var. Əlyazmalarda bizim tarixi keçmişimiz haqqında qiymətli məlumatlar var. Ziya Bünyadov “Azərbaycan VII-IX əsrlər”, və ya “Azərbaycan Atabəylər dövləti” adlı möhtəşəm monoqrafiyalarını ərəb və farsdilli mənbələrdən istifadə edərək  yazıb”.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları