Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-16 10:55:39
Müəllim pisdir, prokuror yaxşı?.. - Seymur Verdizadə yazır
Bakıdakı 314 nömrəli orta məktəbdə çəkilən görüntüləri izlədiniz? Yox, yox, direktor şagirdlərdən süpürgəpulu yığmırdı. Orda heç müəllimin uşaqları döyməyindən də söhbət getmirdi. Altıncı sinif şagirdləri Pərviz Qurbanov adlı müəllimin dərsində rəqs edir, arada onun başına çırtma vurur, dağ boyda kişini ələ salırdılar. Bilirsiniz, sonra nə baş verib? Bu biabırçılığa dözməyən müəllim ərizə yazaraq, könüllü şəkildə işdən çıxıb.
 
Üç gündür işimi-gücümü atıb, mətbuatı izləyirəm. Məktəbi və müəllimləri qaralamaqdan zövq alan adamların heç birindən səs çıxmadı. Heç kim demədi ki, ay valideynlər, belə uşaqlar böyütdüyünüzə görə xəcalət çəkirsinizmi? Heç kim yazmadı ki, əziz ata-analar, düşük seriallara sərf etdiyiniz vaxtdan niyə azca ayırıb uşaqlarınızın tərbiyəsi ilə məşğul olmursunuz? Soruşan olmadı ki, 6-cı sinifdə oxuyan uşaq niyə telefon gəzdirməlidir? Şübhə etmirəm ki, əgər Pərviz müəllim həmin gün şagirdlərdən 1 manat fondpulu yığmış olsaydı, uşaqlarına min manatlıq telefon alan validenynlər nəinki onun dirisini söyərdilər, hətta ölüsünü də qəbirdən çıxarardılar...
 
Xəzər TV-də efirə gedən “Səni axtarıram” verilişinə ötən ay yaşlı bir müəllimə təşrif buyurmuşdu. Üzündən nur yağan bu gözəl insandan şikayətinin nə olduğunu soruşanda, belə cavab vermişdi: “Şagirdlərimdən biri çəpgözlükdən əziyyət çəkir. İstəyirəm ki, Cahid doktor onu pulsuz əməliyyat etsin”.
 
Oftalmoloq Cahid Şahbazov başda olmaqla hamımız kövrəldik. Ertəsi gün Cahid həkim uşağın gözünü təmənnasız əməliyyat etdi. Növbəti həftə həmin müəllimə Cahid Şahbazova təşəkkür etmək üçün şagirdi ilə birlikdə studiyaya gəldi. İnanın, uşaqdan çox müəllimə sevinirdi. Dünyaya öz şagirdlərinin gözü ilə baxan müəllimlər az deyil...
 
Elinanın müəmmalı ölümündən sonra qatıldığım televiziya proqramlarının birində belə demişdim: “Direktorla məktəb arasında bərabərlik işarəsi qoymayın. Direktor pis ola bilər, amma məktəb pis ola bilməz. Məktəbin alternativi radikalizmin tüğyan etdiyi, cəhalətin və xurafatın hökm sürdüyü məkanlardır”.
 
Cəmiyyətdə problem çoxdur. Məmur özbaşınalığı, dövlət qurumları üçün xarakterik olan süründürməçilik insanları bezdirib. Sözsüz ki, təhsil müəssisələri də problemlərdən xali deyil. Amma hakimin, prokurorun, rəisin, gömrük işçisinin, maliyyə müfəttişinin günahını müəllimin ayağına yazmaq ədalətsizlikdir. Gəlin, vicdanlı olaq: şagirdlərindən ayda 1 manat fondpulu yığan müəllim avtoqəzada iki nəfərin həyatına son qoyan məmur övladına 2, toyuq oğrusuna 6 il iş kəsən hakimdən pisdir? Yoxsa, prokuror, polis rəisi, gömrük “şef”i müəllimdən daha təmiz işləyir? Öz kitabını tələbələrinə 5 manata satan müəllim sonu 500-lə qurtaran nömrəni avtomobil sahiblərinə 5 min manata satan DYP əməkdaşından pisdir? Bunun belə olmadığını hamımız bilirik. Sadəcə, müəllimin əlində adamı tutmaq üçün səlahiyyət olmadığına görə heç kim ondan qorxmur. Bir kostyumu üç-dörd il geyinən, aldığı cüzi məvaciblə günü-günə zorla calayan müəllimin gözü o qədər qara deyil ki, ağardanda kiminsə canına vəlvələ düşsün...
 
Sağlam tənqid cəmiyyətin uğurudur. Həkimi də, müəllimi də, məmuru da tənqid etmək olar. Amma müəllimlə birlikdə məktəbi də qaralamaq, onun müqəddəsliyinə xələl gətirmək olmaz. Axı biz hər gün uşaqlarımızı ora göndəririk...(Moderator.az)