Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-19 12:38:00
Psixoloq: “İntiharın qarşısının alınması üçün ən birincisi uşağı dinləmək, onunla söhbət etməkdir”  

Sosial şəbəkələrdə və KİV-də 109 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi F. Ə.-nin intihara cəhd etməsi ilə bağlı yayılmış xəbərlər geniş müzakirə olunur. Bu müzakirələrdə bəzi müəllimlər haqqında da müəyyən ittihamlar səsləndirilir. AzEdu.az bununla bağlı məktəbin adıçəkilən müəllimləri ilə görüşüb onların məsələ ilə bağlı fikirlərini öyrənib.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Bahar Haqverdiyeva bildirib ki, baş vermiş hadisədən dərin təəssüf hissi keçirir. O, həmin şagirdin sinif rəhbəri olmaqla yanaşı, onlara Azərbaycan dili və ədəbiyyat dərsini də tədris edib:

“Onun belə bir addım atmasına hələ də inana bilmirəm. Valideyni də vaxtaşırı məktəbdə olurdu. Bu dərs ilində fənlər üzrə qiymətlərində kəskin fərqlər olmamışdı. Özünün çalışqanlığı və intizamı yerində olsa da, kiçik diqqətsizlik və laqeydlik səbəbindən bəzi fənlərdən zəif nəticələri də olurdu. Bunlarla bağlı tövsiyələrimi özünə və valideyninə də bildirmişdim.

Müəllimlər həmin gün də dərsdən çox sakit halda evlərinə getdiyini söyləyirlər. Evə gedəndən sonra belə bir addım atması mənim üçün çox gözlənilməz oldu və məni çox kədərləndirdi”.

Onun sözlərinə görə, şagirdi hadisədən əvvəl də uşaqlarla da normal ünsiyyət qurmağa meyilli olub. Sinif yoldaşlarının bu hadisədən təsirlənməməsi üçün onlarla da mütəmadi söhbətlər aparılır, psixoloji dəstək göstərilir:

“Hadisədən sonra məktəb rəhbərliyi, psixoloq, Uşaq Birliyi Rəhbəri ilə birlikdə şagirdimiz və valideynləri ilə görüşdük. Onunla söhbət apardıq. O, elədiyi hərəkətə görə özünün də peşman olduğunu bildirdi. Anası ilə təklikdə də görüşüb müvafiq  tövsiyələrimizi bildirdik. Əsas tövsiyələrimiz ondan ibarət oldu ki, bundan sonra valideynlər müəllimlərlə daha sıx ünsiyyətdə olsunlar. Həmçinin qarşılıqlı olaraq, şagirdimizə daha həssas münasibətin göstərilməsiniqərarlaşdırdıq.

Yəqin ki, bundan sonra valideynlərlə işin daha da gücləndirilməsi, şagirdlərin psixoloji dayanıqlığının möhkəmləndirilməsi və daha səmərəli ünsiyyət mühitinin yaradılması istiqamətində fəaliyyətimizi artırmalıyıq.

Hər bir uşağı doğma övlad gözündə görürük. Hər valideyn birgə yetişdirdiyimiz övladların gələcəyi üçün zəhməti olan, bu yolda müəllimlə birgə çalışan əsas dayağımızdır”.

Nigar Məmmədova isə 5-ci sinifdən ona İnformatikanı tədris edir:

“Onu çalışqan, mehriban bir şagird kimi tanıyıram. Belə bir addımı biz müəllimləri çox sarsıtdı, çünki ondan bu addımı gözləmirdik. Çünki o, çox düşüncəli, müəllimlərlə səmimi bir qızdır. Həmçinin müəllimlərin də ona münasibəti çox yaxşıdır”.

Müəllim  bildirib ki, hadisədən sonra xəstəxanaya gedərək şagirdinin vəziyyəti ilə maraqlanıb:

“Onun səhhəti üçün çox sarsıntı keçirdiyimi, narahat olduğumu valideynlərinə bildirdim. Məktəb rəhbərliyi, sinif rəhbəri və məktəbin digər əməkdaşları ilə birgə evlərinə də getdik, onunla xeyli söhbət etdik, mənəvi-psixoloji dəstək göstərdik. Bu görüşdə şagirdimiz də bizdən ötrü çox darıxdığını və etdiyi hərəkətdən çox peşman olduğunu bildirdi.

Bu hadisənin gözlənilməzliyinin təəccüb və həyəcanından hələ də çıxa bilməmişik. Ancaq düşünürəm ki, bu hadisədən bütün kollektivimiz və valideynlər nəticə çıxarmalıdır. Bundan sonra istər uşaqlar, istərsə də valideynlərlə əlaqələrin daha da genişləndirilməsinə çalışacağıq”.

Qeyd edək ki, 109 nömrəli tam orta məktəbdən 30 aprel 2019-cu il tarixində təxminən saat 20:30 radələrində V sinif şagirdinin valideyninin məktəb direktoruna övladının evdə dərman qəbul edərək zəhərləndiyini deməsi bildirilmişdi. Evə təcili tibbi yardım çağrılmış,  uşaq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilmişdi.

Yeniyetmə müalicə prosedurlarından sonra evə buraxılıb.

Bəs görəsən, niyə uşaqlar bu yaşda intihar edirlər? 

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi"nin psixoloqu Nigar Məmmədova uşaq intiharlarının səbəblərini açıqlayıb.

Psixoloq mətbuataa açıqlamasında bildirib ki, insan üçün 3 böhran yaş dövrü var: “3 yaş, 6-7 yaş, bir də yeniyetməlik yaşı, hansı ki intihara cəhd edilən dövrdü. 3 və 6 yaşda ailə münasibətlərində alınan travmalar özünü yeniyetməlik dövründə göstərir. Bunlar hansılardır? Ailənin uşağa ayıra bilmədiyi düzgün olmayan zaman, bir də ailənin uşağa əsassız davranışıdır. Baxın eqosentrizim dövründən başlayaraq, həm ailə olaraq qayda-qanunlar qoyulmalıdır, həm də eyni zamanda uşaq öz məsuliyyətinin fərqində olmalıdır”.

N.Məmmədova yeniyetmələrdə intiharın kökündə duran səbəblər barədə danışarkən qeyd edib ki, uşağın ağlamağını gözləmək lazımdır. “Uşaq ağlayan zaman “sən ağlama, qışqırma, bunu eləmə” demək düzgün deyil, bu zaman uşaqda basdırılmış hisslər yaranır. Bununla biz uşağa “sən hisslərini biruzə vermə” deyirik. Amma o hisslərini biruzə verməlidir. Məsələn; ağlamağın gəlirsə ağla, səni dinləyirəm, yəni sən ağlaya bilərsən, sənin  nə hiss keçirdiyini mən başa düşürəm, səni anlayıram, sən içindəki hissini ağlamaqla biruzə ver. Uşaq sakitləşəndən sonra artıq valideyn onunla danışmalıdır: mənim sənin ağlamağımda olan səbəb nədir, sən məndən niyə incidin, mən sənə onu niyə izin vermədim, izin versəydim sənin üçün hansı ziyanlı şeylər ola bilərdi? Qısacası, bu gün baş verən bütün ailə, uşaq, məktəb problemlərin kökündə ünsiyyətsizlik durur. Evin içində hamı bir-biriylə votsaplaşır, heç kim bir-biriylə üz-üzə söhbət etmir, əksəriyyət zombi kimi telefonun içindədir. Ata, ana telefona baxır, uşaq da həmçinin. İnandırım sizi, biz telefonu deyil, telefon bizi alır, bizi özünə əsir edir. Buna görə də bizim münasibətlərimiz itir. Biz buna görə həyəcan, stress yaşamalıyıq, çünki uşaqla danışmır, “sus, kəs, sus, kəs” deməklə uşağı susdururuq, o isə susur və kəsir. Amma zamanı gələndə uşaq içinə atdığı “sus”maqları, “kəs”məkləri, ağlamaqları, qışqırmaqları davranışlarında biruzə verməyə başlayır. Bu gün ortaya çıxan hər bir qarşıgəlmə, narahat hal vaxtında basdırılmış duyğulardır. O, ailənin sus, kəs, danışma, dinmə, ağlama, ya da qışqırma deməyindən qaynaqlanır. O vaxtında qışqırmalı, sonra həmin qışqırığının izahı verilməli və sakitləşməli idi. Onun içinə atılmış, basdırılmış duyğuları gələcəkdə stressə gətirib çıxarır və bütün orqanları, eyni zamanda hissləri və düşüncələri məhv edir. Cəmiyyətə qarşı inamsızlıq, aqressiya yaranır.

Uşaq hirslənməyi də bilməlidir, ağlamağı da. Bunlar bizim duyğularımızdır, bunları yaşamasaq, biz cəmiyyət içində insan ola, formalaşa, bişə bilmərik. Ona görə də istər uşaq, istər böyük olsun, onların hər bir kəslə ünsiyyət qurmaq, bir-birini dinləmək, anlamaq, hiss və duyğularını rahat formada yaşamasına izin vermək lazımdır. Vaxtında ağlasın ki, gələcəkdə ağlamağın əvəzinə intihara cəhd etməsin”.

Psixoloqun sözlərinə görə, İntihara cəhdlər əslində “məni eşit, məni dinlə, mənə zaman ayır, mənim hisslərimin fərqinə var, mən də varam” deməkdir. 

“Yuxarıda qeyd etdiyim kimi, nə qədər ki, basdırılmış, daxilə atılmış duyğuları uşaqda çoxaldaraq, zaman keçdikcə biz həmin diqqəti cəmiyyətdən istəməsi üçün uşağa şərait yaratmış oluruq. Bu gün səhv addım atan, gənc yaşında yaşlı adamla qaçan kəslərin çoxu evdə zaman ayrılmayan, diqqət və sevgi görməyən qızlardır. Həmin insanlar xoş sözə acdırlar və emossional boşluqda qarşılarına çıxan şəxsdən xoş sözlər eşidir və onun üçün dəhşət arzuolunan və təkrarsız bir simaya çevrilir. Bəzən insanlardan eşidirik, deyirlər bu qız özünə aid olmayan belə bir insanı necə seçib? Yəni seçdiyi insan heç də yaxşı biri deyil, kriteriyalar uyğunlaşmır, amma onunla birlikdədir, çünki kökündə yuxarıda sadaladığımız səbəblər durur. Alınmayan sevgi başqa bir obraza köçürülür. Məsələn, atadan alınmayan sevgi hansısa bir oğlanın üzərinə köçürülür. Atadan gözlədiyi sevgini oğlandan istəyir, təbii ki, o da qızın atası ola bilməz. Odur ki, oğlan bir az qayğıkeş davranmadıqda, diqqət göstərmədikdə, qız süuraltı atanı istəyir. Bu zaman qız qarşı tərəfə qıcıqlanmağa başlayır. Yəni kimisə başqa birisinin üzərinə köçürmək, qarşındakını hər hansı mənəvi boşluqdan dolayı seçmək bu gün ailə və sevgi münasibətlərində də var və çoxunun sonlanmasına səbəb olur.

Bu hallar məktəb dövründə də üzə çıxır, evdə anadan münasibət görməyən uşaq müəllimədən diqqət istəyir, ya da çoxlu dost axtarışında olur. Bunun da kökündə yenə ailənin uşağı kifayət qədər dinləməməsi, yanında olmaması durur. Uşaq içindəki hisslərini başqalarıyla bölüşməyə məcbur buraxılır.  

Adətən yeniyetmələr üçün istifadə olunan bir söz var: “beyni qan”lı olurlar. Yəni  3-cü böhran yaş dövrü ən ağır və kritik dövrdür. Nəzərə alsaq ki, bu yaşda hormonal proseslər baş verir, qızlarda aybaşı dövrü başlayır, oğlanlarda hormonal olaraq səs dəyişimi, bədənin formalaşması, görüntüdə dəyişikliklər olur deyə, bütün bunlar onların kompleks yaşadıqları dövr sayılır. İntihar halları da ən çox bu dövrdə olur. Onsuz da onlar çox həssasdırlar, necə deyərlər, yanmağa hazır barıt kimidirlər. Həssas dövrdə deyilən hər hansı mənfi söz və iradlar onlara pis təsir edir. Bunu bir az valideynlər, bir az da cəmiyyət olaraq alovlandırsaq, yeniyetmələrin üzərlərinə düşsək, proses daha da ağırlaşır, onlar üçün mənfi həyat tərzinə gətirib çıxarır. Məsələn; atasının dərmanını içərək intihara cəhd edən uşaq, niyə məhz atasının dərmanını seçib? Niyə məhz görünən yerdə? Bir şeyi qeyd edim: intihar edən şəxs əgər şüurlu şəkildə həqiqətən ölmək istəyirsə, bunu o qədər gizlin, səssiz, səmirsiz, kimsə olmayan yerdə edər ki, heç kim onu görməsin, qurtarmasın, əksinə o canını qutarsın. İntiharda məntiqli cəhd edən kəslər yalnız böyüklər ola bilər. Amma özünü körpüdən atan, qatarın altına ataraq intihra edən kəslər, diqqət edin cəmiyyətə vurğu edirlər. Bu nədir? Cəmiyyəti cəzalandırmaqdır: “bax siz məni dinləmədiniz, başa düşmədiniz, mən sizi cəzalandırıram ha. Məni görün”.  Bu o deməkdir. Həqiqətən də intiharı düşünən şəxs heç vaxt cəmiyyət içində, görünən yerdə intihar etməz. Lakin cəmiyyət qarşısında intihar edənin bir tərəfi “mən intihar edəcəm” deyir, amma 90 faizi “ordan düşən kimi qaçıb məni xilas edəcəklər, mənə yazıqları  gələcək” deyə ümid edir. Bax bütün bunların kökündə ödənilməyən mənəvi tələbatlar, qarşısı alınmış duyğular və dinlənilməyən uşaqlar, çoxlu-çoxlu iradlar durur. Bu gün uşaqları intihara sürükləyən ən böyük səbəblər bunlardır.

Bəs intihar düşüncəsində olan uşaqlara necə kömək etmək olar?

N.Məmmədova bildirib ki, uşaqlara kömək etmək üçün ilk olaraq biz hər zaman ailələri önəmli bilirlər. 

“Ən birinci ailənin onları dinləməsidir, inanın o qədər sadə bir şeydir. Gec belə olsa, neçə yaşı olursa olsun uşaq dinlənilməlidir. Uşağı valideyn dinləməsə, uşaq danışmaq istədiyini, duyğusunu cəmiyyətə deyə bilmir deyə, davranışsal olaraq göstərir. Çünki insanın hissləri düşüncəyə, düşüncə davranışa çevrilir. Kimin vaxtı varsa hisslərdən başlasın. Məsələn; bu gün siz  mənə nəsə aqressiv hərəkət edə və ya dəftəri stolun üstünə ata bilərsiniz. Mən sizə “dəftəri niyə belə atdın? Dəftərin belə atılması düzgün deyil” deyəcəm. Amma mən soruşmayacam “siz o an nə hiss edirdiniz, nə düşündünüz ki, düşüncəniz bunu hərəkətə çevirdi?”. Hərəkət ən axırıncı mərhələdir. Göstərdiyimiz hərəkət, davranış pozuntusu, qarşıgəlmə, qışqırmaq ən axırıncı mərhələdir. Bunun kökündə isə bizim əvvəldən basdırılmış hisslərimiz durur. Yəni bu gün ailələr uşaqların duyğularını “ağlama, qışqırma, sus, danışma” deyərək basdırmağa çalışır. Əksinə uşaqlara “ağla və sonra fərqinə var ki, ağladığın şey əslində ağlamağa layiq deyildi, amma sən ağlamaq istəyirdinsə ağlaya  bilərsən”deməliyik.  

Çox vaxt deyirlər ki, uşağa etinasız yanaş, kənarda qal. Xeyr, onda uşaq eqoist olur. O, ağladığı, qışqırdığı zaman kənarda qalmır, sadəcə həmin an onun hisslərini yaşamasını gözləyirik, sakitləşəndən sonra qətiyyən izahsız qoymamalıyıq. Uşağı qucaqlayıb öpməzdən əvvəl birinci izah olunur, “mən səni anlayıram” deyirik və heç vaxt uşağa yuxarıdan aşağı yox, onun səviyyəsinə enib göz kontaktı qurmaq lazımdır. Yuxarıdan aşağı danışmaq hər zaman uşağa əmredici mövqedir. Şüuraltı yuxarıdan aşağını,  “ma” və “mə" inkar şəkilçisini qəbul eləmir. Şüuraltı hər zaman inkarı eşitmir. Məsələn, eləmə deyirsənsə, elə başa düşür. Ümumiyyətlə, beyin uşaqlarda elə kodlanıb. O da bizim aqressiyamızı cəzalandırmaq üçün təbii ki, davranış pozuntusu fonunda da çıxış edir.

İntiharın qarşısının alınması üçün ən birincisi uşağı dinləmək, onunla söhbət etməkdir. Valideyn münasibəti tənzimləyə bilmir, 11-12 yaşına qədər heç bir psixoloji iş görməyibsə, artıq psixoloq dəstəyi almağa məcburdur. Əmin olun ki, ona dəstək olacaq, kökünü tapacaq, hər şey həm uşağa, həm də valideynə bəlli olacaq. Çünki uşaq düşünür ki, bu dünyada ancaq təcrid olunmuş, sevilməyən, arzuolunmaz şəxs odur. Dünya bir tərəfə durub, hamı ona qarşıdır. O yalnız bunları düşünür. Amma istək və duyğular, müəyyən yaşanmış hisslər vaxtında qarşılıqlı müzakirə olunarsa, gələcəkdə intihar halları kimi mənfi formalara gətirib çıxarmaz. Əlbəttə, buna cəhd edən uşağın mütləqdir ki, hansısa doyumsuzluğu var.

İkincisi, müəllim-cəmiyyət münasibətlərində pozulmalardır. Bu gün bir uşaqda cəmiyyətdəki stressə davamsızlıq varsa, kökü ailədən gəlir. Biz nə ediriksə edək cəmiyyəti, məktəbdəki 30 uşağı, neçə illik əməkdar müəllimin xarakterini düzəldə bilmərik. Biz ancaq uşağın stressə davamlılığını artırmalıyıq: “sən sabah əsgərliyə gedəcəksən, orda komandir sənə qışqıranda ağlamalı deyilsən?! Sən artıq buna dayanıqlı olmalısan”. Necə ki bədən xəstəliyə davamlı olsun deyə immuniteti artırırıq, eləcə münasibətlərdə də immuniteti artırmaq vacibdir. Əlbəttə, bütün günü əzizlənən uşaq sabah əsgərlikdən də, Vətəni qorumaqdan, kiminləsə dost olmaqdan, kiməsə söz deməkdən də qorxacaq. Çünki bu insan özü sərbəst qərar verə bilmir, onun yerinə ancaq ailə qərar verir”.

QEYD: Bu yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Yeni sistemlə imtahan verən abituriyentlərə onlayn psixoloji yardım xidmətinin təşkili” layihə çərçivəsində hazırlanıb.