Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-15 16:42:00
Xaricdə oxuyan gənclərimizin ən çox üstünlük verdikləri ixtisaslar – Seçim səbəbləri  

Son illərdə xaricdə təhsil alan gənclərin sayında artım hiss olunur.Hətta təhsilinin ən yüksək inkişaf dövrü yaşayan ölkələrində də insanlar bəzən xaricdə təhsil almaq istəyirlər.

Azərbaycanda da xarici ölkələrdə təhsil alanlar kifayət qədərdir.

Maraqlıdır, gənclərimiz xarici ölkələrdə ən çox hansı ixtisaslar üzrə təhsil alırlar?

AzEdu.az bununla bağlı xaricdə təhsil üzrə ekspertlərin fikirlərini öyrənib: 

Xaricdə təhsil üzrə ekspert Sərdar Yusifoğlu bildirib ki, gənclərimiz  əcnəbi ölkələrdə daha çox asan bildikləri ixtisaslar üzrə təhsil almaq istəyirlər:

“Gənclərimiz daha çox menecment, iqtisadiyyat, turizm, maliyyə ixtisasları üzrə xaricdə təhsil alırlar. Xarici universitetlərdə  təhsil almaq çətin olduğu üçün gənclərimiz qismən asan ixtisaslara üz tuturlar.

Gənclər daha çox Baltikyanı ölkələrdə, Türkiyə və Litvada təhsil almağı hədəf seçirlər”.

Xaricdə təhsil üzrə mütəxəssis Həsən Əliyevin  sözlərinə görə, azərbaycanlı tələbələr əcnəbi universitetlərdə daha çox  iqtisadiyyat sahələri üzrə oxuyurlar:

“Xarici universitetlərdə əsasən iqtisadiyyat sahələri üzrə təhsil alanlar çoxdur. Amma bununla yanaşı mühəndislik və tibb sahələri üzrə xaricdə təhsil almaq istəyənlər kifayət qədərdir. Xaricdə təhsil almaq istəyən gənclər daha çox Şərqi Avropa ölkələrinə üz tuturlar. Həmçinin Baltikyanı, MDB ölkələrində də təhsil alan kifayət qədər gənclərimiz  mövcuddur. Düşünürəm ki, xaricdə iqtisadiyyat  və tibb sahələri üzrə təhsil almaq daha perspektivlidir. Ümumiyyətlə,  xaricdə təhsil  almaq istər gənclərin dünyagörüşün formalaşması, istərsə də təhsil, elm baxımından çox əhəmiyyətlidir”.

Türkiyədə təhsil üzrə mütəxəssis Rəşad Abbasov da bildirib ki,  gənclər xaricdə daha çox iqtisadiyyat sahələri üzrə təhsil alırlar:

“Azərbaycanlılar Türkiyədə daha çox psixologiya, kompüter mühəndisliyi və Reklam ixtisası üzrə təhsil almaq istəyirlər. Həmçinin, qeyd edilən ixtisaslar üzrə təhsil alanlar da çoxdur”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları