Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-17 10:42:10
MİQ imtahanlarında müəllimlərə ən çox mənfi təsir göstərən səbəblər – Narazılıq və təkliflər  

“MİQ müsabiqəsi Bakı ilə yanaşı, digər şəhərlərimizdə də keçirilməlidir”.

Bu sözləri AzEdu.az-a təlimçi-müəllim Günel Əliyeva deyib. O, bildirib ki, MİQ müsabiqəsinin yalnız Bakıda keçirilməsi qarışıqlığa, izdihama səbəb olur:

“Fikrimcə, MİQ müsabiqəsi Bakı ilə yanaşı, Sumqayıt, Mingəçevir, Gəncə, Şirvan, Şəki, Naxçıvan şəhərlərində də keçirilməlidir. Əksər müəllim və namizədlərin də fikrinə istinadən bildirmək istərdim ki, MİQ müsabiqəsi yalnız Bakıda keçirilməsi xüsusən uzaq regionlardan gələnlər üçün problemə səbəb olur. İmtahanların keçirilmə ərəfəsi iyul- avqust aylarında olduğundan saatlarla günün altında, isti hava şəraitində gözləmə gərginliyi daha da artırır.

Nəzərə alsaq ki, inkişaf etmiş ölkələrin əksəriyyətində bu gün daha çox distant təhsil sistemi ilə bərabər, onlayn imtahanlar da aktualdır. Belə bir dövrdə MİQ müsabiqəsinin bir çərçivədə, yalnız Bakıda keçirilməsi qarışıqlığa, izdihama səbəb olur.

Daha bir ciddi problem imtahanın ayrı- ayrı saatlara salınması məsələsi ilə bağlıdır ki, bu da namizədlərin böyük narazılığına səbəb olur. Çünki, səhər vaxtı  MİQ müsabiqəsində iştirak edənlər günorta imtahana girəcək namizədlərə yadlarında qalan sualları deyirlər. Həmçinin, növbəti günlərdə də MİQ müsabiqəsində olan suallar təkrar düşür .  MİQ müsabiqəsində təkrar düşən sualların cavabı da sosial şəbəkələrdə ildırım sürəti ilə yayılır. İmtahanlar şəffaf təşkil olunsa da bu kimi neqativ hallar nəticələri şübhə altına alır.Hesab edirəm ki, bu məsələ də öz həllini tapsa imtahan ilə bağlı bütün narazılıqlar, söz-söhbət aradan qalxar. Təbii ki heç kimə “yadında qalan sualı demə” qadağasını qoymaq olmaz, bu, qeyri- mümkündür. Burada kurs müəllimlərini, repetitorları da qınamaq olmaz. Çünki, mən də imtahana düşən sualları bilsəm onu öz tələbəmlə bölüşərəm. Ona görə də bu məsələ daha fərqli yollarla həll edilməlidir”.

Təlimçinin sözlərinə görə, MİQ müsabiqəsi bütün ixtisaslar üzrə eyni saatda başlayarsa daha adekvat, obyektiv və şəffaf olar:

“Fikrimcə, müəllimləri narahat edən bu məsələ də Təhsil Nazirliyinin diqqətindən kənarda qalmayacaq. MİQ və yerdəyişmə imtahanları ilə 2 dəfə işə qəbul olmuşam. Həmçinin yaxınlarım, ailə üzvlərim də MİQ müsabiqəsindən keçərək müəllim adı qazanıb. MİQ müsabiqəsi tam şəffaf və obyektivdir. Sadəcə qeyd etdiyim kimi imtahan suallarının yayılması kimi mənfi hallar da aradan qaldırıldığı təqdirdə ədalət tam təmin olunacaq”.

Kurikulum təlimçisi Gülər Hüseynova da MİQ müsabiqəsinin bir neçə rayonlarımızda təşkil olunmasını vurğulayıb:

“Bəzən MİQ müsabiqəsini 08:00 və ya 09:30-da salırlar. Uzaq rayonlardan gələn namizədlər də əziyyət çəkirlər. Həmçinin, uzaq rayonlardan gələn bəzi müəllim namizədlərin Bakıda qalmağa qohumu, tanışı da olmur. Məhz ona görə də, MİQ müsabiqəsi rayonlarda da keçirilsə, çox yaxşı olardı”.

Ağsu rayonunda yaşayan müəllim namizədi Xuraman Babayeva bildirib ki, MİQ müsabiqəsi DİM imtahanı kimi hər bölgəyə yaxın mərkəzlərdə keçirilməlidir:

“Rayonda yaşayan müəllim namizədləri də onlara yaxın ərazilərə gedərək imtahan verməlidirlər. Çünki bəzi rayonlar var ki,  Bakıya qədər olan məsafəsi çox uzaqdır. Bəzi rayonlarda yaşayan müəllim namizədləri  Bakıda imtahan vermək üçün 6-7 saat və daha çox yol qət etməli olurlar. Eyni zamanda MİQ müsabiqəsi ərəfələrində şəhərdə müəyyən sıxlıq yaranır. Həmçinin, MİQ müsabiqəsinin müxtəlif saat və günlərdə olması sualların yayılmasına səbəb olur. Yəni bu da ilk imtahan verənlərin qəbul olma şansını azaldır. Çünki, bəzi fənlər üçün yer olduqca az, müəllim sayı isə həddindən artıq çoxdur. Düşünürəm ki, hər bölgənin mərkəzi seçilsə və imtahan vaxtı eyni gündə olsa bu kimi problemlər aradan qalxar”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları