Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-20 09:52:00
Fəlsəfədə oxuyanlar niyə islam dinindən uzaqlaşırlar? - RƏYLƏR

Azərbaycanda Fəlsəfə fakültələrində təhsil alan tələbələrdə ateizm, deizm, panteizm və digər fəlsəfi təlimlərə meyllilik müşahidə olunur. Mütəxəssislər hesab edir ki, tələbələr dünyagörüşünün müxtəlif formaları ilə tanış olduqca ya ateist olurlar, ya da digər fəlsəfi təlimlərin mühakimələrini qəbul edirlər. Azərbaycan dünyəvi dövlət olsa da, burada yaşayan insanların bir çoxunun islami təfəkkürə sahib olduqlarını nəzərə alsaq, ateizm, deizm və digər fəlsəfi cərəyanlara marağın olması cəmiyyət tərəfindən birmənalı qarşılanmır.

Məsələ ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) fəlsəfə kafedrasının baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Leyla Nəzirzadə AzEdu.az-a açıqlamasında bildirib ki, bu fakültədə təhsil alan tələbələr ilkin mərhələdə yeni konsepsiyalarla tanış olduqları üçün normal olaraq beyinləri qarışır:

“Filosoflarda dinə, tanrıya münasibət fərqli olduğundan, tələbələrdə müxtəlif anlayışlar formalaşır. Bütövlükdə isə bütün fəlsəfə ixtisasında təhsil alan tələbələr ateizmə meylli olduğunu söyləmək düzgün olmaz. Tələbələrdə daha çox deizmə meyllilik müşahidə olunur. Bu şübhə mərhələsidir. Təhsilin yuxarı pillələrində hər şey konkretləşir. Tələbə ya atesit olur, ya da olmur. Səbəblər isə müxtəlifdir. Mühit qəfildən dəyişir, ailə mühitindən elmi mühitə girirsən, müxtəlif dünyagörüşə malik professorlar, alimlərdən dərs alırsan. Dünya filosoflarının fikirləri ilə tanış olursan. Təbii ki, dünya, tanrı, onun varlığı haqqında fikirlərin özü də qarışıq və müxtəlifdir. Bu ziddiyyət də normal olaraq tələbələrdə şübhələr yaradır”.

Leyla Nəzirzadə onu da qeyd edib ki, dərs zamanı İslami təfəkkürlərini qoruyub saxlayan tələbələr də az deyil: “Dərs dediyim zaman “əstəğfürullah” deyə reaksiyalar olur. Təsəvvür edin, eramızdan əvvəlki hər hansı hind fəlsəfi məktəbindən danışanda tələbələr “əstəğfürullah” deyir. Deyirəm ki, ay uşaqlar, söhbət eramızdan əvvəlki dövrlərdən gedir. Onda heç islam haqqında təsəvvürlər də yox idi”.

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin məzunu, jurnalist Tural İsmayılın sözlərinə görə, düzgün təhsil aldıqdan sonra seçim tələbənin özünə qalır: “Biri var balı çatmadığına görə fəlsəfə fakültəsinə daxil olanlar, biri də var abituriyent dönəmindən fəlsəfəyə meylli olub buranı seçənlər. Fəlsəfəni sevənlər yaxşı oxuyurlar və dünyagörüşünün bütün formalarını mənimsəyirlər. Fəlsəfə üzrə təhsil alanlara sırf ateizm tədris olunmur. Bizə dünyagörüşünün bütün formaları keçirilib. Tədris müddətində də tələbə ixtisasını sevərək oxuyursa, ateist də ola bilər, aqnostik də. Təhsil zamanı həm dini, həm materializmi öyrənirsən, özün üçün dünyagörüşü, fəlsəfi cərəyan müəyyənləşdirirsən. Yaxşı oxuduqdan sonra ixtisasının səndən tələb etdiyi fəlsəfi dünyagörüşü formalaşdırırsan. Bunun əsas səbəbi ixtisasını yaxşı oxumaqdan qaynaqlanır”.

Şair Aqşin Yeniseyin sözlərinə görə, ateizm, deizm, teizm və s. kimi idealist düşüncələr fəlsəfənin təməl prinsiplərini təşkil edir və fəlsəfə tələbələrinin bu düşüncələrə meyl etməsi təbidir: “Fəlsəfə XIX əsrin sonları XX əsrin əvvəllərinə kimi Avropada tanrının varlığına münasibət kimi öyrənilirdi. Yalnız Rassel kimi məntiq tərəfdarlarından sonra Avropa fəlsəfəsi idealist mövqedən uzaqlaşdı, avtoritarizm, dil, mətn kimi mövzulara yönəldi. Şərqdə isə bu gün də fəlsəfə ənənəvi mövzularla əlləşir. Məsələn, hindli Oşo Qərbdə yaşamasına baxmayaraq, boş-boş idealist fikirləri publisistik məhsula çevirməklə məşğuldur. Rasseldən sonra fəlsəfədə Oşonun peyda olması, traktordan sonra xışa qayıtmaq kimi bir şeydir. Təəssüf ki, bizim kimi allahmərkəzli ölkələrdə fəlsəfənin heç bir əhəmiyyəti yoxdur, çünki bütün istehsal olunan fəlsəfi fikirlər insanın gözəlliyinə deyil, allahın əbədiliyinə xidmət edir və reallıq budur ki, allahın gözəl sifətləri çox olan ölkələr eybəcər insan sifətləri ilə doludur”.

Qeyd edək ki, ateizm hər hansı ilahi bir varlıq olduğuna dair inancın rəddidir. Teizm kainatla Tanrı arasındakı əlaqəni aydınlaşdıran, mövcud kainatın yaranması və idarəsinə cavabdeh olan bir Tanrı anlayışını özündə əks etdirən, bu Tanrının müxtəlif yollarla din göndərdiyi fikrini müdafiə edən əqidədir. Bu yanaşmaya görə, Tanrı daima insanlarla əlaqə halındadır. Deizm Tanrının mövcudluğunu və kainatın onun tərəfindən yaradıldığını bəyan edən, lakin Tanrının insanlara və təbiətə müdaxiləsini, dinlərin Tanrı tərəfindən yaradılmasını inkar edən təlimdir. Satanizm şeytanı və ya şeytan simvolunu ucaldan və bəzi məzhəblərində şeytana inanmağı əmr edən dini-fəlsəfi cərəyan. Panteizm kainatın bütününü Tanrı olaraq qəbul edən fəlsəfi görüşdür. Panteizmdə, pan-enteizmdən fərqli olaraq hər şey Tanrının bir parçası olaraq qəbul edilir, Tanrı hər şeydir və hər şey Tanrıdır. Agnostisizm ya da naməlumçuluq, tanrının ya da tanrıların varlığının ya da yoxluğunun bilinə bilməyəcəyini nəzərdə tutan fəlsəfə axınıdır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları