Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-20 15:16:56
Tağı Şahbazinin Bakıdakı evlərini qaytarmaq istəyən qızı: “Atamı həbs edəndə evimizdən ancaq bir neçə maşın kitab çıxdı”

Bakı dövət Universitetinin ilk azərbaycanlı rektoru, yazıçı,  publisist, pedaqoq Tağı Şahbazi Simurğ 1892-ci ildə Bakı şəhərində anadan olub. 1913-cü ildə Xarkov Dövlət Universitetinin Fizika və Riyaziyyat fakültəsinin Təbiyyət şöbəsinə daxil olub. Repressiya qurbanı olan Şahbazi 1937-ci ildə həbs olunur, 1938-ci ildə isə güllələnir. Ölümündən 18 il sonra bəraət qazanıb.

AzEDU.az-a müsahibə verən Bakı Dövlət Universiteti Tarix Fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru Azad Rzayev Tağı Şahbazinin qızı Dilarə xanımla görüşündən danışıb:

-2017-ci ilin avqustunda  İstiqlaliyyət küçəsində Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun təşəbbüsü ilə memorial lövhə açıldı. Əvvəllər orada Azərbaycan və rus dilində  iki köhnə lövhə var idi. Yeni açılan lövhədə göstərildi ki, bu evdə T. Şahbazi yaşayıb.

Açılışa  hazırlıq  görəndə  onun qohumlarıyla raslaşdıq. Qardaşı nəvələrini tapdıq. Onda məlum oldu ki, Tağı Şahbazinin qızı sağdı. O, Ukraynanın Zaporoje şəhərində  yaşayır. Bunu bilən kimi nömrəni əldə edib, Dilarə xanıma zəng vurdum. Onunla görüşmək istədiyimi və T.Şahbazinin sənədləri, şəkilləri, ona aid nələrin olduğunu soruşdum.  Cavab verdi ki, məndə hər şey var.

Abel müəllimlə danışıb, fevral ayında 4 günlük ezamiyyətdə oldum.  Əvvəl Ukrayna səfirliyi ilə danışdım. Məni qarşılayıb, kömək etmək üçün Zaporoje  Milli Universitetinə məktub yazıldı.  Dilarə xanımın  90 yaşı var. Məktəbdə 30 ilə yaxın rus dili və ədəbiyyat müəllimi işləyib. O, işlədiyi məktəbdə bu universitetin rektoru oxuyub və Dilarə xanım ona da dərs deyib. Açığı bilmirdim o özünü necə hiss edir.  90 yaşı olmasına baxmayaraq, yaxşı yaddaşı vardı və çox şeyi xatırlayırdı. Dilarə xanım mənə xeyli şəkillər təqdim etdi.

Otağa daxil olan  kimi arxa hissədə  bir rəsm  görüb, dedim ki, bu şəkli də istəyirəm. Cavab verdi ki, bunu vermərəm, o nadir şəkildir, orijinaldır. Həmin şəkili skaner etdik. Bir sənəd gətirmişəm. T.Şahbazinin ölümü haqqında şəhadətnamədir. O 1937-ci ildə həbs olunur, 1938-ci ildə isə güllələnir. Amma burada göstərilib ki, o, 1942-ci ildə vəfat edib. Çox maraqlandım, tarixçilərlə məsləhətləşdim. Onlar mənə dedilər ki, 1956-cı ildə bəraət qazanan bəzi repressiyaya uğrayan insanlara şəhadətnamədə yazırdılar ki, 1942-ci ildə vəfat edib. Bunu dəqiqləşdirmək mümkün deyil.  Bəraət qazandıran arayış 1956-cı ildə onun həyat yoldaşına verilib.

-Tağı Şahbazinin həyatı və ailəsi  haqqında danışaq. Xanımı kim idi və onlar  necə tanış olmuşdular?

