Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-15 15:00:00
Avropa  müəllimlərini bir araya gətirən layihə: "500-600 təlim proqramından yararlanmaq olar"-MÜSAHİBƏ

Fidan Nəcəfova: “Gələcəyimiz olan şagirdlərin inkişafı üçün bu cür beynəlxalq təhsil layihələrinin həyata keçirilməsi böyük töhfələr verir”.

Fidan Nəcəfova “eTwinning Plus” layihəsinin Azərbaycan üzrə baş koordinatorudur.

AzEdu.az F. Nəcəfova ilə müsahibəni təqdim edir.

-Artıq altı ildən çoxdur ki, ölkəmizdə “eTwinning Plus” layihəsi icra olunur.  Layihənin fəaliyyəti hansı qurum tərəfindən aparılır və ümumiyyətlə iş prinsipi necə qurulub?

-Bu, Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının “eTwinning” layihəsinin tərkib hissəsidir. Azərbaycan 2013-cü ildə Avropa İttifaqının Şərqi Tərəfdaşlıq Proqramına daxil olan digər 5 ölkə ilə yanaşı  “eTwinning Plus” layihəsinə üzv olub. Hazırda “eTwinning” layihəsinə 40-dan artıq ölkədən 700 mindən çox müəllim qoşulub. Layihədə iştirak edən məktəb, müəllim və şagirdlərə dəstək olmaq, onları lazımi təlim və konsultasiya ilə təmin etmək məqsədilə layihəyə üzv olan bütün ölkələrdə Əməkdaşa Dəstək Agentliyi fəaliyyət göstərir. Azərbaycanda layihənin fəaliyyəti 2016-cı il tarixindən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən reallaşdırılır.  Müəllimlərin qeydiyyatı, yeni qoşulmuş müəllimlər üçün layihədə iş üzrə təlimlərin təşkili, daxili müsabiqə və beynəlxalq qiymətləndirmələr bu İdarə tərəfindən təmin olunur.

-Layihədən kimlər bəhrələnə bilir və qoşulmaq üçün hara müraciət etmək lazımdır?

-Layihə bütün təhsil işçiləri üçündür. Bura təhsil müəssisələrində çalışan istənilən fənn müəllimi  qoşula bilər. Qoşulan müəllimlər üçün istifadəçi adı və şifrə verildikdən sonra onlar  layihə portalında öz fəaliyyətlərinə başlaya bilərlər. Hər bir müəllim öz şagirdləri üçün profil yarada bilər. Şagird profilləri müəllimlərin və layihə mərkəzinin nəzarəti altında fəaliyyət göstərir. Layihəyə qoşulmaq üçün layihə mərkəzinin rəsmi internet ünvanında (www.etwinningplus.edu.az) qeydiyyatdan keçmək lazımdır. Bu ünvandan eyni zamanda layihə, eləcə də yerli və beynəlxalq müsabiqələr haqqında geniş məlumat əldə etmək mümkündür.

Layihənin əsas məqsədi pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, digər Avropa ölkəsindən olan həmkarlar ilə birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır. Layihə nəticəsində Azərbaycan şagirdləri Avropadan olan həmyaşıdları ilə təcrübə və fikir mübadiləsi aparmaq, onların adət-ənənələri, həyat tərzləri, mədəniyyətləri ilə tanış olmaq fürsəti qazanırlar. Müəllim və şagirdlər üçün təhsillə bağlı beynəlxalq media və internet resurslarından istifadə imkanı yaradılır. Eyni zamanda, layihə zamanı müəllim və şagirdlər təhsil müəssisəsini tərk etmədən, onlayn şəkildə avropalı həmkarları ilə ortaq layihələrdə yeni bilik və bacarıqları daha maraqlı, əyləncəli və səmərəli yolla əldə edərək beynəlxalq sertifikatlar əldə edə bilirlər.

-Müəllim və şagirdlər bu cür beynəlxalq təhsil layihələrində iştirak etməyə maraq göstərirlərmi? Ümumiyyətlə, layihənin ölkəmizdə əhatə dairəsi nə dərəcədə genişdir və bölgələrdən aktiv iştirakçılar olurmu?

-Ümumilikdə, “eTwinning” layihəsi çərçivəsində Azərbaycanda indiyədək 494 məktəbdən 1763 müəllimin iştirakı ilə 1458 layihə həyata keçirilib. Layihəyə müəllimlərin marağı çox yüksəkdir. Xüsusi ilə ingilis dili, ibtidai sinif, informatika və riyaziyyat müəllimlərindən daxil olan müraciətlərin sayı daha çoxdur. “eTwinning” müəllimlər üçün dərsi daha innovativ və interaktiv etmək üçün çox yaxşı vasitədir. Şagirdlərin layihə əsasında öyrənməyə maraqları yüksək olduğu üçün “eTwinning” ilə dərs prosesi çox uğurlu alınır. Eyni zamanda, “eTwinning”də gündəlik məsuliyyət və etməli olduqları iş yükü çox yüksək olmadığı üçün, layihə müəllimlərin iş rejimlərinə uyğun gəlir. Yaradılan layihələr 1 həftəlik, 1 aylıq və ya 1 illik ola bilər. Layihə planı və addımlar layihə yaradan müəllimlərin öz seçimləri əsasında formalaşır. Bu səbəbdən, “eTwinning” üzrə işləmək müəllimlər üçün rahat və çox faydalı olur.

Layihəyə qoşulan müəllimlər Bakı və 39 regionu əhatə edir. Paytaxtdan sonra regionlar arasında ən fəal bölgələr – İsmayıllı, Sumqayıt, Gəncə və Lənkərandır. Hər ilin may ayında “eTwinning” çərçivəsində xarici müəllimlər ilə yerli müəllimləri görüşdürmək, əməkdaşlığı artırmaq və müəllimlərin peşəkar inkişafını təmin etmək məqsədi ilə Bakıda Əlaqələndirici seminar təşkil olunur. 3 gün davam edən seminarda xarici müəllimlərlə birgə layihə mətnləri, planları hazırlanır, layihədə işləmə üzrə təlimlər təşkil olunur və müxtəlif alətlərindən istifadə üzrə xarici və yerli ekspertlər tərəfindən kurslar keçirilir. Eyni formatlı seminar hər ilin noyabr ayında Respublikanın regionlarında keçirilir. Regional konfransda məqsəd daha çox region müəllimlərinin fəallığını təmin etmək məqsədi ilə təşkil olunur. Müəllimlərin fəallığı və kəmiyyət göstəricilərinə uyğun olaraq layihə səfiri – ambassador seçilir. Hal-hazırda 5 ambassador fəaliyyət göstərir. Ambassadorlar “eTwinning Azərbaycan” mərkəzinə təlimlərin təşkili, layihənin təşviqatı, müəllimlərə dəstək və digər sahələrdə kömək edirlər.

Layihəyə üzv olan müəllimlərin uğurları və əldə etdikləri biliklər qoşulmaq istəyən yeni müəllimərin əsas motivasiya obyekti olur.

-Layihə çərçivəsində tədrisdə hansı yeniliklər tətbiq edilir və inkişaf üçün nə kimi şərait yaradılır? Layihənin səmərəliliyi barədə məlumat verərdiniz.

-Müəllimlərin “eTwinning Plus” portalındakı fəaliyyəti mütəmadi olaraq izlənilərək müxtəlif mükafatlandırma mərasimləri təşkil olunur. Müəllimlərin yaratdıqları layihələr “eTwinning” Avropa Mərkəzi tərəfindən qiymətləndirilərək 3 mərhələli müsabiqə keçirilir. Layihəsi hər 3 mərhələdən uğurla keçən müəllim il sonunda Avropanın hər hansı bir ölkəsində təşkil olunan yüksək səviyyəli  mərasimdə “eTwinning” Avropa rəhbəri tərəfindən təltif olunur. Eyni zamanda, qaliblər üçün 3 günlük üzbəüz beynəlxalq təlimdə iştirak etmək hüququ verilir.  İlkin 2 mərhələdən keçən müəllimlər üçün isə beynəlxalq səviyyəli Avropa sertifikatı verilir. Bununla yanaşı, qabaqcıl müəllimlər “eTwinning” layihəsi çərçivəsində təşkil olunan müxtəlif beynəlxalq tədbirlərdə, illik konfrans və seminarlarda iştirak edirlər. İl ərzində təqribən 10-15 müəllim xaricə təlimə göndərilir. Təlimlərdə iştirakla bağlı bütün xərclər “eTwinning” layihəsi çərçivəsində təmin olunur.

Layihə portalında onlayn şəkildə, tədris yerini dəyişmədən də beynəlxalq kurslara və təlimlərə qoşulmaq mümkündür. Portalda müəllimlərin iş saatlarına uyğun şəkildə təşkil olunan 500-600 təlim proqramları vardır. Bu onlayn tədbirlər qısa müddətli (3-5 günlük), uzun müddətli (1-2 aylıq) və periodik (hər həftənin təyin olunmuş günündə olmaqla bir neçə ay davam edərək) ola bilər. Təlimlərin mövzuları tədris fənninə, xüsusi mövzulara, dil biliklərinə, İKT biliklərinə uyğun olaraq təşkil olunur. Onlayn təlimlərin sonunda beynəlxalq sertifikatlar müəllimin email ünvanına və ya poçt vasitəsi ilə göndərilir.

“eTwinning”in müəllimlər üçün təmin etdiyi bu şəraitlərin nəticəsi heç şübhəsiz ki şagirdlərin təhsilində öz əksini tapır.

Yaxın gələcəkdə layihənin Azərbaycanda növbəti addımları haqqında nə deyə bilərsiniz?

-Layihənin növbəti 2 il (2019-2020) üzrə fəaliyyət planı artıq təsdiq olunub. Plan üzrə layihənin ölkə ərazisində əhatə dairəsinin genişləndirilməsi, daha çox müəllimin beynəlxalq təlimlərdə iştirakının təmin edilməsi və şagirdlərin cəlb olunacağı beynəlxalq və yerli layihələrin sayının artırılması nəzərdə tutulub. 2020-ci ilin may-iyun ayında 10 ölkənin Təhsil Nazirliyi nümayəndələrinin və müəllimlərin iştirakı ilə Əlaqələndirici seminarların təşkili nəzərdə tutulub.

Eyni zamanda, cari ilin noyabr ayında Lənkəran şəhərində regional konfrans təşkil olunacaq. Layihə çərçivəsində müəllimlərin bacarıqlarının artırılması əsas məqsədimizdir. Bacarıqlı müəllimlər bacarıqlı və özünə əmin  şagirdlər yetişdirir. Gələcəyimiz olan şagirdlərin inkişafı üçün “eTwinning” kimi beynəlxalq təhsil layihələrin həyata keçirilməsi önəmlidir.