Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-20 10:48:35
Orta və ali məktəblərdə dərs demiş Milli Qəhrəman: “Həmişə soruşurdular ki, o adı necə almısınız?”

Azərbaycan Milli Qəhrəmanı Vahid Quliyev 1955-ci ildə Cəbrayıl rayonunun Qumlaq kəndində anadan olub. Uşaqlıq illəri Niyazqullar kəndində keçən Vahid Quliyev 1972-ci ildə Zəngilan rayonunda Hacallıkənd orta məktəbini bitirib. 1974-cü ildə ordu sıralarına çağırılıb. 1976-cı ildə hərbi xidmətini başa vurub.

Qarabağ savaşları ilə əlaqədar, 1992-ci ilin avqustunda Yasamal rayon Hərbi Komissarlığına gələrək, yenidən cəbhəyə göndərilməsini xahiş edib. Arzusunu nəzərə alıb, onu bir zabit kimi döyüş xəttinə yola salıblar. Vahid Quliyev sentyabrın 7-də Ağdam istiqamətindən döyüşə girir və düşmənin bir tankını vuraraq  erməni hücumunun qarşısını alıb. Onu oktyabrın 14-də Qubadlıya göndərirlər. Burada da rəşadətlə vuruşaraq düşmənin bir neçə döyüş texnikasını və xeyli canlı qüvvəsini sıradan çıxarıb.

28 fevral 1994-cü ildə  yenidən Ağdam döyüş bölgəsinə dönən Vahid Quliyev xidmətə başlayan gündən atəşkəs elan olunana qədər düşmənin on zirehli texnikasını sıradan çıxarıb.

Göstərdiyi şücaətlərə görə Azərbaycan Resbublikası Prezidentinin 9 noyabr 1994-cü il tarixli fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif olunub.

Beləliklə, bir müddət pedoqoji fəaliyyətlə də məşğul olan Vahid Quliyev orta məktəbdə müəllim işləyən Milli Qəhrəman kimi yaddaşlarda qalıb.

O, AzEDU.az saytına bu günədək olan fəaliyyəti haqda məlumat verib:

 “Hazırda müəllim kimi fəaliyyət göstərmirəm. Amma vaxtilə ali və orta məktəblərdə pedoqoji fəaliyyətlə məşğul olmuşam. Bakı Dövlət Universitetinin Fizika fakültəsində təhsil almışam. Universiteti bitirəndən sonra təyinatım üzrə üç il Laçındakı Yuxarı Fərəcan kəndindəki orta məktəbdə çalışdım. Üç il sonra isə zavodda işə düzəldim. Bir müddət mühəndis, sahə rəisi işlədim. Sonra Qarabağ müharibəsi başlandı. 1992-ci ildə müharibəyə getdim. Müharibədən qayıtdıqdan sonra 1996-cı ildə Bakı Dövlət Universitetinin hərbi kafedrasında dərs demişəm. 1996-cı ildən 2000-ci ilədək burada müəllim kimi çalışmışam. 2002-ci ilin oktyabr ayınadək isə Heydər Əliyev adına Ali Hərbi məktəbdə işlədim. 2002-2007-ci illərdə isə Silahlı Qüvvələrin Təlim-Tədris mərkəzində fəaliyyətimi davam etdirmişəm”.

O, bir neçə il əvvələ qədər dərsliklərdə vətənpərvərlik mövzularına o qədər də yer verilmədiyini açıqlayıb:

“Düzü, son vaxtlar dərsliklərə o qədər də nəzər yetirməmişəm. Amma sonuncu dəfə  bir neçə il bundan öncə kitablara baxmışam, o  zamanlar vətənpərvərlik mövzularına o qədər də yer verilmirdi. Məsələn, müharibədə, döyüşlərdə iştirak edən insanlar haqqında sovet kitablarıında var idi, amma bizdə yox. Milli qəhrəmanlar haqqında indi orta məktəb kitablarında nə isə varmı? Mən bilən, yaxın zamanlara qədər yox idi. Son vaxtların kitablarından isə məlumatsızam. Bəlkə də indi proqrama salınıb. Amma kitablarda vətənpərvərlik mövzularına yer verilməsi çox yaxşı olardı”.