-T. Şahbazi  Xarkov Dövlət Universitetinin Biologiya fakültəsini bitirib. Bizdə də 1920-ci ildən sonra uzun müddət səhiyyə nazirinin müavini işləyib. 1926-30-cu illərdə Bakı Dövlət Universitetinin rektoru olub. Həyat yoldaşı Maria Paşovna Paltovadan idi. Onlar Xarkovda tanış olublar.  O, həmin universitetdə Filologiya fakültəsində oxuyurdu, atası keşiş idi.  T. Şahbazi Paltovaya gedib Marianın atasından onunla  evlənmək üçün  icazə alır. Ali məktəbi bitirəndən sonra onlar Bakıya gəlirlər. Maraqlıdır ki, Dilarə xanım evlərinə atasını həbs etmək üçün  kimlərin  gəldiyini yadında saxlayıb. O zaman 9 yaşı olub.  Dedi ki, atam məni axrıncı dəfə  öpdü.  Xarkovda ona müsyö Tağı deyirdilər, çünki o, fransız dilini yüksək səviyyədə bilirdi. Tağı Şahbazi həqiqətən ziyalı bir şəxs olub. Dilarə xanım deyir ki, bizim evimizdən, qızıl, əşya götürmədilər, ancaq bir neçə maşın kitab çıxdı. 1938-ci ildə Maria Krilovnanı həbs edirlər. 7 il Sibirdə yatır. Dilarə, Şahbazinin kiçik qardaşı Raufgildə Bakıda qalır. 15 il onu saxlayırlar. Anası qayıdandan sonra onlar Ukraynaya köçürlər. Dilarə xanım Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirir. 1947-ci ildə qəbul olub,  1952-ci ildə təhsilini tamamlayır.

-Həmin dövrdə universitetdə ona qarşı münasibət necə olub, o illəri necə xatırlayırdı?

-1940-50-ci illərdə hələ Şahbazi bəraət qazanmamışdı.  Ona sual verdim ki, bu dövrdə hələ də atanız bəraət qazanmamışdı. Siz “xalq düşməni”nin qızı, universitetdə sizə münasibət necə olub?

O dedi ki, sentyabrın 1-də dərs başlayanda müəllimlər mənə müraciət edib sorşurdular ki, sizin atanız kimdir?  Deyirdim ki, Tağı. Ya da soruşurdular Şahbazi sizin nəyinizdir?

Dilarə xanım dedi ki, ona olan münasibət sonradan yaxşıya doğru dəyişirdi. Çalışırdılar mənə kömək etsinlər. Bir faktı  danışdı: Bir müəllim gəlib, Şahbazinin kitabını gətirib, stolun üstünə qoydu. Atamdan düz  45 dəqiqə, xalq düşməni kimi danışdı. Qrupda uşaqlar bilirdilər,  söhbət mənim atamdan gedir. Başqa müəllimlər isə mənə kömək etməyə çalışırdılar. Dilarə xanım Ukraynaya Onu BDU-nun 100 illiyi münasibətilə Azərbaycana dəvət etdik. Bu barədə Abel müəllimə də dedik. Məncə,  alınsa, Bakıya  gətirtmək  olar.

-Dilarə xanımın sonrakı həyatından söhbət açaq. Bu gün  qohumlarıyla əlaqəsi varmı?

- Anası tutulandan sonra o, dayısı arvadıyla aşağıda balaca bir otağa köçürlər. Burda qohumları var. Onlarla da danışmışam.  İndiyədək onlarla əlaqə saxlayır. Dilarə xanım gedib-gəlirdi. 1970-ci illərdə T.Şahbazinin yubileyi keçirilib. Həmin yubileydə də iştirak edib. Bir tərəfdən baxanda o bolşevik, bu partiyanın üzvü idi. “Hümmət “ partiyasının yaradıcılarından biri idi. Əliheydər Qarayev, Nəriman Nərimanovla birlikdə işləyirdi. Digər tərəfdən onda azərbaycançılıq, türkçülük ideyası var idi.

-Atasının qəbri tapılmırdı, sonra  necə oldu? .

-O vaxtlar represiyaya uğrayan insanların cənazəsini ailələrinə vermirdilər. Bilinmirdi harada dəfn olunub. Bakıda güllələnən ziyalılarımız üçün çox vaxt Qroznuda da məhkəmə qururdular. Üçlük  adlanan məhkəmə olurdu. Dilarə xanımdan da soruşdum. Dedi cənazəni bizə vermədilər. Mərdəkanda qardaşlarından biri baş daşı qoymuşdu və Tağı Şahbazinin adını qeyd etmişdi. İndiyə kimi də bilinmir o harda dəfn olunub.

1926- cı ildə Stalin icazə  verib ki, Bakıda Türk Xalqları Qurultayı keçirilsin. Sonra başa düşdüm bunu ona görə edib ki, türkçülük, azərbaycançılıq ideyası olan insanlar bir yerə toplaşsın. O siyahıyla H. Cavid, M. Müşfiq,  T.Şahbazi də güllələndilər.

Sonra daha bir maraqlı fakta rast gəldim. 1917-ci ildə fevral inqilabından sonra Moskvada azərbaycanlı tələbələrin qurultayı keçirilib. Bu qurultayı axıra qədər öyrənməmişik. T.Şahbazi bu qurultayın katibi olub.

Onu həbs edəndən sonra  bir neçə gün çalışdılar ki, dindirməsinlər. Başa düşürdülər ki, o çox ziyalı adamdır. Ona nəyisə sübut etmək çətin olacaqdı. Elə bir ağıllı işçi tapa bilmirdilər ki, onunla danışsın.

-Dilarə xanımın Azərbaycandan umduğu nəsə var idimi, bizlərdən istəyi nə idi?

-Mənə dedi ki, evimi qaytarsalar gələrəm. Onun evi İstiqlaliyyət küçəsindədir. Bizdə elə bir qanun da yoxdur ki,  o ev qaytarılsın. İndi orda başqaları yaşayırlar. Ancaq zarafatla dedim ki, indi kimə müraciət edək ki, evi qaytarsınlar.

 Tağı Şahbazi novellalar yazırdı.  Filoloqlar Şahbazidən yazanda deyirdilər ki, Azərbaycan qadınının problemlərini başqa yazarlardan daha yaxşı göstərir.  Dilarə xanıma da sual verdim ki, əsərlərin bir neçəsində bilinmir sonluq necə olacaq. Sonra özüm də cavab verdim təbii ki, kimdir Şura hökumətinə qarşı çıxan. Aydındır ki, burada bolşeviklərin qaydaları üstünlük təşkil edirdi.

-Dilarə xanım atasını nədə günahlandırıb “xalq düşməni” elan etdiklərini xatırlayırdımı?

-Vaxtilə Ziya Bünyadov bu məsələni qaldırıb. T.Şahbazinin Əliheydər Qarayevlə əlaqəsi  var idi. Ümumiyyətlə, birdəfəlik  xalq düşməni damğasını qoyurdular. Elə bir təzyiq göstərirdilər ki, orda insanlar hər şeyə qol çəkirdi. Birinci azərbaycanlı rektor, Azərbaycan dilində dərsin əsasını qoyan, ziyalı bir insan heç vaxt xalq düşməni ola bilməzdi. Onun təşəbbüsü ilə yaxşı oxuyan tələbələri kafedralarda saxlayırdılar. 1930- cu illərdə 60%-ə qədər dərslər Azərbaycan dilində idi. Ona görə universitetdə müəllimlər onu ziyalı, alim kimi tanıyırdılar. Onda azərbaycançılıq, türkçülük  yüksək  səviyyədə idi.   1920-ci illər nisbətən yumşaq dövr idi. Bolşeviklər hələ elə bir nəsil böyütməmişdilər ki, onlara yüz faiz inansınlar. Onda elə şəxsləri universitetə rəhbər qoyurdular, amma sonradan başa düşdülər ki, bu gələn insan türkçülüyü irəli çəkir. T. Şahbazi başqa cür işləyə bilməzdi. Stalin ona görə güllələyirdi ki, türkçülüyü, o hissiyyatı öldürməyin mümkün  olmadığını bilirdi. Həmin nəsli aradan götürəndən sonra gəncləri bolşevizmə inandıra bildilər. Çünki onlar əvvəlki dövrü haqqında məlumatlı deyildilər.

Onunla indi də əlaqə saxlayıram mənə deyir ki, bəzi şeylər yenə yadıma düşüb. Deyirəm ki, Dilarə xanım, gələn dəfə gələndə danışarsız.