Vahid Quliyev pedoqoji fəaliyyəti dövründə müəllim işləyən Milli Qəhrəman kimi ona olan münasibətdən də danışıb:

“Müəllimin Milli Qəhrəman olduğuna görə nə imtiyazı ola bilər ki? Müəllim kim olmasından asılı olmayaraq, dərsi qarşısındakı  şagirdə çatdırmalıdır. Milli Qəhrəman olanda bəyəm dərs demirlər?! Kollektivin, şagirdlərin münasibətinə gəldikdə isə deyə bilərəm ki, şagirdlərimin Milli Qəhrəman kimi mənə münasibəti çox  xoş olub. Həmişə Milli Qəhrəman fəxri adını nəyə görə aldığımla maraqlanırlar.  Soruşurlar ki, necə oldu müharibəyə getdiniz? Bu kimi suallar verib maraqlananlar çox olur”.

O, şagirdlərin vətənpərvərlik duyğularının inkişaf etdirilməsi üçün gördüyü işlərdən də söz açıb:

“Mən Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin üzvüyəm. Şagirdlərdə milli vətənpərvərlik duyğularının artırılması məqsədilə onlarla davamlı görüşlər keçiririk. Keçirilən görüşlərin əksəriyyətində iştirak edirəm. Məsələn, sonuncu dəfə elə dünən Şirvan Mədəniyyət Evində olmuşam. Burada şagirdlərlə görüşdüm. Bu gün də Binəqədi rayonunda tədbirimiz var. Təəssüf ki, mənim vacib işim olduğuna görə gedə bilmədim. Sabah Mərdəkandakı tədbirdə iştirak edəcəm. Yəni, davamlı olaraq məktəblilərlə ünsiyyətdə oluram. Onlarla müharibə haqqında danışırıq. Etdiyimiz söhbətlər onların vətənpərvərlik ruhunda böyüməsinə xidmət edir.

Görüş zamanı şahidi oluram ki, şagirdlərdə vətənpərvərlik duyğuları pis deyil. Mənə elə gəlir ki, 1990-cı ilərdə qaçqınlıq, məcburi köçkünlüklə əlaqədar olaraq təhsilimizdə bir qədər çatışmazlıqlar oldu. O vaxtlar müharibə səbəbindən müəyyən boşluqlar yaranmışdı. Amma son vaxtlar dövlətin məktəblərə olan qayğısı özünü göstərir. Vətənpərvərlik getdikcə yüksəlir. Hazırda bunu qənaətbəxş hesab etmək olar”.

Bir vaxtlar uçuq-sökük kənd məktəblərində dərs deyən Vahid müəllim hazırda vəziyyətin  qənaətbəxş olduğunu deyib:

“O vaxtlar rayon məktəbləri, uçuq, sınıq-salxaq vəziyyətdə idi. Müəllim çatışmazlığı dağ kəndlərində xüsusilə hiss olunurdu. Mənim ixtisasım fizika olsa da, müəllim çatışmazlığı olduğuna görə riyaziyyat, tarix, coğrafiya və digər fənlərdən də dərs deyirdim. Müəllim yox idi, məcburən dərsi kitabdan oxuyaraq uşaqlara başa salmağa çalışırdıq. O vaxtlar şagirdlərin dərsə marağı çox, mənimsəmə qabiliyyəti yaxşı idi. Kadr çatışmazlığına baxmayaraq, dərs heç də keyfiyyətsiz alınmırdı. 

Müsahib sonda Milli Qəhrəman olmasını nəzərə alaraq, təhsil sistemində yaranan hər hansı problemin həllinə yardımla bağlı ona müraciət edilib-edilməməsindən də danışdı:

“Məndən bir Milli Qəhrəman kimi təhsildə olan hansısa problemlə bağlı kömək istəyən olmayıb. Təqaüdə çıxandan sonra məktəblərə gedirəm. Son vaxtlar belə halın şahidi olmamışam. İndi rayonlarda elə məktəblər tikilib ki... Narazılıq olduğunu düşünmürəm. Qalan işlər isə şagirdlərin özlərindən və oradakı müəllimlərin fəaliyyətindən asılıdır”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları